Musa Qasımlı: "ATƏT nümayəndəsinin söylədikləri real, gerçəkliyi əks etdirdiyindən, sosial dayaqlarını itirmiş müxalifət tərəfindən qəzəblə qarşılanır"
ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay bir müddət öncə "Azadlıq radiosu"na müsahibəsində qeyd etmişdi ki, Azərbaycanda bütün sahələrdə irəliləyiş var: "İnsan haqları sahəsində də irəliləyiş var - 20 il əvvəllər müqayisə etsəniz, irəliləmə görərsiniz. Hüququn üstünlüyü, demokratikləşmə sahəsində irəliləmələr var. İqtisadi və ətraf mühit sahələrində daha çox irəliləmə var. Bütün sahələrdə aldığımız nəticələrdən razıyıq. Biz dövlət qurumları, vətəndaş cəmiyyətləri, ombudsman, siyasi partiyalarla əməkdaşlıq edirik ki, daha yaxşı nəticə ala bilək. Bütün sahələrdə irəliləyiş var. 20 il öncə ilə tutuşdurmaq lazımdır. Bunun üçün bir yol planı çərçivəsində, müəyyən zamanları müqayisə etsəniz, irəliləmə görərsiniz". ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqayın bu fikirləri dağıdıcı müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Bu məqsədlə noyabrın 20-də "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nin (DQMM) yığıncağı keçirilib. Yığıncaqda diplomatın Azərbaycan haqqında söylədikləri fikirlər hiddətlə qarşılanıb və səfirin geri çağırılması tələbi ilə bəyanat qəbul edilib.
Məsələ ilə bağlı millət vəkili Musa Qasımlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqayın səsləndiyi fikirlər tamamilə gerçəkliyi özündə əks etdirir: "Həqiqətən də, Azərbaycan 10, 20 il əvvəlki Azərbaycan deyil. Hər bir azərbaycanlı siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın inkişafına sevinməlidir. ATƏT nümayəndəsinin bu fikirləri təşkilatın sənədlərində qeyd olunur, Azərbaycan haqqında müsbət fikir formalaşır. Bundan əndişə duymaq kimə xidmət edir və nə üçündür? Hesab edirəm ki, ATƏT nümayəndəsinin söylədikləri, real gerçəkliyi əks etdirdiyindən, sosial dayaqlarını itirmiş müxalifət tərəfindən qəzəblə qarşılanır".
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda yaradılan bir siyasi partiya ölkə qanunları ilə idarə olunur, fəaliyyət göstərir. Xarici qüvvənin yardımına axtarışlar həmişə uğursuz olub, bu dəfə də uğursuz olacaq.
Babək Hacıyev