PDF Oxu

Müxalifət

  • 20

Arif Hacılının "möhtəşəm" ABŞ səfəri

Müsavat səlahiyyətlisi Amerikaya yeyib-işməyə gedibmiş

Arif Hacılının "möhtəşəm" ABŞ səfəri

Zaman-zaman müxalifət yetkililərinin xarici ölkələrə gedərək, həmin ölkələrdə təmsil etdikləri siyasi partiyaları adından görüşlərə qatılmaları, əhəmiyyətli şəxslərlə randevu (görüş vaxtı - A.T.) müəyyənləşdirmələri xəbərləri məhz həmin düşərgəyə məxsus mətbuat səhifələrində geniş yer alır. Demək olar ki, həmin səfərlərdən bir neçə gün keçməsinə rəğmən, filankəs ABŞ-da senator və konqresmenlərlə görüşdü, filankəs pariya sədrinin salamlarını Departament rəsmisinə çatdırdı kimi yazılar ictimaiyyətə təqdim olunmaqla, aldadıcı manevrlərə yol verilir. Ancaq aparılan araşdırmalardan və sızan məlumatlardan da bəlli olur ki, əslində, belə görüşlər, ümumiyyətlə, baş tutmur və həmin görüşlər şəxsi xatakter daşıyır. Bu baxımdan, daha bir ənənəvi müxalifət rəsmisi, Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri, başqan İsa Qəmbərin postuna ən şanslı namizəd olduğunu iddia edən Arif Hacılının ABŞ-a etdiyi son səfərinin məqamları üzə çıxıb.

"...Əmi, yerin məlum!"

Məlum olub ki, A.Hacılının ABŞ-a səfər etməsində əsas məqsədi onun həmin ölkədə təhsil alan övladı ilə görüşməsi olub. Lakin bir daha yuxarıda qeyd etdiyimiz sözlərə sübut olaraq, xatırladaq ki, Müasavat baqşanı İ.Qəmbərə yaxın mətbu orqanlar, xüsusilə, "Yeni Müsavat" qəzeti A.Hacılının səfərini "möhtəşəm" kimi qələmə verərək, onun ABŞ prezidentindən başqa az qala Kapitoliya Sarayının, Konqres və Senatın (Ağ Evin -A.T.) bütün rəsmiləri ilə görüşdüyünü bir-birindən izafi ifadələrlə veriblər.

Əldə etdiyimiz məlumatlardan da üzə çıxıb ki, A.Hacılının qızı Natəvan Hacılı əvvəllər Azərbayacnda fəaliyyət göstərən Xəzər Universitetinin tələbəsi olub. Bu ali məktəbi bitirdikdən sonra isə ABŞ-da ikinci ödənişli təhsil almaq qərarına gəlib. A.Hacılının qızı hazırda ABŞ-da yaşayır və təhsil alır. N.Hacılı atası A. Hacılının ABŞ-a səfərini coşqu hissi ilə qarşılayıb. O, sosial şəbəkələrdə də paylaşdığı statuslarda "Qəhrəmanım atam, ABŞ-a xoş gəldin" fikirlərini yayıb. İngilis dilində "Was waiting for my only hero too long. Welcome to United States dad. Lov you!" - statusunu paylaşan A.Hacılının övladının bu fikirlərini digər qohumu olan Nərmin adlı başqa bir xanım noyabrın 28-də, səhər saat 08:00-da "Gözün aydın" təbriki ilə qarşılayıb.

Məlum oldu ki, N.Hacılı atası Ariflə ABŞ-ın bir sıra yerlərində gəzməyə də çıxıb. Onlar Vaşinqtonun görməli yerlərində gəzinti keçirdikdən sonra Mustafa Kətənçi adlı şəxslə "Acacia Bistro & Wine Bar" və digər əyləncə məkanlarında olublar. Onların restoran naharları zamanı A.Hacılının qardaşı Vaqif Hacıbəyli internet vasitəsilə "Nuş olsun!" mesajını (6 dekabr, gecə saat 02:10) göndərib. N.Hacılı isə bu mesaja "Əmi, yerin məlum!" cavabını verib. Natəvan Hacılının "facebook" sosial şəbəkəsində atası ilə gəzdiyi yerlərin xəritəsini hər gün göstərməsi bu səfərin siyasi deyil, ailədaxili məsələ olduğunu sübut edir.

Yalanlara söykənmiş ucuz təbliğat

Ancaq "Yeni Müsavat" qəzeti və Müsavat rəhbərliyi öz yalançılıq ənənələrinə sadiq qalaraq, belə səfərlərə siyasi don geydirir, həmin sirlərin bir gün açılacağının fərqinə varmırlar. Lakin maraqlı tərəflərdən biri də odur ki, N.Hacılı atasının ABŞ-a onunla görüşə gəlməsi barədə fikirlərini doğma Azərbaycan dilində yox, ingilis dilində paylaşıb. Buna heç kim imtina, yaxud etiraz edə bilməz. Çünki hər bir vətəndaşın istarahət və əyləncə hüququ var. Eyni zamanda, Azərbaycan gənclərinin ABŞ-da, Böyük Britaniyada, Almaniyada, İtaliyada, habelə, digər ölkələrin universitetlərində təhsil almaları da müsbət haldır. Lakin bu məsələdə maraqlı məqamları da gözdən qaçırmaq olmaz. Və bu yerdə sual yaranır ki, Müsavat partiyasında ictimai əsaslarla çalışdığını deyən, heç bir yerdə işləməyən A.Hacılının övladı ABŞ-da hansı vəsaitlə yaşayır, təhsil alır? Müsavat mərkəzi icra aparatının rəhbəri xaricə səfərini nə üçün Avropa ölkələrinə deyil, məhz qızının təhsil aldığı və yaşadığı ABŞ-a edir? Ailə üzvü ilə görüşə gedən A.Hacılının ABŞ səfərinin "rəsmi", "işgüzar", "siyasi", "iqtisadi" görüşlərin nəticəsi kimi qiymətləndirmək, mətbuatda bundan siyasi şou düzəltmək hansı məntiqə sığır? Müxalifət partiyası rəsmisinin ailə üzvü ilə görüşü sıradan, ailədaxili bir məsələ olduğu halda, bundan siyasi şou düzəltmək, İ.Qəmbərin əlində olan mətbuatda "möhtəşəm" görüşlər barədə dezinformasiyalar yaymaq ucuz təbliğatdan başqa nə ola bilər?

Xatırladaq ki, bu ərəfələrdə AXCP sədri Əli Kərimlinin də övladlarının Britaniya kefləri haqqında mətbuatda kifayət qədər məlumatlar verilmişdi. Hətta onun oğlunun London barlarındakı eyş-işrət məclisini də əks etdirən fotolar yayımlanmışdı. Maraqlıdır, haradandır həmin pul-paralar? Həmin qazanclar hansı erməni lobbi təşkilatı tərəfindən Ə.Kərimliyə, İ.Qəmbərə, A.Hacılıya ödənilir? Və hansı əməllərinin müqabilində?

Yəqin ki, bu sualların cavablını da yaxın günlərdə tapacağıq. Çünki həqiqəti axtarmasan belə, özü-öz ayağı ilə gəlib səni tapacaq.

AFƏT TAHİRQIZI

Digər xəbərlər