PDF Oxu

Müxalifət

  • 55

Sərdar Cəlaloğlu İsa Qəmbərə 2003-ü xatırlatdı

ADP sədri həm AXCP-ni ittiham etdi, həm də Müsavatı ələ saldı

Sərdar Cəlaloğlu İsa Qəmbərə 2003-ü xatırlatdı

Müxalifət düşərgəsində qarşılıqlı intriqalar səngimək bilmir. Artıq vəziyyət o həddə qədər yetişib ki, partiya sədrləri ötən illərdə aralarında baş verən ziddiyyətləri, məğlubiyyət səbəblərini bir-birlərinə xatırlatmaqla yanaşı, törətdikləri oyunbazlıqlarını xalqa açılayacaqlarıyla da hədələməkdədirlər. Bu baxımdan, mətbuata açıqlama verən ADP sədri Sərdar Cəlaloğlunun müxalifət qütbünün digər tərəfindən fəaliyyət göstərən liderlərini ittiham etməsi maraqdoğurucu amillərdəndir.

Onu da xatırladaq ki, qonşu Gürcüstanda baş tutan seçkilərdən sonra, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı da vurğulamışdı ki, Azərbaycan müxalifəti gürcü müxalifətinin qələbəsindən əbəs yerə ruhlanır. Çünki müxalifətdə İvanişvili kimi lider yoxdur. YAP yetkilisinin sözlərinə haqq qazandıraraq, onun fikirləri ilə bölüşdüyünü deyən ADP sədri Azərbaycan müxalifətinin seçkilərə pərakəndə getdiyini və bu səbəbdən də məğlubiyyətə uğradığını etiraf edib: "Gürcüstanda da birləşmiş müxalifət qalib gəlib. Tək partiya seçkilərə qatılsaydı, əlbətdə ki, qalib gələ bilməzdi".

Sərdar Cəlaloğlu: "İctimai Palata" mənasız qurumdur..."

ADP sədri "vahid lider"in olmamasını da müxalifətdaxili ambisiyaların nəticəsi kimi qiymətləndirib: "Müxalifət, həmçinin, özünə "vahid lider" də müəyyənləşdirə bilmir... "Vahid lider"i müəyyənləşdirmək üçün əvvəlcə partiyaların koalisiyası yaradılmalıdır. Bizdə partiyalar bir-birilərindən çox uzaqda dayanıb. Müxalifəti öz ətrafında birləşdirmək istəyən AXCP və Müsavat partiyasının öz aralarında belə birlik yoxdur. Əgər "İctimai Palata"da iki partiya dil tapa bilmirsə, üçüncü partiya ora gəlsə, hansı vəziyyət yarana bilər? "İctimai Palata" yalnız AXCP və Müsavat partiyasının qərarlarını təqdir etməklə məşğuldur... "İctimai Palata" mənasız qurumdur. Prinsipial mübarizə imkanına malik olmayanları "palata"ya cəlb ediblər".

Eləcə də "İctimai Palata"dan kənarda yaradılan siyasi birliklərin ömrünün qısa olmasını da etitaf edən ADP sədri bunu sözügedən siyasi birliklərə ictimai təlabatın olmaması ilə əlaqələndirib: "Zərurət olmadığı halda ayrı-ayrı məqsədlərlə yaranan siyasi birliklər tez dağılır. Həmçinin, hər bir yeni yaranan siyasi birliyin arxasında hansısa partiya sədrinin prezident seçkilərində "vahid namizəd" olmaq istəyindən doğan sifariş də özünü göstərir... Təəssüflər olsun ki, "İctimai Palata"nın rəhbərliyində təmsil olunan şəxslər bu birliyin əldə olunması üçün lazımi addımlar atmadı. Bizə deyirdilər ki, "İctimai Palata"da birləşin. Onun mahiyyəti mənə çatmır. Hər hansı bir şey qeyri-demokratik yaradılıbsa, orada demokratik xidmət göstərmək mümkün deyil. "İctimai Palata" bir nəfərin beyninin məhsuludur. Onu kimlərəsə sıramaq düzgün deyil".

"Məcbur etməyin ki, hər şeyi deyim"

Onu da xatırladaq ki, Müsavat partiyasının başqanı İsa Qəmbər ADP-nin "Ümid" partiyası ilə müttəfiqliyinə qarşı çıxaraq, Sərdar Cəlaloğlunu ittiham etmişdi. Məhz həmin ittihama cavab olaraq, ADP sədri bildirib ki, əgər Müsavat partiyası 2005-ci il seçkilərindən sonra parlamentə gedəndə yaxşı olurdusa, "Ümid"in parlamentə getməsində hansı qəbahət ola bilər: "Kimləsə müxalifəti monopoliyaya almaq istəyirsə, bu, başqa məsələdir. Cəmiyyətin partiyalara qarşı münasibəti süni şəkildə formalaşdırılır. Azərbaycan ictimaiyyəti kimin yanlış, kimin doğru yolda olduğunu bilmir... Kimin hara işlədiyini mən yaxşı bilirəm. Məcbur etməyin ki, hər şeyi deyim".

"Böyük-böyük danışmaq deyil..."

S.Cəlaloğlu AXCP və Müsavatın ADP-nin zəif siyasi təşkilat olması ilə bağlı gəldikləri qənaətə də sualla cavab verib. O deyib ki, həmin partiyaların hansı fəaliyyəti onlarınkından uğurludur: "Əsas danışılan sözlər, şüarlar deyil, ortaya qoyulan nəticədir... Onlar hesab edirlər ki, Azərbaycandakı problemləri küçə aksiyaları, mitinqlərlə həll etmək lazımdır. Biz isə deyirik ki, xeyir, küçə mitinqləri effekt vermir. Bunu ərəb ölkələrində baş verən qanlı qarşıdurmaların yaratdığı nəticələrə istinad olaraq bildiririk. Ona qalsa, mən də sosial şəbəkələrdə özümə dostlar yığıb onları aldada, şirin vədlər verə bilərəm".

ADP sədri Müsavat başqanı İsa Qəmbərin 2003-cü il seçkilərindəki "Azadlığa qədər siz gəlin, ondan sonraya biz aparacağıq" lozunqunu xatırladaraq, istehza ilə bildirib ki, həmin şüarlar onu biabırçı məğlubiyyətə doğru sürüklədi: "Deyərəm ki, Azadlıq meydanına qədər gəlin, oradan sonra mənlikdir. Gələrlər tutularlar və sonra da onların azadlığı uğrunda mübarizəmi quraram. Real sayılan müxalifətin hədəfləri həmişə təkrar olunur. Mən isə belə siyasəti qəbul edə bilmərəm. İstəmirəm ki, Azərbaycan Misirin, Liviyanın və digər ərəb ölkələrinin vəziyyətinə düşsün. İnqilabdan sonra hakimiyyəti idarə etmək gücü bu gün heç bir müxalifət partiyasında yoxdur. Böyük-böyük danışmaqla deyil. Siyasət reallığı, düzgünlüyü sevir..."

MÜBARİZ QULİYEV

Digər xəbərlər