PDF Oxu

Müxalifət

  • 26

AXCP-DƏ İSTEFA ÇAĞIRIŞLARI SƏNGİMİR

Əli Kərimlidən növbədənkənar qurultayın keçirilməsi tələb olunur

AXCP-DƏ İSTEFA ÇAĞIRIŞLARI SƏNGİMİR

AXCP daxilində yaranan partiyadaxili narazılıqlar bu dəfə daha kəskin xarakterə doğru yönəlməkdədir. Qeyd edək ki, hələ ötən aylardan başlayaraq, "cəbhə" funksionerlərinin əksəriyyəti siyasi təşkilatda islahatların aparılması tələbi ilə çıxış edib. Onların növbəti tələblərindən biri də partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlıdır. Belə ki, narazı qüvvələr həmin qurultayda Ə.Kərimlinin fəaliyyəti ilə yanaşı, "cəbhənin" digər siyasi təşkilatlarla normal əməkdaşlıqlara səy göstərməməsi, eyni zamanda, partiya sədrinin dəyişdirilməsi kimi məsələləri qaldırmaq niyyətindədirlər. Tələblər arasında "İctimai Palata"nın tərkibindən çıxmaq kimi məsələlər də yer alıb.

Ultimativ bəyanatdan: "AXCP-dəki fəaliyyətimizi mümkünsüz hesab edirik... Demokratiya "cəbhəsi"nin heç bir perspektivi yoxdur".

Xatırladaq ki, AXCP daxilində yaranmış situasiyanı ictimai rəydən yayındırmaq üçün Ə.Kərimli bir neçə istiqamətdə planlarını yürütməyə cəhd göstərsə də, onun məqsədləri reallaşmayıb. Belə ki, "cəbhənin" Sumqayıt şəhər təşkilatında yaranmış ilk qığılcımlar partiya sədrinin planlarını alt-üsr edib. Məsələ ondadır ki, hələ sentyabr ayının sonlarından başlayaraq, AXCP-nin Sumqayıt şəhər təşkilatının aparıcı funksioneri Namiq Əhmədli "cəbhənin" "İctimai Palata"dan uzaqlaşması tələbini riəli sürmüşdü. Və əlbəttə ki, "cəbhə" fəalı bunu özbaşına deyil, məhz şəhər təşkilatının sədrinin tapşırığı ilə reallaşdırmışdır. Ancaq əsas məsələlərdən biri də budur ki, xüsusi tapşırıq AXCP sədrinin müavinlərinin birindən gəlmişdir. Məhz həmin ərəfələrdə narazı "cəbhə" fəalları Ə.Kərimidən "İctimai Palata"dakı təmsilciliyindən rəsmi şəkildə imtina etməsini tələb ediblər. Narazılar onların çoxsaylı tələblərinə partiya sədrinin önəm verməməsini əsas götürərək AXCP sıralarından və "İP"-dən istefa verdiklərini bəyan ediblər: " AXCP-də Elçibəy-Rəsulzadə kursundan "muzdlu sapmalar" müşahidə olunur və bu səbəbdən də, AXCP-dəki fəaliyyətimizi mümkünsüz hesab edirik".Bundan başqa, N.Əhmədli AXCP-Musavat müxalifətçiliyindən bezdiyini də bildirib: "Mən əməli mübarizənin aparıldığını görmürəm. Bundan sonra siyasi mübarizəmi müstəqil şəkildə aparacam. Hesab edirəm ki, "süni" və "sifarişli" demokratiya "cəbhəsi"nin heç bir perspektivi yoxdur".

Əgər AXCP-də növbədənkənar qurultay keçirilərsə...

Maraqlıdır ki, sözügedən istefa ərizələrinin eyni üslubu növbəti dəfə başqa narazı "cəbhəçilər" tərəfindən imzalanıb. Hazırda Ə.Kərimli çıxış yolu tapa bilməyərək, dalana dirəndiyini gizlədə bilmir. Belə ki, əldə etdiyimiz son məlumatlara görə, o öz yaxın ətrafına növbədənkənar qurultay keçirməkdən başqa çarəsinin qalmadığını bildirib. Onu da vurğulamaq mümkündür ki, əgər AXCP-də növbədənkənar qurultay keçirilərsə, partiyanın bir çox rayon təşkilatlarında konfransların keçirilməsi mümkünsüz olacaq. Çünki həmin təşkilatların əksəriyyəti fəaliyyətsiz vəziyyətdədirlər. Nəticədə isə, bir daha bəlli olur ki, Ə.Kərimli qurultay keçirmək istəsə belə, bunu gerçəkləşdirə bilməyəcək. Onun partiya sədrliyindən istefa verməkdən başqa çıxış yolunun qalmadığı özü tərəfindən də istisna edilmir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər