PDF Oxu

Müxalifət

  • 50

AXCP-Müsavat qarşıdurması KXCP-ni hərəkətə gətirib

Mirmahmud Mirəlioğlunun İsa Qəmbəri "ərkyana" ittiham etməsi Əli Kərimliyə sərf edir

AXCP-Müsavat qarşıdurması KXCP-ni hərəkətə gətirib

KXCP-də baş verən olaylar artıq hədəqəsindən çıxaraq, partiyalararası ixtilafların daha da kəskinləşməsinə şərait yaradıb. Belə ki, daha öncə məlum hadisələr pərdə arxasında cərəyan edirdisə, artıq bu amil aşkar olaraq gündəmə çıxmaqdadır. Onu da qeyd edək ki, "Demokratik Birlik Fraksiyası" adı altında birləşən narazı qüvvələrin AXCP ilə yaxınlaşmaq cəhdləri artıq Müsavat partiyası tərəfindən alınır. Yəni Müsavat yetkililəri, daha dəqiq desək, başqan İsa Qəmbər Əli Kərimlinin qarşısını almaqdan ötrü, fraksiyaçıların toplantılarını öz qərargahında keçirməyə imkan yaradıb. Təbii ki, bu da Ə.Kərimlinin seçkiöncəsi planlarına ciddi zərbə vurmaqdadır. Eyni zamanda, fraksiyaçıların "Demokratik Birliy"i müxalifət partiyasına çevirəcəkləri iddiasının planını da onlara Müsavat başqanı verib.

Müsavata nə baha başa gələ bilər?

Ona görə də, KXCP sədri Mirmahmud Mirəlioğlu Müsavat partiyasını, dolayısı ilə İ.Qəmbəri ali məclisin toplantısında ittiham edərək hədələyib: "Biz ərkyana Müsavat partiyasına mövqeyimizi bildirmişik və hesab edirik ki, bu məsələyə qarışmaq, dəstək vermək doğru deyil və hər birimizə baha başa gələr".

Lakin KXCP sədrinin hədələmələri cavabsız qalmayıb. Müsavat partiyasının yetkilisi Hüseyn Məlik İ.Qəmbərin dilindən M.Mirəlioğluya çatdırıb ki, KXCP sədrinin hədələri onlar üçün heç nədir: "...İstəməzdim ki, o, bu duruma düşsün. Onun "Demokratik Birlik" fraksiyasına, Müsavat partiyasına qarşı bu qədər aqressiyasını başa düşə bilmirəm... Burada məqsəd, xeyir nədir? Çox təəssüf edirəm ki, KXCP-nin son illər yürütdüyü siyasət onun müxalifət düşərgəsindən kənarda qalmasına səbəb olub".

H.Məlik onu da qeyd edib ki, M.Mirəlioğlu Müsavat partiyası ilə hədə dilində danışa bilməz: "... Əgər "Demokratik Birlik" fraksiyası Müsavat partiyası qərargahında toplantı keçirmək istəyəcəksə, onların müraciətinə müvafiq cavab veriləcək".

Hadisələr tez-tez dəyişə bilər

Göründüyü kimi, KXCP-nin Müsavatla qarşıdurmaya getməsi ən çox Ə.Kərimliyə sərf etdiyinə görə, "cəbhə" sədri aranı qarışdırıb və kənarda dayanıb. Yəqin ki, Ə.Kərimli son anda hər iki partiyaya ciddi zərbə vurmaq üçün plan hazırlayıb və bu planın tərkib hissəsi fraksiyaçıların AXCP-yə transferləri, KXCP və Müsavatın isə məhv edilməsindən ibarətdir. Ancaq unutmaq lazım deyil ki, həm KXCP, həm də Müsavat hazırkı durumlarına rəğmən, ötən dövrlərdə AXCP-yə qarşı birgə çıxışlar etmiş, Ə.Kərimlinin müxalifətdaxili addımlarının qarşısını almağa müvəffəq olmuşlar. Bu baxımdan, hadisələrin tez-tez dəyişəcəyini də indidən proqnozlaşdırmaq mümkündür.

R.Hüseynova

Digər xəbərlər