PDF Oxu

Müxalifət

  • 59

AXP Müsavata "güc" göstərmək iddiasındadır

AXP Müsavata "güc" göstərmək iddiasındadır

Və ya Pənah Hüseyn qurultay keçirəcək, İsa Qəmbər isə fil qulağında yatıb

Müxalifət partiyalarının qurultay keçirmək "poblemlərinin" yaşanması siyasi gündəmdə qalan çoxdankı məsələlərdən biridir. Hələ bir neçə il öncə, AXCP-nin "islahatçılar" qanadının qurultay "problemi" yaşanmışdı. ALP, ADP, AMİP kimi siyasi təşkilatlarda da bu problem üzündən ciddi parçalanmalar yaşanmışdı. Maraqlıdır ki, hazırda Müsavat partiyasında da sözügedən məsələ süni olaraq siyasiləşdirilir. Aydındır ki, belə bir məqamlarda qurultayın qəsdən keçirilməməsi arxasında əsas həfədlərdən biri partiya rəhbərlərinin öz postlarını əldən vermək istəməmələridir. Yəni postun əldən verilməsi qrantların, maliyyə axınının qarşısının alınması anlamını daşıdığına görə, qurultaylar da vaxtında keçirilmir, yəni, qəsdən yubadılır. Bu baxımdan, AXP-nin qurultay keçirmək arzusu fil qulağında yatan İsa Qəmbərin oyanmasına səbəb olmadı. Çünki oyanmaq ona sərf etmir.

AXP "lideri"nin daha bir hədəfi Müsavat rəhbərliyidir

Və maraqlıdır ki, nəyə görə P.Hüseyn birdən-birə AXP-nin qurultayının keçirilməsinə qərar verib? Bəlkə o, yenidən "lideri" olduğu siyasi təşkilatın sədri vəzifəsini mənimsəmək arzusudur? Əslində, bu, elə budur ki, var. Onu da qeyd edək ki, P.Hüseynin AXP adlı partiyası 1995-ci ildə təsis edilmişdir. Büdcəsi qeyri-sabitdir və əsasən seçki dövründə formalaşır. İndiyədək 2 qurultay keçirib. Mövcud resursları zəifdir və seçkilərdə normal iştiraka imkan verəcək səviyyədə deyil. Ancaq buna baxmayaraq, gec də olsa qurultayını keçirmək istəyən P.Hüseyn bilavasitə "pərəstiş" etdiyi Müsavat başqanına "güc" göstərmək fikrindədir. Çünki onun hədəfi, əslində, AXP deyil, Müsavat rəhbərliyidir. Ancaq, hələlik, gizli mövqeyini açığa çıxarmaq istəyində olmayan P.Hüseyn "lideri" olduğu partiyanın sədri vəzifəsinə bərpa olunmağı düşünür. Çünki belə bir məqamda partiya sədri kimi digər müxalifət partiyalarına qarşı əks-reaksiyalar vermək daha asandır.

Müsavat başqanının başı ağrımağa doğru gedir

Və maraqlıdır ki, P.Hüseyn bu barədə nə düşünür? Mətbuata verdiyi açıqlamasında o bildirib ki, artıq oktyabrın 7-də AXP-nin qurultayı baş tutacaq: "Biz qərara almışıq ki, oktyabrın 7-də Xalq Partiyasının ikinci qurultayını keçirək. Bu qurultayda rəhbər orqanlar yenidən seçiləcək. Təbii ki, sədrliyə kimlərin namizədliyi olacaq, kim sədr seçiləcək məsələsini qurultay nümayəndələri müəyyən edəcək. Sədrliyə mənim namizədliyimin olub-olmayacağı məsələsinə gəldikdə isə deyim ki, bu, istisna deyil. Açığı, bu haqda fikirlər mətbuatda səsləndirilib. Mənim özümə də müəyyən təkliflər olunub. Amma bunların hamısı qurultayın səlahiyyətində olan məsələlərdir".

Söz yox ki, belə bir açıqlama fonunda müxalifətdə daha ciddi intriqaların baş verməsi gözlənilən haldır. Belə bir məqamda P.Hüseynin yenidən aktivləşməsi isə onun intriqant xüsusiyyətlərini daha qabarıq formada nümayiş etdirəcək. Bu baxımdan, P.Hüseynin qurultay sayəsində yenidən AXP-yə sədr seçilmək arzusu İ.Qəmbəri yatdığı yuxusundan oyatmasa da sonradan Müsavat başqanının həmin səbəbdən dolayı başının ağrıyacağını indidən proqnozlaşdırmaq olar.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər