PDF Oxu

Müxalifət

  • 26

"Ənənəvi müxalifət" iki "liderin" bir-birinə qarşı yaranmış nifrəti üzərində qurulub

Qüdrət Həsənquliyev: "Əli Kərimli ilə İsa Qəmbər qədər bir-birinə pataloji nifrəti olan ikinci adam tanımıram"

"Ənənəvi müxalifət" iki "liderin" bir-birinə qarşı yaranmış nifrəti üzərində qurulub

Hazırda müxalifət düşərgəsində cərəyan edən hadisələrə nəzər salarkən, yaşanan düşərgədaxili qarmaqarışıqlarda kimin günahkar olması haqqında müxtəlif fikirlər irəli sürülür. Lakin müxtəlifliyi ilə irəli sürülən hər bir fikrin arxasından mühəqqəq AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin adları hallanır. Yəni müxalifətin birliyini, qarşılıqlı anlaşma cəhdlərini pozan siyasi fərdlər məhz yuxarıda adları çəkilən partiya sədrləridir. Və bu gün müxalifət düşərgəsində təmsil olunan, lakin siyasi proseslərdən kənar qalan, siyasi fəaliyyətini normal qura bilməyən bir çox siyasi təşkilat rəhbərləri də iki inhisarçı "lider" - Ə.Kərimli-İ.Qəmbər cütlüyü arasında gedən savaşın qurbanları olduğunu deyirlər. Bu isə, həm də onu deməyə əsas verir ki, istər ötən seçkilər ərəfəsində, istərsə də hazırkı post-seçki dövrü müxalifətdaxili "rıçaqları" əllərindən buraxmaq istəməyən, həmin "rıçaqlara" tək sahib olmaq iddiasında bulunan AXCP-Müsavat rəhbərləri istənilən anda ölüm-dirim savaşına start verə bilərlər.

Və əlbəttə ki, "İctimai Palata"nın parçalanması, qurumda baş verən ardıcıl və kəskin istefa səbəbləri də hər iki müxalifət "lideri" arasında gedən virtual müharibənin mütləq nəticələridir. Onu da qeyd edək ki, müxalifətin çoxsaylı qütblərində təmsil olunan partiya sədrləri də məhz bu qənaətdədirlər. Daha dəqiq desək, loyallığından, konstruktivliyindən, hətta radikallığından asılı olmayaraq, siyasi təşkilat sədrləri müxalifətin parşalanmasının, şəxsi gəlir mənbəyinə çevrilməsinin, eləcə də, monopoliya baiskarlarının Ə.Kərimli ilə İ.Qəmbər olduğunu haqlı şəkildə bildirirlər.

Ancaq onlara qarşı haqlı ittihamlarla çıxan insanları tamamilə başqa motivdə günahlandırmağa səy göstərən hər iki avtoritar partiya sədrləri özlərini təmizə çıarmaqdan ötrü, parlamentdə təmsil edilən müxalifət yetkililərini ittiham edirlər. Guya parlamentdə millət vəkilliyi edən müxalifətçi yetkililər qanunverici orqandan kənarda qalan siyasi partiyaların normal fəaliyyətlərinə ciddi maneədirlər.

"Onlar müxalifətçiliyi başqa cür görürlər, biz başaqa cür"

BAXCP sədri Qüdrət Həsənquliyevin fikrincə isə Ə.Kərimli ilə İ.Qəmbər bir-birinin üzərində qələbə çalmaq uğrunda mübarizə aparırlar: "Bu gün müxalifətdə olan partiya rəhbərləri hələ də o fikirdədirlər ki, bugünkü məğlubiyyətlərinin kökündə parlamentdə olan müxalif deputatların fəaliyyəti dayanır. Hesab edilir ki, onları iqtidarla olan siyasi çəkişmələrində uduzduran da məhz həmin müxaliflər olub. Təbii olaraq qarşı tərəf bu ittihamları qəbul etmir. Belə ki, müxalif deputatlar ənənəvi müxalifət hesab edilən qüvvələrin bugünkü fəaliyyətsizliyini onların daha çox şəxsi mənafelərə önəm verməsi ilə əlaqələndirirlər".

Qüdrət Həsənquliyev dağıdıcı müxalifət "liderləri"nin parlamentin legitimliyinin tanınmaması iddialarına olan münasibətində qeyd edib ki, parlamentdə iqtidarın legitimliyini tanıyan və onunla əməkdaşlığa hazır olan müxalifətin mövcudluğu normal siyasətin aparılmasından doğan amildir.

Müxalifət partiyalarının birləşə bilməməsi məsələsinə gəlincə BAXCP-dən olan millət vəkili qeyd edib ki, buna səbəb şəxsi maraqların ümumi maraqları üstələməsidir: "Ümumiyyətlə, mən belə düşünürəm ki, AXCP-Müsavat partiyalarının timsalında barışmaz, radikal qüvvələrin ətrafında toplaşan insanlar tədricən o liderlərdən ayrılmalı və cəmiyyətin qansız-qadasız sivil qaydada inkişafını istəyən qüvvələrin ətrafında cəmlənməlidirlər. Amma insanlar bunu görmürlər. Ona görə də narazı təbəqələr hansısa siyasi partiyanın ətrafında birləşməyi mənasız sayırlar. Beləliklə, narazı tərəf ya kortəbii iğtişaşlar formasında, ya xarici dini ekstremist qüvvələrin ətrafında birləşə bilər. Bu, çox təhlükəli haldır".

Q.Həsənquliyev fikirlərini dəqiqləşdirərək onu da bildirib ki, bir qrup insanlar öz siyasi maraqlarından çıxış edərək, ölkənin maraqlarını nəzərə almadan qeyri-ciddi fikirlər səsləndirirlər: "Onlar müxalifətçiliyi başqa cür görürlər, biz başqa cür. Kimsə reallıq hissini itirib, hesab edirsə ki, iqtidarın legitimliyini tanımamaqla cəmiyyətin demokratik inkişafına tövhə verə bilər, yanlışlığa yol verir. Yəni biz indiyə qədər radikal müxalifətin fəaliyyətinin "nəticələrini" görmüşük. Onların nizamnaməsi ilə hərəkət edən bir çox partiya üzvləri ölkəni tərk edib, mühacir həyatı yaşayırlar. İndi də ənənəvi müxalifətin partiyalarının dağıldığını görürük. Radikal müxalifəti xaricdən idarə edirlər. Ona görə də iqtidar normal müxalifətlə əməkdaşlıq eləməlidir ki, bu qüvvələr öz-özünə cəmiyyətdən silinib getsinlər".

"Bunu Azərbaycan xalqı da istəmir"

"İctimai Palata"da birgə görünən AXCP ilə Müsavatdan heç nə gözləmədiyini deyən BAXP sədri sözlərini bu cür izah edib: " Əvvəllər də demişəm, indi də təkrar edirəm ki, mən Əli Kərimli ilə İsa Qəmbər qədər bir-birinə pataloji nifrəti olan ikinci adam tanımıram. Bunların bir arada olması mümkünsüzdür. Çünki bunlar yan-yana oturanda qıcıqlanırlar, əsəbiləşirlər. Onlar bir-birinin üzərində qələbə çalmaq uğrunda mübarizə aparırlar. Xatırlayırsınızsa, sonuncu parlament seçkisində İsa Qəmbər seçiləcəyini güman edib Müsavatın sədrliyindən istefa verəcəyini bəyan etmişdi. Sonra qorxdu ki, Müsavatın sədrliyindən istefa versə və partiya birləşsə Əli Kərimli sədr seçilə bilər. Onlar bir-birinin üzərində qələbə çalmağı iqtidarın üzərində qələbə çalmaqdan daha əhəmiyyətli bilirlər. Ona görə də, o partiyalar "İctimai Palata"da birgə görünə bilər, amma birləşmələri heç cür mümkün ola bilməz. Birləşirlər, hər ayrılmalar zamanı da qarşılıqlı ittihamlar, təhqirlər səsləndiriblər. Yəni bunlar birləşib aralanmaq əvəzinə, oturub öz siyasətlərini dəyişdirməlidirlər. Başa düşməlidirlər ki, hakimiyyət dəyişikliyi mümkünsüzdür. Bunu Azərbaycan xalqı da istəmir".

Göründüyü kimi, yuxarıda qeyd edilən fikirləri təhlil edərkən, bir daha belə qənaətə gəlmək mümkündür ki, qarşılıqlı nifrət, xəyanət və şəxsi mənfəət üzərində qurulmuş "ənənəvi müxalifətin" siyasi çabaları hər zaman olduğu kimi, bu dəfə də nəticəsiz qalacaq. Sadəcə, xarici qüvvələr qarşısında "mən də varam" prinsipini nümayiş etdirməkdən ötrü özlərini dağa-daşa vuran dağıdıcı müxalifət "liderləri", xüsusilə, Ə.Kərimli-İ.Qəmbər cütlüyü özləri üçün başqa çıxış yolu tapa bilməkdə acizlik göstərirlər. Acizlərin isə siyasətdə uğurları heç vaxt olmayıb.

AFƏT TAHİRQIZI

Digər xəbərlər