Əli Orucov: "Əgər 2005-ci ildə Əli Kərimliyə qarşı sui-qəsd olubsa, onda o zaman bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdır"
Növbəti il keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, müxalifət düşərgəsində özlərini təbliğ etməklə mətbuatın diqqət mərkəzinə çevrilmək üçün müxalifət liderləri müxtəlif şoular yaradırlar. Hətta Əli Kərimli iddia edir ki, 2005-ci ildə ona qarşı sui-qəsd həyata keçirməyə cəhd göstərilib. Bu cür anormal bir təbliğatla nəyə isə nail olmaq mümkündür?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bildirdi ki, ölkədə fəaliyyət göstərən müxalifətçilər əsas hədəfləri bir kənara qoyub, əhəmiyyət daşımayan və mümkün olmayan məsələlər ətrafında mətbuat səhifələrini zəbt etməkdədirlər. Bu gün ölkədə əsas diqqət 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı seçki mühitinin yaradılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və ölkədəki sosial-iqtisadi vəziyyətin həlli istiqamətində əhaliyə dəstəyin verilməsidir. Amma sadaladığım bu məsələlər qalıb bir kənarda. Ə.Kərimli sui-qəsddən dəm vurur, başqa birisi isə "vahid namizəd" axtarışına çıxıb. Ümumiyyətlə, bu məsələlərin gündəmə çıxarılması diqqətdən yayınmaq cəhdi hesab edirəm.
"Əgər doğurdan da, 2005-ci ildə Ə.Kərimliyə qarşı sui-qəsd olmuşdusa, 2012-ci ildə bu məsələnin qaldırılması təəccüb doğurmur ki," sualına münasibət bildirən Ə.Orucov qeyd etdi ki, əgər 2005-ci ildə Ə.Kərimliyə qarşı sui-qəsd olmuşdusa, onda o zaman bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına nə səbəbə müracət olunmamışdır: "Bu cür şoular qəbuledilməzdir. İnanmıram ki, cəmiyyət belə məsələlərə reaksiya versin. Ümumilikdə isə, bu kimi məsələlərin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Ona görə də, bu məsələ ilə bağlı nə isə bir fikir söyləməyə çətinlik çəkirəm".
GÜLYANƏ