Və ya Müsavat anti-Azərbaycan planlarında iştirak üçün təklif gözlədiyini bəyan edir
Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca, Azərbaycana təzyiq etmək marağında olan bir sıra qərəzli qüvvələri müxtəlif vasitələrdən istifadə etməklə, niyyətlərini reallaşdırmağa çalışır. Bəzi ekspertlərin fikrincə, bu cür təzyiq küləkləri isə Rusiyadan gəlir. Çünki Rusiya daxilində özünü azərbaycanlı kimi təqdim edən Söyün Sadıqov, Rüstəm İbrahimbəyov kimilər müxtəlif adlar altında ölkəmizə qarşı təzyiq platforması formalaşdırırlar. Əlbəttə ki, burada o qədər də təəccübləndirici hal o qədər də çox deyil.
Çünki adları çəkilənlərin Azərbaycanla bağlı şəxsi maraqları antimilli mövqe tutmağa sövq edir. Amma qəribə vəziyyət ondan ibarətdir ki, hər zaman Qərb dünyasının anti-Azərbaycan dairələrinin direktivlərini almağa öyrəşmiş radikal müxalifət nədənsə, Rusiyadakı anti-Azərbaycan mərkəzlərinə meyillənməyə başlayıb. Konkret olaraq, Müsavat partiyasının başqanı İsa Qəmbər "Yeni Müsavat" qəzetinə müsahibəsində Rusiyadakı anti-Azərbaycan mərkəzlərinə işbirliyi qurmaq üçün sətiraltı müraciətlər edib.Belə ki, müsahibəsində "Müsavat partiyası heç zaman Rusiyaya qarşı olmayıb və ola da bilməz" deməklə, həmin mərkəzlərlə əməkdaşlığa maraqlı olduğunu ortaya qoyur. Əslində, Müsavat partiyasının başqanı İsa Qəmbərin belə bir fikir səsləndirməsi onu göstərir ki, artıq Qərbdə heç bir qüvvə onlarla işləmək istəmir. Çünki Müsavat partiyası nəinki ölkədəki demokratikləşmə prosesinə təsir etmək, hətta ətrafına 1000 nəfər də yığmaq gücündə deyil. Onun fəaliyyət istiqaməti yalnız icazəsiz aksiyalar vasitəsilə qarışıqlıq yaratmaqdan ibarətdir. Rusiyadakı anti-Azərbaycan mərkəzlərinin də məqsədi odur ki, ölkəmizdə qarışıqlıq yaratsınlar və bu səbəbdən də, Müsavat partiyası öz xidmətlərini onlara təklif edir.İsa Qəmbər həmin müsahibəsində, həmçinin, deyir ki, "Müsavat partiyası heç zaman əsas arqumentləri pul olan qüvvələrə birinci yaxınlaşmayıb. Onlara nə vaxt lazımdır, nə vaxt yaxınlaşacaqlar biz də təkliflərinə diqqət eləyəcəyik". Bunları söyləməklə İsa Qəmbər deməyə çalışır ki, Müsavat partiyası anti-Azərbaycan mərkəzlərindən təkliflər gözləyir. Əgər İsa Qəmbərə lazım olan qədər maliyyə ayrılarsa, o zaman o da bütün Müsavat partiyasının potensialını anti-Azərbaycan istiqamətində səfərbər edəcək."Biz heç zaman, xüsusən də, pullu adamlara birinci müraciət eləməmişik. Onlar istəyiblərsə, müraciət ediblər, biz də baxmışıq ki, nə deyirlər. Ağıllı söz deyiblərsə, diqqətə almışıq, mənasız söhbət ediblərsə, diqqətə almışıq" - deyən İsa Qəmbər bir sıra qaranlıq qalmış məqamlara da aydınlıq gətirmiş olub. Belə ki, ilk növbədə, pullu anti-Azərbaycan mərkəzlərinə müraciət etməklə, İsa Qəmbər antimilli planlarda iştirak etmək niyyətini ortaya qoyub. Həmçinin, Müsavat başqanı etiraf edib ki, onlara dəfələrlə Azərbaycanın milli maraqlarına qarşı çıxış etmək üçün müraciətlər olub və onlar da bu fəaliyyətdə iştirak ediblər. Lakin bu fikirdə əsas ana xətti təşkil edən məqam ondan ibarətdir ki, İsa Qəmbər "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsindəki kimi yenidən siyasi sabitliyi pozmağa hazır olduqlarını dilə gətirib.İsa Qəmbər həmin müsahibəsində, qəribə də olsa, Müsavat partiyasının sosial dəstəksiz olduğunu da dilə gətirib və digər məsələlərə də aydınlıq gətirib. O deyib ki, "bizim müttəfiqlər Gürcüstanda çox sayılan, hörmət edilən bir partiyadır, ancaq eyni zamanda, böyük elektoral dəstəyi yox idi". Bu fikirlərdə isə İsa Qəmbər belə bir məntiqi ortaya qoymağa çalışır: Bəli, əvvəllər Rusiyada yaşamış, sonradan isə Gürcüstana gəlmiş İvanişvili müxtəlif vasitələrlə hakimiyyətə gəldi. Yəni, dəstəyi birbaşa olaraq, Rusiyadakı anti-Gürcüstan dairələrindən aldı. Baxmayaraq ki, İvanişvilinin xalq arasında dəstəyi yox idi, o, pulun hesabına dövlətdə özünə mövqe tutdu. Bunu öz üzərinə transformasiya edən İsa Qəmbər demək istəyir ki, bizim də sosial dəstəyimiz yoxdur. Amma pulun hesabına Azərbaycanda qarışıqlıq yarada bilərik. Bununla yanaşı, İsa Qəmbər Rusiyadakı anti-Azərbaycan mərkəzlərinin maliyyə dəstəyini almaq üçün ölkədəki digər partiyaları Müsavatla koalisiya yaratmağa da səsləyir.Bir sözlə, Müsavat başqanı İsa Qəmbər Rusiyadakı anti-Azərbaycan mərkəzlərinə mesaj göndərməklə, antimilli fəaliyyətə hazır olduğunu nümayiş etdirib. Amma İsa Qəmbər bir sıra faktları unutduğunu da onun yadına salmaq istəyirik. Birincisi, İsa Qəmbər Rusiya ilə Azərbaycan arasındakı strateji münasibətlərin səviyyəsini unudub. Heç bir halda Rusiyanın hakim dairələri imkan verməz ki, Azərbaycanla olan münasibətlərinə kölgə salınsın və bu işdə onların adları çəkilsin. İkincisi, Azərbaycan dövlətinin öz qüdrətini yaddan çıxarmaq lazım deyil. Ölkəmiz hansısa dövlət kimi müəyyən güclərin hesabına deyil, öz hesabına güclənib. Azərbaycan 1990-cı illərin əvvəllərindəki AXC-Müsavat hakimiyyətinin dönəmindəki dövlət deyil. Bu gün Azərbaycan YAP-ın hakim partiya olduğu çox qüdrətli dövlətdir və regional güc kimi öz sözünü deməyi bacarır. Azərbaycan xalqı da bu səbəblərdən hakimiyyətə dəstək verir və onun siyasi iradəsini təşkil edir. Bu səbəbdən də, əminliklə demək olar ki, nəinki bu gün, hətta perspektivdə də Azərbaycanda xarici maraqlara xidmət edən planlar reallaşmayacaq. Amma hər kəsi maraqlandıran sual ondan ibarətdir ki, İsa Qəmbərin RATİ-yə sevgisi nədən qaynaqlanır və nə üçün Müsavat anti-Azərbaycan planlarında iştirak üçün təklif gözləyir?
"Səs" Analitik Qrupu