PDF Oxu

Müxalifət

  • 34

Başqanı bir sual düşündürür:olum, yoxsa ölüm?

Başqanı bir sual düşündürür:olum, yoxsa ölüm?

Bu gün müxalifət düşərgəsindəki vəziyyətin normallaşmaması arxasında partiya sədrlərinin avtoritar idarəçilik prinsipləri də dayanıb. Belə ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində son şanslarını əldən vermək istəməyən Əli Kərimli, İsa Qəmbər kimi "liderlər", əslində, həmin şanslarının çoxdan itirildiyinin fərqinə varmırlar. Bu baxımdan, Müsavat başqanı İsa Qəmbərin düşdüyü vəziyyət də sözügedən kontekstdəndir. Eyni zamanda, dağıdıcı müxalifətin seçkilərinə hansı formada, kiminlə və necə qatılacağına dair də konkret fikir yoxdur. Ancaq fikir ayrılığı yüksək istiqmətdə davam edir. Tərəflər ortaq məxrəcə gələ bilmədiklərindən nə vahid namizəd, nə də ki, vahid platforma məsələsilə bağlı dəqiq bir fikir söyləmirlər.

200 min nəfərlik hap-gop

Bu gün Müsavat və onun başqanı İsa Qəmbər cəmiyyətin siyasi aktivliyini təmin etmək əvəzinə, iqtidarla mübarizəsini facebook sosial şəbəkəsində aparmağa cəhd göstərir. Hələ bu azmış kimi, başqan və onun tərəfdarları Müsavata yaxınlığı ilə seçilən, facebook-da yaradılan "İstefa" qrupunun 200 min üzvünün olması ilə öyünürlər. Amma tərəfdaş kimi lazım olanda, həmin 200 min nəfər sanki havaya sovrulur. Ortada bir daha yalan dolu faktlar özünü sübuta yetirir. Adıçəkilən qrupun digərləri arasında lider olduğunu deyən İsa Qəmbər, təxminən, 9-10 gün öncə bununla bağlı təbrik xarakterli geniş müraciət də hazırlamışdı. Ancaq müraciət sadəcə populizm təsiri bağışladı. Onu da qeyd edək ki, "İstefa"nın üzvlərinin böyük əksəriyyəti Müsavat funksionerlərinin xahişilə, qohum kimi qrupa üzv olublar və demək olar ki, orada cərəyan edən heç bir məsələyə müdaxilə etmirlər və marağında belə deyillər. Bu baxımdan, İ.Qəmbərin "İstefa"sının yuxarı-aşağısı 40-50 nəfər fəal üzvü var ki, onlar da məhz müsavatçıdırlar və əsas işləri partiyalarını, onun rəhbərliyini təbliğ etməkdən ibarətdir.

Puça çıxmış 2013 arzuları

Bu ərəfədə müsavatçılar qurultay məsələsini bir kənara qoyub İ.Qəmbərin prezident seçkilərinə məhz başqan kimi getməsini önə çəkməyə və "İctimai Palata"da təmsil olunan digər qüvvələrin də bu fikri dəstəkləməsinə səy göstərsələr də bu siyasi gediş onların planlarını doğrultmamaqdadır. Müsavat rəhbərliyinə daxil olan şəxslərin məsələ ilə bağlı mətbuata verdiyi açıqlamalarından bu qənaətə gəlmək olar ki, İ.Qəmbər partiyadakı rəqiblərini bir qədər sakitləşdirməyə və həmin şəxslərin 2013-cü il prezident seçkilərinə kimi ona vaxt verməsinə nail olub. Heç kimə sirr deyil ki, bu gün Müsavatın başqan postuna ən real namizəd məhz partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılıdır. Lakin dünənə qədər qurultayın keçirilməsinin vacibliyini vurğulayan, bu istiqamətdə bir sıra zəruri addımların atılmasının tərəfdarı olduğunu deyən A.Hacılı da nədənsə son günlər fikirlərində müəyyən korrektələr etmək məcburiyyətində qalıb. Bu isə, o deməkdir ki, artıq tərəflər - İ.Qəmbər və A.Hacılı başqanlıqla bağlı müəyyən razılığa gəliblər. Yəqin elə buna görə də Müsavat partiyası üzvlərinə qurultayla bağlı mətbuatda danışmağa qadağa qoyulub. Görünür, başqan bu yolla sözügedən mövzunun gündəmdən çıxmasına çalışır. Lakin bunun baş tutması bir qədər çətin məsələdir. Çünki müsavatçıların böyük əksəriyyəti, yəni A.Hacılının tərəfdarları İ.Qəmbərin qurltayın prezident seçkilərindən sonra keçirilməsilə bağlı mövqeyini kəskin etirazla qarşılayırlar. Bu baxımdan, İ.Qəmbər dilemma qarşısında qalıb: olum, yoxsa ölüm? Ancaq bunun cavabı bilinmir ki, bilinmir. Çünki Müsavat başqanının bu günkü addımı ilə sabahkı hərəkətləri heç vaxt bir-birini tamamalamayıb.

AFƏT TAHİRQIZI

Digər xəbərlər