KXCP daxilində cərəyan edən məlum hadisələr fonunda qarşılıqlı ittiham dalğası səngimir. Belə ki, partiya sədri Mirmahmud Mirəlioğlunun narazı "klassiklərə" və onları dəstəkləyən Müsavat-AXCP cütlüyünə etdiyi təhdidləri sözügedən vəziyyəti daha da mürəkkəbləşdirib. Lakin buna baxmayaraq, AXCP-dən fərqli olaraq, narazı "klassiklərə" yenə də qucaq açan Müsavat partiyası onlara toplantı keçirmək üçün yer ayırmaqda davam edir. Ancaq başqan İsa Qəmbərovun vəziyyətdən öz xeyrinə yararlanmaq cəhdi baş tutmayıb. Məsələ ondadır ki, "Demokratik Birlik" fraksiyası daxilində yaşanan ikitirəlik başqanın get-gedə daha da azalmaqda olan siyasi nüfuzuna öldürücü zərbə endirib.
Məsələnin maraqlı məqamı odur ki, KXCP-dən qovulmuş fraksiyaçıların hələ də özlərini "klassik cəbhəçilər" hesab etmələri Müsavatın seçkiöncəsi planlarını alt-üst edib. Çünki nəzərdə tutulduğuna görə, dekabr ayında fraksiyanın siyasi partiyaya çevrilməsi planlaşdırılmışdı. "Demokratik Birlik Partiyası" adı altında fəaliyyət göstərəcək təşkilatın əsas məqsədi məhz Müsavat başqanının namizədliyini dəstəkləməkdən ibarət olacaqdı.
Fikrət Cəfərov
fraksiyaçılardan İsa Qəmbərin oyununa getməməyi tələb edib
Amma bu planın baş tutmayacağı artıq indidən məlumdur. Fraksiyaçıların Müsavat qərargahında keçirdikləri növbəti iclasda yaşanan qalmaqallar bunu deməyə əsas verir. Məsələ ondadır ki, cərəyan edən fraksiyadaxili narazılıqları siyasi qurumun həmtəsisçisi Ədalət Yusubov da inkar etməyib. Ə.Yusubovun mətbuata verdiyi məlumata görə, yığıncaqda fraksiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsi ciddi şəkildə müzakirə olunub. Həmin iclasda fraksiyanın əsasnaməsinin, o cümlədən, hüquqi-normativ sənədlərinin hazırlanmasına dair qərarlar da qəbul olunub. Bu kimi sənədlərin hazırlanması həmtəsisçilər Ədalət Yusubov və Qaya Əliyevə tapşırılıb.
Lakin sözügedən məsələdə Ə.Yusubovun və Q.Əliyevin sənədlərlə bağlı görəcəkləri işə bel bağlamadığını deyən digər fraksiyaçı, KXCP sədrinin keçmiş müavini Fikrət Cəfərov bildirib ki, fraksiyanın partiyaya çevrilməsinə etiraz etməsə də, 2013-cü ildə Müsavat başqanını dəstəkləməyə qəti olaraq, etiraz edir. Məhz bundan sonra toplantının işi yarımçıq qalıb və iclasın yekun protokolu imzalanmayıb.
Ancaq F.Cəfərov bununla da işini bitmiş hesab etməyib və mətbuatda bəyanatla çıxış edib. Onun bəyanatında KXCP sədri M.Mirəlioğlu olmaqla yanaşı, təmsil olunduğu fraksiya üzvləri də sərt qaydada tənqid atəşinə tutulub. Onun bildirdiyinə görə, fraksiyanın hazırkı fəaliyyəti müstəqil deyil və demokratiyadan uzaqdır. Çünki fraksiyanın 2013-cü ildə öz namizədi olmalıdır və digər siyasi partiyalardan olan namizədlərin dəstəklənməsi yolverilməzdir. F.Cəfərovun tənqidi isə birmənalı qarşılanmayıb. Belə ki, bəzi fraksiya üzvləri bəyanatın həmtəsisçilərlə razılaşdırılmadan verilməsi, o cümlədən, mətnlə bağlı iradlarını bildirsələr də, digərlərinin bu məsələyə olan baxışları fərqli olub.
Müsavat başqanının planları alt-üst olub, ortada isə Əli Kərimlinin "barmağının" olması iddiası mövcuddur
Hətta Müsavat başqanı İ.Qəmbərin fərqli mövqedə olanlar arasında yaşanan gərginliyi aradan qaldırmağa istiqamətlənmiş cəhdləri də puça çıxıb. Əldə etdiyimiz digər informasiyaya görə, başqanın ismarıclarını fraksiyaçılara çatdıran partiyanın ali məclisinin sədri Arzu Səmədbəyli olub. Amma onun cəhdlərinin puça çıxması bilavasitə İ.Qəmbər üçün ciddi baryer yaradıb.
Maraqlıdır ki, hadisələri izləyən AXCP, hələ ki, baş verənlərə münasibət bildirməyib. Lakin Müsavatda artıq belə bir fikir formalaşıb ki, "Demokratik Birlik" fraksiyasını əldən buraxaraq, Müsavata qapdıran "cəbhə" sədri gizli adamları vasitəsilə fraksiyanın işinə cəncəl yaratmaq istəyindədir. Çünki İ.Qəmbərin 2013-cü ildə namizəd olmasının qarşısını almağa onun başqa yolu qalmayıb.
AFƏT TAHİRQIZI