PDF Oxu

Müxalifət

  • 49

"İctimai Palata"nın icazəsiz aksiya keçirmək cəhdi pislənilib

Müxalifət düşərgəsinin digər qütbu qurumun qərarını dağıdıcılıq kimi qiymətləndirir

"İctimai Palata"nın icazəsiz aksiya keçirmək cəhdi pislənilib

Bu ərəfələrdə ölkədə cərəyan edən hər bir kiçik hadisəyə dağıdıcı müxalifət düşərgəsi və onların "liderləri" tərəfindən süni ajiotajlar yaratmaq cəhdləri müxalifətdə təmsil olunan digər qütblər tərəfindən də qınanılmaqdadır. "İctimai Palata"nın bu kimi hallardan sui-istifadə edib hər hansı əsassız tələblər qarşılığında aksiyalara başlamaq səylərinə cavab olaraq, bir çox müxalifət partiya sədrləri əks-mövqelərini ortya qoymaqdadırlar. Onların qənaətlərinə görə, dağıdıcıların əsas məqsədləri uzun illərdir onların qaldırdıqları qeyri-ciddi məsələlərin guya həqiqət olmasını cəmiyyətə sırımaqdan ibarətdir.

Bu baxımdan, Elşad Abdullayevin məlum videosərgüzəştlərini də "palata"nın əlinə düşən növbəti fürsət hesab etmək olar. Məhz məlum videogörüntülər yayımlandıqdan sonra hakimiyyət öz qəti və həqiqəti əks etdirən mövqeyini açıqladı. Həmçinin, bəyanatların ardınca hüquq-mühafizə orqanları məsələni nəzarətə götürərək, istintaq tədbirləri həyata keçirməyə başladı. Qeyd edək ki, məsələ ilə bağlı qaldırılmış cinayət işinin istinaqı bu gün də davam edir və bu amil bir daha onu deməyə əsas verir ki, tam aşkarlıq üzə çıxmamış, hər bir kəs istintaqın nəticələrini gözləməyə borcludur.

Ancaq qeyd edildiyi kimi, heç nəyə məhəl qoymayan dağıdıcı müxalifət tərəfi özlərini "haqlı" çıxartmaq üçün vaxtilə tənqid etdikləri ABU-nun keçmiş rektoru E.Abdullayevin törətdiyi cinayətləri dolayısı ilə müdafiə edir, onun informasiya təminatçısı rolunda çıxış edirlər. Buna misal olaraq, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin canfəşanlıqlarını xüsusilə göstərmək mümkündür. Məhz "İctimai Palata"nın növbəti addımı da, yəni 13 oktyabrda mitinq keçirmək cəhdi də sözügedən məsələlərdən qaynaqlanır. Maraqlısı da odur ki, ötən zamanlarda olduğu kimi, bu dəfə də digər müxalifət partiyaları "palata"nın fürsətcillik addımlarını dəstəkləmir və onların iddialarını qərəzli, absurd hesab edirlər.

Sərdar Cəlaloğlu: "Nəticə insanları narahat etməkdən, bir də qısa vaxt ərzində gündəmdə qalmaqdan başqa heç nə olmayıb"

ADP sədri Sərdar Cəlaloğlunun fikirncə, Azərbaycanda mitinqlərin keçirilməsi üçün nə əsas, nə də ki, sosial sifariş yoxdur. Çünki mitinqlərin daha effektli olması üçün birinci növbədə sosial sifarişin olması lazımdır. Bu baxmdan, müxalifətin keçirdiyi mitinqlərə az sayda tərəfdarların qatılması qeyd edilən fikirləri təsdiq edir: "...Bu günə kimi "İP" dəfələrlə mitinqlər, aksiyalar, piketlər keçirib, yaxud buna cəhd edib. Bəs nəticəsi hanı? Nəticə insanları narahat etməkdən, bir də qısa vaxt ərzində gündəmdə qalmaqdan başqa heç nə olmayıb".

Partiya sədrinin sözlərinə görə, qurum bir tərəfdən hökumətlə danışıqlara getdiyini deyir, digər tərəfdən isə parlamentin buraxılması tələbi ilə çıxış edir. Belə ki, "Yeni Müsavat" qəzetinin iddiasına görə, "İP" hakimiyyətlə danışıqlara gedərək, növbəti parlament seçkilərində güzəştlər əldə etmək istəyir. Digər tərəfdən isə, mitinqlərin keçirilməsi tələbi ilə çıxışlar edirlər: "Bu, siyasi gündəmi dəyişmək, öz üzərlərinə diqqət yönəltməkdən başqa bir şey deyil. Çünki bir tərəfdən sosial sifariş yoxdur, digər tərəfdən qoyulan şüar düzgün deyil. Buna görə də, bu cəhdləri aksiya kimi dəyərləndirmirəm".

S.Cəlaloğlu digər bir məsələyə də toxunaraq bildirib ki, "palata" rəsmiləri ölkədə baş verən hadisələrdən çox uzağa gedən nəticələr çıxarırlar. Məsəlçün, ərəb inqilabı dalğalarından dərhal sonra da 2011-ci ilin aprelində belə aksiyalar keçirdilər. İndi isə məlum videogörüntülərlə bağlı küçələrə səpələnmək istəyirlər: "İP" də bu hay-küydən siyasi məqsəd kimi istifadə edir. Bu addımları yalnış hesab edirəm və nəticə verəcəyinə inanmıram".

ADP sədri məsələnin siyasiləşdirilməsinin və mitinqlərə cəhdlərin edilməsinin yalnış olduğunu bir daha vurğulayıb və "İctimai Palata"nın inhisarçı "liderlər"ini ciddi siyasətlə məşğul olmağa dəvət edib.

Fuad Əliyev: "Hər şeydən öncə, xalqın dəstəyini qazana bilməyiblər"

Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev də öz açıqlamasında mitinq cəhdlərinin yalnış olduğunu deyib. Onun sözlərinə görə, "İctimai Palata"nın bu kimi addımları kimlərinsə sifarişi ilə tez-tələsik verilən əsassız qərardır: "Mənim mövqeyim belədir ki, tələsik, kimlərinsə sifarişi ilə keçirilən aksiyalar düzgün deyil. Bu mənada, hesab edirəm ki, "İP"-in bu aksiyası baş tutan deyil və nəticəsiz olacaq".

ALDP sədri hesab edir ki, əslində "İP" belə cəhdlərlə cəmiyyətin demokratikləşməsi yolunda daha məqbul addımlar atmaq yerinə, özünün gündəmdə qalmasına xidmət edir: "Bu baxımdan "İP"-in bu qərarını görüntü xarakterli olduğunu və öz mövcudluqlarının göstərməyə hesablandığını hesab edirəm. Çünki bu günə kimi bu qüvvələrin heç bir cəhdləri nəticə verməyib. Hər şeydən öncə isə xalqın dəstəyini qazana bilməyiblər. Burada yalnız bir məqsəd ola bilər. O da fraqmental olaraq diqqəti cəlb etmək".

Heç bir gücə malik olmadan bu cür cəhdlər etməsinə gəlincə, F.Əliyev bildirib ki, bunun səbəbi onların sifarişlə fəaliyyət göstəməsi, göstərişlə hərəkət etməsidir. ALDP sədrinin sözlərinə görə, ölkədə müəyyən qarışıqlıq yaratmaq istəyən qüvvələr məhz "İP"-də təmsil olunanlardan istifadə edirlər ki, bu qüvvələr də qarışıqlıq yaradaraq mənfi imic formalaşdırmağa çalışır, qarşılığında isə, təbii ki, ayaqda durmaları üçün dəstək alırlar.

F.Əliyev "İP"-in parlamentin buraxılması tələbinə də müsbət münasibət bildirməyib. O, qeyd edib ki, belə tələbin irəli sürülməsi, ilk növbədə, məntiqə sığmır və düzgün deyil: "Birincisi, söhbət 2005-ci ildən gedir. Həmin il müxalifət şikayətlərini Avropa Məhkəməsinə edib və müəyyən müsbət cavablar da alıb. Ondan sonra 2010-cu ildə növbəti parlament seçkiləri keçirilib. İkincisi, hansısa bir fakta görə, parlamentin saxta, qeyri-legitim olduğunu demək və buraxılmasını tələb etmək qəbuledilən deyil. Yəni, 125 dairədən 125-də də saxtakarlığın olmasını demək absurddur...İndiki məqamda etiraz bildirmək, məsələni şişirtmək, ağız yormaqdan savayı heç nəyə yaramayacaq".

AFƏT TAHİRQIZI

Digər xəbərlər