PDF Oxu

Müxalifət

  • 26

Elçibəyə sui-qəsd iddiası Əli Kərimlini ciddi təlaşlandırıb

AXCP sədri Hafiz Hacıyevə və Elman Türkoğluna "öləcəksiniz" mesajı göndərib

Elçibəyə sui-qəsd iddiası Əli Kərimlini ciddi təlaşlandırıb

Mərhum AXCP lideri Əbülfəz Elçibəyin həyatına edilmiş sui-qəsd məsələsi yenidən gündəmi tutmaqdadır. Belə ki, son günlər "cəbhəyə" xüsusilə, Əli Kərimliyə yaxın müxalifət mətbuatı müxtəlif vasitələrlə ictimaiyyəti aldtamağa yönəldilmiş məlumatlar yaymaqla məşğluldur. Həmin məlumatlarda bildirilir ki, guya sözügedən iddia ətrafında heç bir dəlil-sübut olmadığına görə, Baş Prokurorluq cinayət işini bağlamaq niyyətindədir. Başqa tərəfdən də deyilir ki, Elçibəyin ailə fərdləri sözügedən məsələnin qapadılmasının tərəfdarlarıdırlar. Lakin bütün bunlara baxmayaraq, prokurorluq orqanları həmin məsələ ətrafında öz işini apardığını bəyan edib və AXCP sədrinin dezinformasiya siyasəti baş tutmayıb.

Prokurorluqdakı mənbə bildirib ki, bu barədə yayılan informasiya yalandır və görünür, kimlərinsə istəyinə uyğun olduğu üçün dövriyyəyə buraxılıb. Mənbə istintaqa mətbuatda açıqlananlardan çox-çox artıq şeylərin məlum olduğunu da bildirib, Məhz bu səbəbdən də Ə.Kərimli özünə yaxın bildiyi inanılmış adamlarına başqa tapşırıq verib. Əldə etdiyimiz məlumatlara görə, hazırda Elçibəyin zəhərlənərək öldürülməsi iddiasında bulunan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev və bayraqdar Elman Türkoğlu Ə.Kərimlinin adamları tərəfindən təqib olunmaqdadırlar.

Sözügedən məsələ ilə bağlı maraqlı tərəf olduğunu deyən MMP sədri Hafiz Hacıyev müxalifət mətbuatının yaydığı dezinformasiyalara rəğmən bildirib ki, artıq fakt tam sübuta yetirilib. Belə ki, hüquq-mühafizə orqanları çox ədalətli, geniş və əhatəli istintaq hərəkətlərini davam etdirirlər. Ancaq buna baxmayaraq, Ə.Kərimli sudan quru çıxarmaq üçün "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində guya işə xitam verildiyini bildirir.

Hafiz Hacıyev:"Sui-qəsddə Müsavat başqanı İsa Qəmbərin də adı var"

H.Hacıyev bir daha təfərrüatlara vararaq, xatırladıb ki, Ə. Elçibəy ölümündən 4-5 gün əvvəl İsa Qəmbəri yanına çağıraraq "məni Əli Kərimli öldürdü" deyib: "Bu ölüm işində İ.Qəmbərin əlinin olması faktı da artıq tam sübuta yetirilir. Ona görə də, bu gün Ə.Kərimlinin dəstəsi, adını çəkdiyim iki qəzet məsəlini ictimaiyyətin diqqətindən yayındırmaq, xalqı çaşdırmaq üçün canfəşanlıq edirlər. Ə.Kərimli "Azadlıq" qəzetinin 21 noyabr sayına açıqlamasında məni təhqir edib. Bu təhqir və hədələrlə bağlı partiyanın idarə heyətində hüquq-mühafizə orqanlarına müraciət etməklə bağlı qərar qəbul etdik. Əgər hüquq-mühafizə orqanları Ə.Kərimli və "Azadlıq" qəzetində mənim haqqımda təhqirə, hədəyə yol verən insanlar barəsində qəti tədbirlər görməsə, biz onlardan dədə-baba qaydasında öz qisasımızı almalı olacağıq".

"Əli Kərimlinin Elçibəyi zəhərləməsi faktı 99 yox, 199 faiz tam sübuta yetirilib"

Qaldırılmış cinayət işi ilə bağlı 100-ə yaxın, bəlkə də, 100-dən çox insanın dindirildiyini deyən H.Hacıyev qeyd edib ki, Elçibəyin yaxın ətrafı, onun qohumları, eləcə də, bir neçə gün bundan öncə, onun həyat yoldaşı və oğlu da dindirilib. Məhz bu səbəbdən, Ə.Kərimli gah zəhərləyərək öldürdüyü liderinin ailəsi və oğlu adından qəzetlərdə yalan məlumatlar yaydırır, gah da öz emissarlarını qapı-qapı salıb gəzdirməkdə, "mənim bu işdə əlim yoxdur" kimi ismarıclar yollayır: "O zaman belə bir sual ortaya çıxır ki, nəyə görə Ə.Kərimlinin həmin ərəfədə Elçibəyin zəhərləndirilməsi ilə bağlı cızdığı plan bu gün milli təhlükəsizlik orqanlarının əlindədir. Həmin plan digər qonşu dövlətlərin də təhlükəsizlik orqanlarının əlinə keçib. Bir daha qeyd etmək istəyirəm ki, Elçibəyin zəhərləndirilməsi ilə bağlı istintaq hərəkətləri bu gün də davam etdirilir. Bu insanlar Azərbaycan ictimaiyyətini çaşdırmaq üçün əllərində olan qəzetlər vasitəsilə xalqa yanlış informasiya verirlər... Məndə olan çox dəqiq məlumata görə, Ə.Kərimlinin Elçibəyi zəhərləməsi faktı 99 yox, 199 faiz tam sübuta yetirilib".

"Azərbaycan qanunlarına uyğun olaraq, kimlərin razı olub-olmamasından asılı olmayaraq Elçibəyin qəbri açılacaq"

Mərhum AXCP liderinin ekskumasiyası üçün məzarının açılacağını da istisna etməyən MMP sədri həmin məzarın açılmaması üçün Ə.Kərimlinin etiraf etməsi gərəkliyini bildirib. H.Hacıyevin fikrincə, AXCP sədri yaxın günlərdə istintaqa çağırılaraq dindiriləcək: "Əgər Ə.Kərimli səmimi etiraf etsə ki, o, həqiqətən də, Elçibəyi zəhərləyib, bu zaman Elçibəyin qəbri açılmayacaq. Yox, əgər bu işdən xəbəri olmadığını israr etsə, Azərbaycan qanunlarına uyğun olaraq, kimlərin razı olub-olmamasından asılı olmayaraq Elçibəyin qəbri açılacaq. Çünki bəzən belə fikirlər səsləndirilir ki, ailəsinin razılığı olmasa qəbir açılmayacaq. Bu, qətiyyən belə deyil. Ölkənin Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində bu məsələlər öz əksini tapıb. Elçibəyin qəbri heç bir razılıq olmadan açılacaq. Mən əminəm ki, bu zaman onun zəhərləndirilməsi faktı tam sübuta yetiriləcək. İstintaq bu gün bu axarla gedir. Hər halda, istintaqın yekununu gözləməyə məcburuq. Yekunda da materiallar məhkəməyə veriləcək".

"Əli Kərimlinin ad gününün harada və necə qeyd olunmasının xəritəsi hazırlanaraq çap olunub"

İddiaçı MMP sədri KXCP sədri Mirmahmud Mirəlioğlunun, Elçibəyin prezident olarkən onun bütün mühafizə xidmətinin, yaxın qohumlarının əksəriyyətinin, Əli Mürsəloğlunun, mühafizəçisi olmuş Mərdan Həsənoğlunun, Elçibəyi Bakıda müalicə edən həkimlərin, onun vaxtilə Mərdəkanda bağında qaldığı Rafiq Ağayevin artıq dindirildiyini bildirib. Hazırda dindirilmək üçün Elçibəyin Almaniyada olan sürücüsünün axtarıldığını da deyən H.Hacıyev, eyni zamanda, Elman Türkoğlunun və mərhum "cəbhə" liderinin ölümünü araşdıran jurnalist Qızılgül Abdinovanın da istintaq zamanı dindirildiklərini xatırladıb.

H.Hacıyev məsələ ilə bağlı hələ bir çox insanların dindiriləcəyini də istisna etməyib. Belə ki, AXCP sədri Pənah Hüseynin, KXCP Ali Məclisinin sədri, AXCP daxilindəki "Yurd" İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan xüsusi komissiyanın sədri olmuş, "Xalq Cəbhəsinin "Yurd" həqiqətləri" adlı kitab yazan Bəybala Əbilin, Elçibəyin vaxtilə köməkçiləri olmuş Oqtay Qasımovun ifadəsi alınıb: "Ə.Kərimlinin ad gününün harada və necə qeyd olunmasının xəritəsi hazırlanaraq çap olunub. Həmin ərəfədə kimlərlə telefon əlaqəsi saxlanılıb və sair məsələlər istintaq tərəfindən tam araşdırılıb. Bakı Şəhər Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb və çox ədalətli, düzgün, obyektiv bir istintaq gedir. Çox sağ olsunlar ki, Elçibəyin zəhərləndirilməsi faktının üstünü mən deyərdim tamamilə açıblar".

"Həmin o mətni də Əli Kərimli hazırlayıb...O mətnin kimlər tərəfindən Elçibəyin ailəsinə aparılıb qol çəkdirilməsi də müəmmalı məsələdir"

Elçibəyin ailə üzvlərinin istintaqın aparılmasına qarşı "etirazlarına" gəlincə, MMP sədri bildirib ki, bu, onun ailə üzvlərinin arzusu ola bilər. Lakin Elçibəy təkcə bu ailənin prezidenti olmayıb. Ailə üzvlərinin etiraz çağırışı mətninin də məhz Ə.Kərimli tərəfindən hazırlandığını deyən H.Hacıyev onu da vurğulayıb ki, noyabrın 21-də mərhum AXCP liderinin ailə üzvləri məsələnin üstünün açılacağına inanmadıqlarını bildiriblər: " Onlar ailə üzvləri kimi cinayət işinin bağlanmasına çağırış edə bilərlər. Həmin o mətni də Kərimov Əli hazırlayıb. O mətnin kimlər tərəfindən Elçibəyin ailəsinə aparılıb qol çəkdirilməsi də müəmmalı məsələdir. Məndə olan məlumata görə, ailə üzvləri noyabrın 21-də verdikləri ifadədə bu məsələnin üstünün açılacağına inanmadıqlarını bildiriblər. Amma onlar da Elçibəyin bu müəmmalı ölümünün üstünün açılmasını arzu edirlər. Onlar bilməlidirlər ki, Azərbaycanın hüquq-mühafizə orqanları onlara bu sirrin açılmasında çox böyük köməklik edir. Bu cinayət işinin üstünün açılması hüquq-mühafizə orqanlarının da arzusudur. Çünki bu cinayət işi təkcə bununla bitmir. Bununla Ə.Kərimlinin digər cinayətlərinin də, Azərbaycan daxilində gedən digər proseslərin də üstü açılacaq. Hər halda Ə.Kərimli ilə kimlər əlbir olub, proses necə olub, sifarişi kim verib, sifarişdə vaxtilə hakimiyyətdə olanlardan kimlər iştirak edib və sair məsələlərin üstü açılacaq. Elçibəyin ailəsinin razı olub-olmamasından asılı olmayaraq, artıq bu cinayət işinə başlanılıb və istintaq gedir".

"Əli Kərimli və İsa Qəmbərlə baş tutacaq məhkəmədə üzləşməmizi bütün Azərbaycan xalqı görəcək"

Hazırda dəfələrlə özünün və Elman Türkoğlunun Ə.Kərimıli tərəfindən təhdid edildiyini deyən H.Hacıyev heç nədən qorxmadığını və sona qədər gedəcəyini vurğulayıb. O bildirib ki, bu gün Ə.Kərimli ilə yanaşı, İ.Qəmbər də ciddi təlaş keçirməkdədir. Çünki onlar həqiqətdən, ədalətdən qaça bilməyəcəklərini kifayət qədər yəqinləşdiriblər: "Onu da deyim ki, bu gün mənə Ə.Kərimli tərəfindən böyük hədələr gəlir. Amma o, bizi hədələməklə heç nəyə nail ola bilməyəcək. O, bu gün çox qorxur və narahat bir həyat yaşayır. Əl altından da bizə minnətçilər göndərirlər və çalışırlar ki, biz bu məsələdə axıradək getməyək. Hətta bizi nəzərdə tutub belə fikirlər yayır ki, "mən hakimiyyətə gələndə bunlara kömək edərəm", bəzən deyir ki, "ifadəsini geri götürməsə bunu öldürtdürəcəm", "hakimiyyətə gələndə tutduracam". Amma onu da deyim ki, nə qədər Azərbaycanda Hafiz Hacıyev var, nə Ə.Kərimli, nə də İ.Qəmbər hakimiyyət üzü görməyəcək. Bunlar hakimiyyətdə bir dəfə olublar, həmin vaxt da Azərbaycan xalqına, o cümlədən, Azərbaycanın milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə xəyanət ediblər. Mən belə xəyanətkarların hakimiyyətə gəlməsinə imkan verərəmmi? Ona görə də, mübarizəmiz axıra qədərdir. Ə.Kərimlinin məni araması, İ.Qəmbərin hədələməsi, qəzetlərində təhqir etdirməsi məni yolumdan döndərən deyil. Mənim fikrim qətidir. Məhkəmədə üzləşməmizi də bütün Azərbaycan xalqı görəcək".

Göründüyü kimi, sözügedən iddia getdikcə öz təsdiqini tapmaq üzrədir. Məhz bu səbəbdən də, mətbuatlarında dezinformasiya xarakterli məlumatlar yayan AXCP və Müsavat rəhbərliyi həmin vasitə ilə xalqda çaşqınlıq yaratmağa cəhd göstərirlər. Məhz bu baxımdan, ölkədə və ölkədən kənarda baş verən digər hadisələrə daha çox "önəm" verməklə, həmin iddiadan yayınmağa səy göstərirlər. Ancaq su axıb, öz çuxurunu tapdığı üçün, onların da sübuya yetirilən əməlləri müvafiq çalaya qədər axıb gələcək. Necə deyərlər, hər şeyin öz vaxtı və zamanı var.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər