PDF Oxu

Müxalifət

  • 19

Müxalifət partiyaları ciddi böhran içərisindədir

Aydın Mirzəzadə: "Müxalifət partiya lideləri rahat otaqlarında əyləşərək, gəncləri qeyri-qanuni aksiyalara cəlb edir"

Müxalifət partiyaları ciddi böhran içərisindədir

Dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyalar ciddi problemlər yaşayır. Bu problemlərin başlıca səbəbi partiya rəhbərlərinin yarıtmaz fəaliyyəti, ictimai-siyasi prosesləri düzgün qiymətləndirmək bacarığının olmaması və özlərini gündəmdə saxlamaq üçün daha çox dağıdıcılıq və pozuculuğa meyl etməsidir. Elə bunun nəticəsidir ki, müxalifətin gənclər siyasəti də iflasa uğrayıb.

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, tək Müsavat və AXCP deyil, müxalifət partiyalarının bir çoxu ciddi böhran içərisindədir. Çünki bu partiyaların problemlərinin həllinə dair aydın proqramı yoxdur. Bununla yanaşı partiya liderlərinin gəncləri partiya rəhbərliyinə buraxmaması tendensiyası var".

Millət vəkilinin sözlərinə görə müxalifət partiyalarının sivil, demokratik proseslərdən uzaq olması partiyalara çox ciddi problemlər yaradır: "Təsadüfi deyil ki, bu gün onların regionlarda ərazi təşkilatları yoxa çıxıb və yaxud da tək insanlarla təmsil olunur. Onlar nizamnamə ilə keçirilməli olan qurultaylarını müxtəlif bəhanələrlə təxirə salmağa çalışırlar. Müsavat partiyası 2 il əvvəl qurultay keçirib, öz rəhbərliyini formalaşdırmalı idi. Ancaq yer məsələsini bəhanə gətirərək, faktiki olaraq qeyri-legitim partiyaya rəhbərlik edir. Sözsüz ki, partiya elektoratı partiya rəhbərliyindən bu müddət ərzində hər hansı uğur əldə edə bilməməsinin səbəbini soruşacaq. Konkret Müsavat partiyasına gəldikdə isə qurultayın keçirilməməsinin səbəbi hal-hazırda rəhbər olan İsa Qəmbərin öz yerini nizamnamə ilə başqasına vermək istəməməsidir. İsa Qəmbər nə qurultay keçirmək istəyir, nə də başqanlıqdan getmək istəyir".

Millət vəkili A.Mirzəzadə onu da qeyd etdi ki, bunların hamısı ona gətirib çıxarır ki, bu gün müxalifət partiyaları həm cəmiyyət, həm də elektorat qarşısında qalxan bir çox suallara cavab vermək istəmir. Eyni zamanda, müxalifət partiyalarının bir problemi də gənclərdir. Bu gün demokratik düşüncəli gənclər müxalifət partiyalarına getmək istəmir. Çünki müxalifət partiya lideləri rahat otaqlarında əyləşərək, gəncləri qeyri-qanuni aksiyalara cəlb edir.

Babək Hacıyev

Digər xəbərlər