"ABU"-nun rektoru Elşad Abdullayevlə eks-deputat Gülər Əhmədovanın görüntüləri əks olunan məlum videogörüntülərdən sonra müxalifət mətbuatının və həmin mətbuata nəzarət edən siyasi partiya rəhbərlərinin süni ajiotaj yaratmaq oyunları iflasa uğrayıb. Belə ki, sözügedən məsələdən siyasi mənfəət əldə etməyə cəhd göstərən "Azadlıq", "Yeni Müsavat" qəzetləri, həmçinin, aşağı düşmüş tirajlarını bərpa etmək cəhdində bulunublar. Ancaq sözügedən məsələ ilə bağlı həm sağlam düşüncəli sadə vətəndaşları tərəfindən, həm rəsmi dövlət adamları tərəfindən, eləcə də, Yeni Azərbaycan Partiyası tərəfindən açılanan rəsmi mövqelər dağıdıcı müxalifət "liderləri"nin budəfəki arzularını da ürəklərində qoydu. Bəlli oldu ki, onların sərsəm iddiaları ilə yanaşı, 2013-cü il seçkiləri ərəfəsində siyasi dividend axtarışları nəticəsiz qaldı.
AXCP-nin və Müsavatın qərəzli iddialarını dəstəkləməyən müxalifətçilər çoxluq təşkil edirlər
Bu əsnada, AXCP və Müsavat partiyalarının inhisarında olan "İctimai Palata"nın yaranmış vəziyyətdən sui-istifadə edərək küçələrə çıxmaq cəhdləri də puça çıxacaqdır. Məsələ ondadır ki, E.Abdullayev-G.Əhmədova məsələsindən daha bir məqsədlərini gerçəkləşdirməyə səy göstərən dağıdıcı müxalifət ünsürləri guya parlamentin qeyri-legitim olduğu haqqında qeyri-ciddi fikilər səsləndirirlər. Amma qeyd edək ki, nə AXCP-nin, nə də ki, Müsavatın bu kimi qərəzli iddialarını dəstəkləməyən müxalifətçilər də var və onlar çoxluq təşkil edir. Və həmin müxalifətçilər anlayırlar ki, cinayət törədilibsə, həmin cinayətin cəzası hökmən olacaq. Bu baxımdan, vəziyyətdən sui-istifadə edərək, şəxsi mənfəət güdməyin də heç bir lüzumu yoxdur. Hətta "İctimai Palata"da təmsil olunan şəxslər arasında da bu fikirdə olanlar var və həmin fərdlər "palata"nın keçirmək istədiyi mitinqə qatılmayacaqlarını bəyan ediblər. Yəni onlar da sözügedən məsələdən siyasi oyun kimi istifadənin qəti əleyhinədirlər.
Onlar fürsətcilliklərini ortaya qoyaraq, siyasi qalmaqallar vasitəsilə olan-qalan nüfuzlarını da ayaq altına atmış oldular
Bu və bu kimi olaylardan bəhrələnə bilməyən Əli Kərimlinin və İsa Qəmbərin başqa çıxış yolları qalmadığı üçün, bu gün hansısa mitinqdən, ya da küçə yürüşündən dəm vururlar. Amma yaxşı bilirlər ki, keçirmək istədikləri aksiyaları ötəkilər kimi ölgün, dəstəksiz və uğursuz olacaq. Bir daha məlum olur ki, onlar sadəcə sözügedən vasitədən "şans" kimi yararlanmağa çalışırlar. Ona görə də guya Gülər Əhmədovanın işinin "hakimiyyətdaxili qruplaşmalar arasında mübarizə" kimi sırımağa səy göstərirlər.
Onu da bildirək ki, sözügedən məsələ ilə bağlı Milli Məclisin vitse-spikeri Bahar Muradova da kifayət qədər əsaslı şərh verib: "Belə məlumatların hamısı bu və ya digər maraqlara xidmət edir. Mən kimlərinsə maraqlarına xidmət edən mövqe səsləndirmək istəməzdim. Yeganə onu demək istəyirəm ki, bu məsələ hüquq müstəvisində araşdırılmalıdır, kiminsə təxəyyülünün məhsulu olan fikirlərini müzakirə edib, onun ətrafında qalmaqal yaramağa ehtiyac duymuram. Hər kəs istintaqa mane ola biləcək mövqe açıqlamaqdan çəkinməlidir".
Bu açıqlamadan da bəlli olur ki, dağıdıcı müxalifət "liderləri"nin iddiaları sadəcə ucuz populizm və rəzil təxəyyülün məhsuludur. Onlar fürsətcilliklərini ortaya qoyaraq, siyasi qalmaqallar vasitəsilə olan-qalan nüfuzlarını da ayaq altına atmış oldular. Bunu görmək üçün isə elə də uzağa getmək lazım deyil. Təkcə dağıdıcı müxalifətin mövcud vəziyyətinə baxsaq, deyilənlərin həqiqətə uyğunluğunu kifayət qədər görmüş olarıq.
AFƏT TAHİRQIZI