PDF Oxu

Müxalifət

  • 32

"İctimai Palata"da şiddətli söz atışması

Artıq ənənə halını almış bu amil öncədən proqnozlaşdıran gözləntiləri kifayət qədər doğrultdu

"İctimai Palata"da şiddətli söz atışması

"İctimai Palata"nın sonuncu sessiyası qurumun daha öncələr keçirilmiş qalmaqallı sessiyalarını, demək olar ki, kölgədə qoydu. Tarıma çəkilmiş qəzəb və hövsələlərin niyə məhz sonuncu sessiyada partlamasına gəlincə, ortada daha maraqdoğurucu faktların üzə çıxması amili özünü daha qabarıq şəkildə sərgilədi. Belə ki, "palata"nın AXCP və Müsavat rəhbərliyi tərəfindən inhisara alınması, hər iki qütbün adamları arasında ikitirəliyin yaşanması vəziyyətin kəskin hal alacağını daha öncədən proqozlaşdırırdı. Bu kimi hadisələr ətrafında cərəyan edən olaylar barədə mətbuat vasitəsilə kifayət qədər dəlil və sübutlar ictimaiyyətin nəzərinə çatdırılıb. Və nəticədə, prtaya daha bir sual çıxır: onsuz da parçalanmaq və məhv olmaq təhlükəsindən yayına bilməyən "İctimai Palata" bundan sonra hansı "xoş sonluğa" bel bağlayır? Bu baxımdan, qurumun "xoş sonluq" amili üzərində var-gəl etməsi cəmiyyətdə istər-istəməz müxtəlif fikirlər oyadır. Amma həmin müxtəlifliklərə rəğmən, həm "palata"nın, həm də qurum "liderləri"nin siyasi uğur əldə edə bilməyəcəkləri onlar arasında yaşanan şiddətli söz atışmalarından da kifayət qədər bəlli olmaqdadır.

Vidadi Mirkamal: "Qəzetlərə iki müsahibə vermək işləməkdir?"

Müsavat başqanı İsa Qəmbərə daha çox yaxınlığı ilə seçilən AXP sədri Pənah Hüseynin "palata"nın sessiyasına sədrlik etməsi ilə vəziyyəti daha da mürəkkəbləşdirib. AXCP üzvlərinin buna etiraz etmələri hətta qurumun işini ləngidib. Ancaq qalmaqalla başlayan iclasın sakit məcrada keşməsinin qarşısı alına bilinməyib. Belə ki, koordinasiya şurasının üzvü Vidadi Mirkamal çıxışı zamanı "İctimai Palata"nın 500-ə qədər üzvünün olduğunu xatırladaraq, nədənsə həmin sessiyaya 100-120 nəfər adamın qatılmalarını başadüşülməz məqam kimi dəyərləndirib: "İctimai Palata"nın iclaslarında mütəmadı olaraq 120 nəfər iştirak edir. Yerdə qalan üzvlərimizin çoxu adını yazdırıb, iclasda iştirak etmirlər. Onlar hər sessiyada iştirak etməli, siyasi proseslərə öz münasibətlərini bildirməlidirlər. "İctimai Palata"nın və koordinasiya şurasının indiki fəaliyyətindən çox narazıyam. Onun səmərəliliyi və faydalılığı çox aşağıdır... Koordinasiya şurasının üzvləri var ki, aylarla iclasa gəlmirlər. Qəzetlərə iki müsahibə vermək işləməkdir? Onlar fəaliyyətləri ilə bağlı məclis qarşısında hesabat verməlidirlər".

Ancaq V.Mirkamalın iradları digər qurum üzvlərini qane etmədiyinə görə, iclaslara az-az qatılan tərəflər onu sifariş həyata keçirməklə suçlayıblar. Nəticədə, sessiyanın işinə qısa müddəli fasilə verilib.

Arif Hacılı: "Bir neçə nəfər "palata"nı istədiyi kimi idarə edir"

Artıq "İP"-in inhisarçı qurum olmasını orada təmsil olunan səlahiyyətli şəxslər də etiraf etməkdədirlər. Məsələ ondadır ki, Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı dolayısı ilə partiyadaxili opponenti İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə işarə edərək, deyib ki, qurum monopoliya rejimindədir və idarəçilikdə ciddi nasazılıqlar mövcuddur: "Bir neçə nəfər "palata"nı istədiyi kimi idarə edir. Məncə, bunun qarşısının alınması zamanı çoxdan yetişib".

Sözarası olaraq, xatırladaq ki, A.Hacılı hələ 2011-ci ilin 2 aprel olyalarında iştirak etdiyinə görə həbs edildikdən sonra, məhkəmələrin birində Müsavat başqanı İsa Qəmbərə qarşı iddiasını ortaya qoymuşdu. Və həmin dövrdən etibarən, İ.Qəmbərlə A.Hacılı arasında soyuq küləklər əsməyə başlamışdı. Bu səbəbdən də, "İP"-i özü üçün yeganə çıxış mənbəyi hesab edən Müsavat yetkilisi elə oradaca məsələni "çürütməyə" səy göstərib. Qeyd edək ki, A.Hacılının etirazını onun qardaşı Mustafa Hacıbəyli də dəstəkləyib. M.Hacıbəyli bunu başqa motivdə edib.

Mustafa Hacıbəyli: "Mənim təklifimi səsverməyə çıxarın!"

A.Hacılının dalana sıxışdırıldığını görən qardaşı M.Hacıbəyli vəziyyərdən çıxmaq üçün növbəti ittihamla çıxış edib. O, "İP"-in iclasına təkliflə gəldiyini deyərək, həmin təklifin səsəverməyə çıxarılması tələbi ilə sessiya sədarətliyinə müraciət edib. Lakin "palata"nın başqa işlərinin də olduğunu deyən P.Hüseyn (əlbəttə ki, İ.Qəmbərin tapşırığı ilə-R.N.) M.Hacıbəylinin təklifinə sonra nəzər salınacağını bildirib.

Məhz bundan sonra M.Hacıbəyli də onları "müxalifətin satqınları" ifadəsi ilə ittiham edib: "Müxalifətin vahid namizədini sonra da seçmək olar. Bunun üçün vaxt var. Boş-boş işlərlə məşğul olmaq lazım deyil. Müxalifətə xəyanət etmək olmaz!"

Lakin M.Hacıbəylinin təkidli təklifi sessiyanın aparıcısı P.Hüseyn tərəfindən alındı. AXP sədri buna şərait yaratmayaraq deyib ki, məsələ geniş müzakirəyə çıxarılmadan və müzakirə edilmədən səsverməyə qoyula bilməz.

A.Hacılı isə qardaşı M.Hacıbəylinin təqdim etdiyi təklifi "çox ciddi sənəd" hesab edərək, onun səsverməyə çıxarılmasını məqbul hesab edib: "Bu ciddi bir layihədir və səsə qoyulmalıdır".

Tural Abbaslı: "Əgər "palata" yenə də belə emosiyalarla, şəxsi keflə idarə olunacaqsa... Biz "İctimai Palata" adlı quruma möhtac deyilik"

"İP"-in sessiyasında iştirak edən "cəbhəçi" və müsavatçı gənclər arasında da qarşıdurma yaşandı. Belə ki, Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslı AXCP sədrinin müavini Asəf Quliyevdən çıxış üçün söz tələb edərkən, yerlərdən T.Abbaslı fitə basılıb. Bu addımı müsavatçıya qarşı "cəbhəçi" gənclər atıb. Çünki bir neçə gündür ki, hər iki qütbdə təmsil olunan gənclər arasında sosial şəbəkələrdə savaş aparılmaqdadır. Müxtəlif qruplarda statuslar yazan müsavatçılar və "cəbhəçilər" həmin yazılarında söyüş və təhqirlərə yer verməklə, "haqlı" tərəf olduqlarını sübuta yetirməyə cəhd göstərirlər. Ona görə də, T.Abbaslının AXCP sədrinin müavinindən söz tələb etməsi qarşı tərəfin hiddəti ilə nəticələnib. Söz verilmədikdə isə T.Abbaslı xəbərdarlıq edib ki, "İP"-in fəaliyyəti yenidən gözdən keçirməlidir: "İctimai Palata" bunu xəbərdarlıq kimi də qəbul edə bilər. Əgər "palata" yenə də belə emosiyalarla, şəxsi keflə idarə olunacaqsa, biz yüzillik partiyanın resurslarını, gücünü, imicini bu quruma qurban verməyə hazır deyilik...Biz "İctimai Palata" adlı quruma möhtac deyilik".

Dava edən tərəflər Əli Kərimliyə barmaq silkələyiblər

Belə bir halda qurumun iclasını yenidən təxirə salmaq istəyən P.Hüseyn buna nail ola bilməyib və söz atışmaları daha da kəskin xatrakterə çevrilib. Məsələ ondadır ki, P. Hüseyn T.Abbaslı ilə mübahisə edərkən, o, müsavatçıya bildirib ki, "insanları təhqir etməsin". P.Hüseyn əlavə edib ki, buradan kimin xoşu gəlmirsə, xoş getsin. T.Abbaslı isə ona cavabında "Biz göndərə bilərik "İctimai Palata"dan, bizi göndərə bilməzlər" deyə cavab qaytarıb.

Bu arada M.Hacıbəyli yenidən təklifinin səsə qoyulmasını tələb edib. T.Abbaslı ilə söz atışmasında olan P.Hüseyn isə bunun mümkünsüz olduğunu bildirib. O, Hacılı qardaşlarının bu təklifini sürpriz qərarlara gəlmək adlandırıb və bu ifadə də yeni mübahisəyə səbəb olub. Nəticədə, A.Hacılı sessiya zamanı replikalar ataraq P.Hüseyndən çıxışçılara imkan verməli olduğunu bildirib. Bu zaman "20 ilin dostları" kimi qələmə verilən A. Hacılı və P. Hüseyn arasında daha ciddi mübahisə yaranıb, söz davası əlbəyaxa davaya qədər uzanıb. P.Hüseyn heç kimdən qorxmadığını və savaşmağa hazır olduğunu söyləməklə, A.Hacılını çölə çıxmağa dəvət edib.

Vəziyyətin çərçivədən çıxdığını görən AXCP sədri Əli Kərimli söz alaraq gərginliyi aradan qaldırmağa cəhd göstərsə də, dava edən hər iki tərəf "cəbhə" sədrinə barmaq silkələyərək, daxili işlərinə qarşışmamağı tövsiyyə ediblər. İclas heç bir nəticə vermədən sona çatıb.

RÖVŞƏN NURƏDDİNOĞLU

P.S. Artıq "İctimai Palata"nın sonuncu qalmaqallı sessiyası başa çatsa da, onun səs-sorağı sosial şəbəkələrdə geniş müzakirələr obyektinə çevrilib. Hər iki tərəfin adamları arasında kütləvi "razborkalara" qədər uzanan savaşın nəticələrini isə indidən müəyyənləşdirmək mümkündür. Və əslində, bu halın baş verəcəyini mətbuat çoxdan proqnozlaşdırırdı. Qalırdı ki, bunun reallaşmasına ki, necə deyərlər, gözləntilər özünü kifayət qədər doğrultdu.

Digər xəbərlər