Və ya Əli Kərimli - Ramiz Tağıyev- Lalə Ramizqızı planı baş tutmadı
Son günlər müxalifət mətbuatında, xüsusilə, "Millətim" və "Azadlıq" qəzetlərində guya 2005-ci ildə AXCP sədri Əli Kərimlinin həyatına "sui-qəsd"in olunması ilə bağlı dezinformasiyaların yayılması bir daha sübut etdi ki, əslində, bu kimi addımların arxasında siyasiləşmiş manipulyasiyalar və digər bu kimi amillər dayanıb. Eyni zamanda, ortada heç bir fakt və dəlillərin olmaması, daha dəqiq desək, dırnaqarası "fakt" və "dəlillərin" ortaya atılması sadəcə ictimai çaşqınlıq yaratmağa yönəldilmiş dələduzluq addımı kimi nəzərə çarpmaqdadır. Sözügedən məsələyə bir az da dərindən varsaq, görərik ki, baş verənlər, ilk növbədə, Ə.Kərimlinin 2013-cü il seçkilərinə hesablanmış növbəti spekulyasiyalarından başqa heç nə deyil.
Bəhlul Muradov: "...Bu, mənə və dövlət orqanına qarşı qərəzli surətdə istifadə olunan iftiradır..."
Xatırladaq ki, həbsdə olan Bəhlul Muradov adlı bir şəxsin "Millətim" qəzetinə məktub ünvanlayaraq, guya 2005-ci ildə AXCP sədri Ə.Kərimliyə qarşı sui-qəsd etməsi barədə dövlət orqanlarından tapşırıq alması haqqında "yazdığı" məktub bu günlərdə onun özü tərəfindən rəsmən və qəti şəkildə təkzib edilib. Təkzib məktubunda qeyd edilib ki, AXCP sədri Ə.Kərimliyə qarşı sui-qəsd törədilməsi üçün müraciət edilməsi barədə dərc olunmuş xəbər "Millətim" qəzetinin təsisçisi Ramız Tağıyevin və onun qızı Lalə Ramizqızının fantaziyasıdır: "Bildirirəm ki, "Millətim" qəzetində mənim adımdan istifadə edərək, həqiqətə uyğun olmayan məqalə dərc olunub. Bu, mənə və dövlət orqanına qarşı qərəzli surətdə istifadə olunan iftiradır...Bir daha bildirmək istəyirəm ki, mənim Əli Kərimliyə və digər Azərbaycan vətəndaşlarına qarşı cinayət törətməyim üçün indiyədək heç kəs mənə müracət etməyib. "Millətim" qəzetində yazılan bu yalanlara görə cəmiyyətdən üzr istəyirəm...".
Nəzər yetirsək görərik ki, burada "Millətim" qəzetinin təsisçisi R.Tağıyevin də adı hallanır və qeyd edək ki, bu şəxs də dələduzluq cinayəti törətdiyinə görə həbsxanada cəza çəkməkdədir.
Niyə Əli Kərimli 2005-ci ildə həyatına "sui-qəsd cəhdinin" olması barədə 2012-ci ilin sonlarında xatırlamağa başladı?
Bu gün R.Tağıyev həbsdə olmasına rəğmən, onun dələduzluq fəaliyyətini hazırda qızı Lalə Ramizqızı davam etdirir. Ancaq necə deyərlər, haqq nazalər, üzülməz. Yəni dələduz üçlüyün - Əli Kərimli - Ramiz Tğıyev- Lalə Ramizqızı planı baş tutmadı və haqsız iddialara lazımi cavab məhz B.Muradov tərəfindən verildi. Eyni zamanda, qənaətə gəlmək mümkündür ki, hər üç dələduz özlərini təmizə çıaxramaqdan ötrü daha "relevant" nəticələr axtarmağa çalışacaqlar. Amma bu nəticələrin real sübut və dəlillər qarşılığında heç bir önəmi yoxdur.
Bunu yaranan suallardan da görmək mümkündür. Yəni ortaya suallar çıxır ki, əgər bu gün B.Muradov sözügedən məktubu təkzib edirsə, həmin məktubun R.Tağıyev və L.Ramizqızının təxəyyül məhsulu olduğunu sübut edirsə, nəyə görə AXCP sədri Ə.Kərimli hələ də həmin mövzunun üzərində israrla dayanmaq qərarını sərgiləyir? Hansı səbəb və "maraq"dan dolayı Ə. Kərimli 2005-ci ildə həyatına sui-qəsdin olması barədə 2012-ci ilin sonlarında xatırlamağa başlayıb? Niyə Ə. Kərimli "sui-qəsd" haqqında məhz indi - seçkilərə az müddət qalmış danışmağa başlayıb?
Əlbəttə ki, həmin sualların sayını çoxaltmaq da mümkündür. Eyni zamanda, cəmiyyət arasında süni ajiotaj yaratmağa yönəlmiş bu kimi addımlara görə həm Ə.Kərimli, həm də onun dələduz və təxribatçı dostları vaxtı çatanda, cavab verməli olacaqlar. Həmin vaxt isə elə də uzaqda deyil. Ancaq söz yox ki, Azərbaycan xalqı belə təxribat xarakterli, ictimai çaşqınlıq yaratmağa yönəlmiş ucuz addımlara, hər dəfə olduğu kimi, bu dəfə də barmaqarası baxacaq. Çünki güclü dövlətdə cılız təxəyyüllər formalaşmır, əksinə, ifşa olunaraq küncə sıxışdırılır.
RÖVŞƏN NURƏDDİNOĞLU