"Vahid namizəd" amilinin "əsas namizəd" iddiasına dəyişdirilməsi Əli Kərimli-İsa Qəmbər qarşıdurmasını daha da şiddətləndirəcək
Müxalifət düşərgəsinin dağıdıcı qütbündə yer alan iki ambisioz siyasi partiya sədrlərinin - Əli Kərimli-İsa Qəmbər cütlüyünün "vahid namizəd" amili ətrafında razılaşdırdıqları təkliflərindən bir ay keçməmiş sözügedən məsələ yenidən və bu dəfə daha sərt şəkildə gündəmə çıxıb. Xatırladaq ki, hələ ötən aylarda AXCP və Müsavat rəhbərliyi "vahid namizəd" amilinin müxalifətin ümumi işinə zərərli olduğunu bildirirdilər. Onlar öz müsahibə və açıqlamalarında qeyd edirdilər ki, hər iki partiya bu məsələ ətrafında heç bir iddia ilə çıxış etməyəcəklər. Çünki post-seçki dövrü həmin məsələnin gündəmdə qalması onsuz da mövqeləri zəif olan hər iki siyasi təşkilatı daha dərindən parçalaya bilər. Ancaq buna rəğmən, "vahid namizəd" amili ilə yanaşı "əsas namizəd" iddiasının da mövcudluğu bir iddia kimi partiyalararası münasibətləri gərgin saxlamaqda davam edir.
Artıq ambisiyalar tamamilə aşkar qaydada səsləndirilir. Belə ki, həm Ə.Kərimli, həm də İ.Qəmbər özlərinə yaxın yazılı və elektron mətbuat səhifələrində, eyni zamanda, şəxsi bloqlarında və sosial şəbəkələrdə "vahid namizəd" və "əsas namizəd" məsələsi ətrafında təbliğatlarını aparmağa başlayıblar.
Əli Kərimli: "Prezidentliyə namizəd olanda..."
İlk görünüşdə bir-birlərinə qarşı guya müttəfiq kimi davrandıqlarını nümayiş etdirməyə səy göstərən partiya sədrləri, əslində, zaman keçdikcə, seçkilər yaxınlaşdıqca daha sərt mövqelərini ortaya qoymaqdadırlar. Məsələn, AXCP sədri "twitter" sosial şəbəkəsində yazıb ki, AXCP Müsavatın müttəfiqidir və bura təəccüblü heç nə yoxdur. Lakin prezidentliyə namizəd kimi, müxalifət tərəfindən yalnız özünü görür. Hətta inamla bildirir ki, namizəd məhz onun özü olacaq: "Prezidentliyə namizəd olanda, (?!-R.) mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm".
Sözsüz ki, belə iddia boş yerdən yaranmayıb. Yəni həmin iddianın cavab xarakterli olması da göz önündədir. Çünki Ə.Kərimlidən qabaq, buna bənzər açıqlama ilə İ.Qəmbər çıxış etmişdi.
İsa Qəmbər: "Mənim qərarım prezident seçkisində iştirak etməkdir"
Müsavat başqanı "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində bildirmişdi ki, "əsas namizəd" olduqdan sonra, öz komandasında "cəbhəçiləri" də bir yerə cəmləyəcək: "Bu günə İsa Qəmbər olaraq mənim qərarım prezident seçkisində iştirak etməkdir (?!-R.)... Mənim bugünkü qərarım budur. O komandada müsavatçılar olacaq, bizim müttəfiqlərimiz cəbhəçilər və digər demokratik qüvvələr, heç bir partiyada təmsil olunmayan mütəxəssislər olacaq".
Göründüyü kimi, iddialı açıqlamalarında guya qarşı tərəfə "hörmət" göstərdiklərini sərgiləyən hər iki partiya sədri, əslində, qarşıdakı günlərdə və aylarda bu kimi davranışlarını da kənara qoymağa başlayacaqlar. Çünki 2013-cü il yaxınlaşdıqca "vahid namizəd", ya da "əsas namizəd" iddiaları ətrafında aparılan polemikalar aşkar düşmənçiliyə çevriləcək. Daha dəqiq desək, uzun illər boyu ictimaiyyətin şahidi olduğu AXCP-Müsavat qarşıdurması bu dəfə hər iki partiya üçün daha ağır itkilərlə nəticələnməsinə gətirib çıxaracaq.
AFƏT TAHİRQIZI