Başqanın yarımçıq qalmış planları
Müsavat başqanı İsa Qəmbər müəyyən planları bahasına 2013-cü ilin prezident seçkisinə qədər rəhbərlik etdiyi partiyasının ali postunda qalmaqla bağlı məqsədinə çatsa da, onun "erasının" sonunun çatması da heç kimə sirr deyil. Bu baxımdan, xatırladaq ki, Müsavatın növbəti qurultayının vaxtı hələ 2011-ci ilin əvvəllərində sona çatıb. Lakin İ.Qəmbər bir ildən artıqdır ki, başqan postunda qalmaqla, nəinki nizamaməni kobud şəkildə pozur, həm də gələn ilin prezident seçkisində namizəd kimi iştirak planına nail olmağa can atır. Müsavat başqanı və onun tərəfdarları partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının həbsdə olduğunu bəhanə edərək, partiyanın qurultayının yubanmasını bununla əsaslandırmağa çalışırdılar. Ancaq hazırda A.Hacılı da azadlıqdadır.
Onu da qeyd edək ki, bu günlərdə Müsavatın rayon təşkilatları bir sıra toplantılar keçirməyə başlayacaqlarını bildiriblər. Amma İ.Qəmbər həmin toplantıların da əngəllənməsi istiqamətində müəyyən işlər aparır. Başqa tərəfdən, İ.Qəmbərin növbəti bəhanələri "qurultayın keçirilməsi üçün yer problemi" ilə gündəmə gətirildi. Ancaq həmin plan da yürüdülmədi. Çünki hakimiyyət qurultay üçün yer təşkil etdi. Bu bəhanə də işə yaramadıqda, Müsavat başqanı zəhmətkeş məktubları ilə "İsa Qəmbər getsə, Müsavat dağılacaq" fikrini "Yeni Müsavat" qəzeti vasitəsilə ictimaiyyətə sırımağa çalışdı. Ancaq belə planlar 2005-2006-cı illərdə də işlənmişdi. İ.Qəmbər həmin vaxt qurultayı düz bir il yubatmışdı. AXCP sədri Əli Kərimlinin "İctimai Palata"dakı müvəqqəti rəqibinin əsas planlarından biri də müxalifət düşərgəsində intriqalar yaratmaqdan ibarətdir. Həmin intriqalar vasitəsilə də o, bir müddət siyasi çərçivədə qalmağı düşünür.Müsavat başqanının "cəbhəçilərin" sədrinə qarşı, Ə.Kərimlini onsuz da aşağı olan nüfuzdan salan, onun azsaylı "cəbhəçilər" arasındakı imicinə zərbə vuran planı da onun üçün əlverişli oldu. Müsavat başqanı Ə.Kərimlinin siyasi savadsızlığını sübuta yetirmək məqsədilə AXCP və Müsavat partiyalarının "superpartiya" adlı ittifaqın modelini təklif etdi. Təmsil olunduqları düşərgənin daxilində növbəti birlik modelinin bir addımlığında dayandıqlarını zənn edən "cəbhəçilər" tez-tələsik öz qurultaylarını keçirərək, İsa Qəmbərin tərəfdarları ilə eyni partiyada birləşmək qərarını verdilər. Ancaq bu qərardan bir neçə ay sonra bəyanat verən İ.Qəmbər başqanı olduğu partiyanın "cəbhəçilərlə" birləşmək niyyətində olmadığını dilə gətirdi.
Göründüyü kimi, İ.Qəmbər AXCP-çilərlə vahid partiyada birləşməyin əleyhinə idi, amma hansısa gizli məqsədlərini həyata keçirmək üçün guya Rəsulzadə-Elçibəy yolunda olan partiyaların, yəni Müsavatla AXCP-nin təmərküzləşməsi haqda təkliflərini ortaya ataraq, tərəfdarlarının rəyini öyrəndi.
Bir sözlə, İ.Qəmbər prezident seçkisinə Müsavat başqanı kimi qatılmaq, partiyanın qurultayını yubatmaq və digər missiyalarını həyata keçirməyə müvəffəq olsa da, məsələ tamamilə öz həllini tapmayıb. Çünki artıq partiyanın özündə də hər kəs çox gözəl bilir ki, Müsavatda İ.Qəmbər "erası" başa çatıb. Hətta müxalifətdən "vahid namizəd" olsa belə, İ.Qəmbər siyasəti yürüməyəcək. Çünki onun haqqında müxalifətdaxili qərar çoxdan verilib.
R.Hüseynova