Digər müxalifət liderləri də bu faktoru istisna etmirlər
Aşırı radikalizm meyillərini yalnız dağıdıcılıq və siyasi inhisarçılıq yolu ilə nümayiş etdirən, nəticədə, ciddi sosial baza itkisi və elektorat qıtlığına məruz qalan AXCP və Müsavat rəhbərliyinin hələ də öz iddiaları çərçivəsində fəaliyyət göstərmələri müxalifət düşərgəsinin digər qütblərində yer alan partiya sədrləri tərəfindən də qınanılmaqdadır. Qınaq və sərt tənqid obyektinə çevrilmiş Əli Kərimli və İsa Qəmbərin davamlı məğlubiyyətlərdən nəticə çıxara bilməyərək, hər hansı "qələbələrə" ümid etmələri isə nəticə etibarilə onların özləri üçün ciddi fəsadlara səbəb olur. Belə ki, daxili çəkişmələr və qəbuletməzlik prinsipləri nəticəsində uzun illərdir ki, vahid namizəd məsələsində də ümumi razılığa gələ biməkdə acizlik çəkən "cəbhəçi" və müsavatçı sədrlər bir-birilərinə olan antipatiya hisslərini aşkar olaraq sərgiləməsələr də, dolayısı ilə bu çərçivədə işlər aparmaqdadırlar. Xüsusilə, əllərində olan mətbuatda və informasiya agentliklərində, eləcə də, sosial şəbəkələrdə bir-birlərinin təhqir hədəflərinə tuş gələn Ə.Kərimli və İ.Qəmbər cütlüyü hələ də ötən seçkilərdəki məğlubiyyət burulğanından çıxa bilmədiklərinin fərqinə vara bilmirlər.
ADP sədri Sərdar Cəlaloğlu: "İsa Qəmbər deyir ki, mən AXCP funksionerlərini komandama götürəcəyəm, AXCP də deyir ki, biz İsa Qəmbəri komandamıza götürəcəyik"
Qeyd etdiyimiz kimi, sözügedən amili müxaifət düşərgəsində destruktivlikdən kənar fəaliyyət göstərən partiya rəhbərləri də istisna etmirlər. Məsələn, Azərbaycan Demokrat Partiyasının ( ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə də İ.Qəmbərin vahid namizəd iddiası AXCP ilə Müsavat arasında ciddi konfliktə səbəb olub: "Açıq qarşıdurma müşahidə olunmasa da, onlar virtual aləmdə bir-birlərini söyməklə məşğuldurlar. İ.Qəmbər deyir ki, mən AXCP funksionerlərini komandama götürəcəyəm, AXCP də deyir ki, biz İ.Qəmbəri komandamıza götürəcəyik".
ADP sədri, eyni zamanda, hər iki partiyanın qarşılıqlı olaraq "hakimiyyətə işləmək" kimi ittihamlarda bulunmalarını da doğru saymır. Onun fikrincə, əslində, belə ittihamlarla hər iki partiya müxalifətin birliyinə ciddi əngəllər yaradırlar: "Müsavat funksionerləri AXCP-ni siyasi proseslərdən kənara çəkilməkdə və hakimiyyətə öz planlarını reallaşdırmaq üçün şərait yaratmaqla, AXCP nümayəndələri isə Müsavatı müxalifətin birliyinə zərbə vurmaqda, onu əsas hədəflərdən yayındırmaqda və tələskənlikdə ittiham edirlər".
ASDP sədri Araz Əlizadə: "Xalqın müxalifətə etimad göstərməsi təbiidir"
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də siyasi həmkarı S.Cəlaloğlu kimi dağıdıcı müxalifət ünsürlərinin xalqı aldatmaqla məşğul olduqlarını bildirib. Onların heç bir "ana müxalifətşiliyə", ya da "demokratik qüvvələrə" heç bir aidiyyatları yoxdur: "1988-ci ildən xalqı aldatmaqla məşğuldurlar. Məhz onların fəaliyyəti nəticəsində "müxalifət", "demokrat" sözləri hörmətdən düşüb".
ASDP sədri yaxın tarixə bir daha nəzər salaraq bildirib ki, "onların fəaliyyətləri yalnız qabiliyyətsizlikləri ilə seçilib. Bunu izah edən Z.Əlizadə təfsilatlara vararaq, bildirib ki, xaqlın onlara etimad göstərməməsi təbiidir: "
Ötən illər ərzində onlardan hansı dəyişib, hansı inkişaf edib və yaxud da hakimiyyətdə olduqları dövrdə hansıları özlərini qabiliyyətli siyasətçi kimi aparıblar ki, xalq onlara etimad göstərsin?!"
Açıqlamalardan da bəlli olduğu kimi, xalqın adından, xalqın statusundan sui-istifadə edərək, hər cür rəzilliyə gedən dağıdıcı müxalifət liderləri xilaslarını hakimiyyətə gəlməkdə axtarmaqla, özlərini daha da çıxılmaz vəziyyətə salırlar. Belə vəziyyətin isə onlar üçün heç də yaxşı nəticə verməyəcəyini indidən görmək mümkündür.
RÖVŞƏN RƏSULOV