Mais Səfərli: "Azərbaycanda qanunsuz aksiyaların keçirilməsi yolverilməzdir"
Ölkəmizdə dağıdıcı müxalif qüvvələri icazəsiz aksiyalar keçirmək "taktikasına" çoxdan yiyələniblər. Beş-on nəfəri ətrafına toplayıb mövcudluğunu sübut etməyə cəhd göstərən, amma əslində, cəmiyyətdə heç bir dayaqları, siyasi nüfuzu olmayan müxalifəti təmsil edən qüvvələr tərəfindən keçirilən icazəsiz aksiyaların bu günə qədər heç bir nəticəsi olmayıb. Müxalif qüvvələr icazəsiz aksiyalarını daha çox şəhərin mərkəzində, insanların gur olduğu məkanlarda keçirmək cəhdləri onların sosial bazasının və xalq tərəfindən arxa-dayağının olmamasının nəticəsidir. Bu da bir daha müxalifətin uğursuzluğunu sübut edir. Görəsən, bu qədər uğursuz cəhddən sonra nəyə görə müxalifət düşərgəsini təmsil edən qüvvələr bu çirkin və haqsız əməllərindən əl çəkmək istəmirlərmi?
Məsələyə münasibət bildirən "Yurddaş" Partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycanda hər hansı kütləvi tədbirlər keçirmək, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, QHT-lərin və ictimai birliklərin hüququdur: "Burada icazəli tədbirlərdən söhbət gedir. Kütləvi təbdirlər keçirmək, o demək deyil ki, hansısa partiya harada istəyirsə, orada da aksiyasını keçirə bilər. Yəni, ölkədə hər hansı bir kütləvi tədbirin keçirilməsi elə təşkil olunmalıdır ki, vətəndaşların hüquq və azadlıqlarını pozmasın. Ona görə də, kütləvi tədbirlər icra hakimiyyəti orqanları ilə razılaşdırılmış şəkildə keçirilməlidir. Amma müxalifət qüvvələri icazəli aksiyaların keçirilməsini istəmir. Demək olar ki, müxalifət daha çox icazəsiz aksiyaların keçirilməsinə üstünlük verir. Ümumiyyətlə, hər hansı bir ölkədə istənilən icazəsiz aksiyaların keçirilməsi sonda uğursuzluğa gətirib çıxarır. Çünki icazəsiz aksiyaların keçirilməsi ölkə vətəndaşlarının sabitliyini pozmasına yol açır. Bu da sonda xoşagəlməz hadisələrin yaranmasına gətirib çıxara bilər".
"Azərbaycanda hər hansı bir partiya tərəfindən qeyri-qanuni icazəsiz aksiyaların keçirilməsi yolverilməzdir" deyən partiya sədri onu da bildirib ki, Azərbaycan qanunlarla idarə olunan bir dövlətdir: "Bu günə qədər qanunlar çərçivəsində hər hansı bir qüvvə tərəfindən ölkədə xoşagəlməz halların yaranmasının qarşısı alınıb və alınacaq".
GÜLYANƏ