Sərdar Cəlaloğlu "İctimai Palata"dakı istefaların davamlı xarakter alacağını deyib
Bir neçə gündür ki, AXCP-Müsavat partiyalarının inhisarçı nəzarətlərində olan "İctimai Palata"dakı istefalar dalğası yaxın günlərdə də davam edə bilər. Belə ki, "palata" daxilində yaranmış böhran belə deməyə kifayət qədər əsas verir. Qeyd edək ki, "palata"nın üzvü olmuş Ərəstun Oruclu və Müsavat partiyası başqanının müavini Yadigar Sadıqov qurumdan istefaya getdiklərini elan etdikdən sonra "İP"-in koordinasiya şurasının üzvləri istefalar dalğasının qarşısını almaq üçün çıxış yolu tapa bilmirlər. Bu baxımdan, qurum daxilində narazı olan digər şəxslərin də kütləvi istefalara getmək ehtimalları cəmiyyətə real təsir bağışlayır. Onu da qeyd edə ki, istefalara səbəb kimi yalnız AXCP sədri və Müsavat başqanının avtoritar idarəçilikləri deyil, eləcə də, "İctimai Palata"nın koordinasiya şurasında Rauf Arifoğlunun təmsil edilməsi də həmin səbəblərdən biridir.
ADP sədri: "İctimai Palata"dan istefa edənlər və istefaya bəhanə verən şəxslər Müsavata yaxındırlar"
Lakin qurumda yaranan istefalar dalğasında səbəb kimi öncələr baş verən partiyalararsı ziddiyyətlərin də təsirinin olması heç kimə sirri deyil. Burada əsasən AXCP ilə Müsavat arasında gizli mübarizə gedirdi. Bu mübarizə daha çox "İctimai Palata"da kimin namizədliyini müdafiə edəcəyi üstündə idi. Belə bir versiya ilə çıxış edən ADP sədri Sərdar Cəlaloğlunun qənaətinə görə, bu gün "İctimai Palata"nın dağılması ilk növbədə Müsavat partiyasına sərf edir: "Çünki palata daxilində Müsavat öz namizədini həzm etdirə bilməyəcəkdi. Görünən budur ki, "İctimai Palata"dan istefa verənlər və istefaya bəhanə verən şəxslər Müsavata yaxındırlar. Məsələn, politoloq Ərəstun Oruclu uzun illərdir ki, Müsavat və şəxsən İsa Qəmbərlə yaxınlıq edir, qohum olmasına baxmayaraq, AXCP sədri Əli Kərimlidən məsafə saxlayır. Yadigar Sadıqov isə Müsavat başqanının müşaviridir. İstefalara səbəb olan məqalə isə Müsavat partiyasının üzvünün rəhbəri olduğu qəzetdə yazılıb".
"Bir həftə o yanı görməyən bir blokun nə dərəcədə 1-2 il qabaqkı hadisələri indeksləşdirib siyasət yürüdə bilər?...Orada özü-özünə dağılma prosesi gedəcək"
ADP sədri Sərdar Cəlaloğlu əlavə edib ki, cəmiyyət 2013-cü ilə qədər müxalifətdə, xüsusilə, "İctimai Palata"da belə istefaların, qarşılıqlı ittihamların, ifşaların şahidi olacaq: "...Sizə elə gəlməsin ki, bu hallar qəfil meydana çıxır. Mən hətta proqnozlaşdırıram ki, prezident seçkiləri yaxınlaşdıqca, daha ciddi hadisələr olacaq...".
ADP sədrinin fikrincə, "İctimai Palataya" bu qədər önəm vermək lazım deyil. Çünki ora çox adam toplaşıb, amma "palata" ictimai-siyasi çəkisinə görə, digər zəif qüvvələrdən fərqlənmir: "Dünənə qədər bunlar bəyan edirdilər ki, növbədənkənar parlament seçkiləri ən aktual məsələdir. Amma bu gün aydın olur ki, onlar parlament seçkiləri haqda danışmır və tamam başqa məsələnin aktuallaşmasına çalışırlar. Yəni mitinq məsələsini ortaya atıblar. Guya bunlar proqnozlaşdıra bilməzdilər ki, meriya onlara burada yer verməyəcək... Bir həftə o yanı görməyən bir blokun nə dərəcədə 1-2 il qabaqkı hadisələri indeksləşdirib siyasət yürüdə bilər? Açığını deyim ki, orada öz-özünə dağılma gedəcək".
RÖVŞƏN RƏSULOV