PDF Oxu

Müxalifət

  • 22

AXCP-nin boykot oyunu

Nominal müttəfiqlər barışmaz rəqiblərə çevrilir

AXCP-nin boykot oyunu

Müxalif düşərgənin destruktiv qütbünün seçkidən-seçkiyə gündəmə gətirdiyi ənənəvi məsələlərdən biri də boykot oyunudur. Müxaliflər hər dəfə işləri düz gətirməyəndə, saxta iddialar, absurd ittihamlar səsləndirir, ciddi əhəmiyyət kəsb etməyən boykot oyunu ilə özlərini sığortalamağa, siyasi gündəmdə qalmağa çalışırlar. Belə hallarda müxalifət düşərgəsində gərginlik daha da artır. Yaranan fikir ayrılıqları isə qarşıdurma meyilləri ilə, qarşılıqlı ittihamlarla müşayiət olunur.

İkiyə parçalanan müxalifət düşərgəsi

Müxaliflərin vaxtaşırı boykot ideyasını gündəmə gətirməsi, əslində, təsadüfi deyil. Bu, müxalif düşərgədə boykot iddiası ilə çıxış edənlərin seçkiyə hazır olmadıqlarını, eyni zamanda, bu üsulla labüd məğlubiyyətdən özlərini sığortalamağa çalışdıqlarını göstərir. Növbəti prezident seçkilərinə hazırlıq ərəfəsində olan müxalifət düşərgəsində bir sıra təkliflər irəli sürülür, fikirlər səsləndirilir. Bir sıra qurumlar, məsələn, AXCP eyni vaxtda biri digərinə zidd olan fikirlər səsləndirməklə ki, faktiki olaraq, düşərgə daxilində yaranmış qeyri-müəyyənliyi bir qədər də dərinləşdirirlər.

Əslində, bu və ya digər təklif səsləndirilərkən hər bir müxalif partiyanın təmsilçiləri daha çox özlərinin korporativ maraqlarını önə çəkirlər. Bir çox hallarda isə tərəflərin qeyri-müəyyən manevrləri, ikitərəfli və çoxtərəfli siyasi oyunları adi hala, normaya çevrilir. Belə ki, AXCP və ona bir-iki kiçik siyasi partiya bir tərəfdən müxalifətin vahid namizədinin müəyyən edilməsi məsələsini israrla gündəmə gətirməyə çalışırlar, digər tərəfdən, boykotdan danışmaqla müxalif düşərgədəki həmkarlarını əməlli-başlı çaşdırırlar.

Məsuliyyətdən yayınmaq cəhdi...

Və ya daha bir uğursuz manevr

Prinsip etibarı ilə, belə təkliflərin, ilk növbədə, AXCP mənsublarından - Əli Kərimlidən və onun yaxın ətrafından gəlməsi müəyyən adekvat nəticələr çıxarmağa əsas verir. Bir qədər təzadlı, ziddiyyətli səslənsə də, indiki mərhələdə Ə.Kərimli üçün düşərgə daxilində boykotun reallaşması ilə "vahid namizəd"in müəyyənləşdirilməsi arasında prinsipial fərq yoxdur. Çünki hər iki halda AXCP sədri məsuliyyəti öz üzərindən atmaqla "sudan quru" çıxmış olur, yəni qaçılmaz məğlubiyyətə görə, o və yaxın ətrafı deyil, "vahid namizəd" kimi önə verilən ikinci-üçüncü şəxs qınaq, ittiham obyektinə çevrilir.

Boykot qərarının qəbul edilməsi halında "vahid namizəd" məsələsi ətrafında müzakirələri qəbul etməyən, seçkidə iştirakda qərarlı olan Müsavat başqanı İsa Qəmbər çıxılmaz vəziyyətdə qalır ki, bu da Ə.Kərimili üçün münasib, arzuolunan variantdır. Bu mənada, "vahid namizəd" məsələsindən başlayan gərginliyin zirvəsi boykot müzakirələri ilə tamamlanır. Yaranmış vəziyyətdə düşərgə daxilində qütbləşmə və ikiləşmənin dərinləşməsi açıq-aşkar sezilir.

"İctimai Palata"da fikir ayrılığı

Düşərgəsini ikiyə bölən boykot məsələsi "İctimai Palata"da da fikir ayrılığına səbəb olub, parçalanma yaradıb. Müsavat Partiyası seçkiləri boykot etməyəcəyini təkrarən bildirib, AXCP-ni də eyni addımı atmağa səsləyib. Yaranan gərginlik "İP"-in koordinasiya şurasının iclasında daha kəskin müzakirələrə səbəb olub. Qurumun son toplantılarından birində müxalifət düşərgəsində inteqrasiya, "Seçki İslahatları Memorandumu" və "İP"-in Məşvərət Məclisi ilə əməkdaşlığı müzakirə edilib. Müsavat başqanı İsa Qəmbər MM ilə əməkdaşlığın əleyhinə çıxıb ki, bu da iclasda mübahisələrə, qarşıdurmaya yol açıb, tərəflər bir-birlərini sərt tənqid, ittiham etməkdən belə çəkinməyiblər.. Nəticədə, baş verənlərdən narazı qalan KŞ-nın üzvü, sabiq müsavatçı İbrahim İbrahimli iclası tərk edib.

Boykotla yadda qalanlar

Məsələyə digər müxalif partiyaların münasibəti də müəyyən maraq doğurur. Bu mənada, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə vurğulayır ki, siyasi partiyanın birinci funksiyası seçkilərdə iştirak etməkdir: "Müxalifətdə bir sıra partiyalar var ki, bu günə qədər ancaq boykotla yadda qalıblar. Ölkədə problemlərin olduğunu deyirlər, amma çıxış yolunu göstərmirlər. Əgər dedikləri problemin həlli üçün heç nə etmirlərsə, deməli, ya yalan danışırlar, ya da boş-boş danışmağı xoşlayırlar. Seçki hər bir partiyanın öz məqsədini, platformasını ortaya qoyduğu məqamdır. Bu məqamdan istifadə etmirlərsə, onda ya ümumiyyətlə, heç nədən danışmamalıdırlar, ya da şələ-külələrini yığışdırıb evdə oturmalıdırlar".

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da mənsub olduğu partiyanın boykotun əlehinə olduğunu bildirir. O, hesab edir ki, boykot öz zəifliyini etiraf etmək və siyasi mübarizədən qaçmaqdır...

Baş tutmayan təşəbbüs...

Boykot cəhdi nəticə verməyəcək

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bu yanlış addımdır və müxalifət üçün müsbət nəticə verməyəcək: "Bundan əvvəlki seçkilərdə boykot yolu təcrübədən keçirildi. Amma nə oldu, hansı nəticəni verdi? Müxalifət heç nəyə nail olmadı. Əksinə, sonrakı seçkilərdə iştirak edən zaman daha pis nəticələr ortaya qoyuldu. Çünki seçki həm də partiyanın sınaq meydanıdır. Siyasi partiyalar seçkilərdə iştirak edə-edə möhkəmlənir, güclənir. İndi bunlar başlayıb boykot belə gəldi, seçki belə getdi. Adama deyərlər, get boykota, görüm, nəsə dəyişəcək? Axı heç nə dəyişməyəcək".ADP sədri onu da etiraf edir ki, seçkilər boykot ediləcəksə, müxalifət zəifliyini bir daha ortaya qoymuş olacaq və bu da əsas verəcək ki, müxalifətin heç nəyə yaramadığı barədə söz-söhbət gəzsin.

Göründüyü kimi, boykot təşəbbüsü digər müxalif partiyaların təmsilçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Praktik olaraq, əksər müxalif partiyaların təmsilçiləri bu təşəbbüsün əleyhinə çıxırlar. İndiki mərhələdə maraqlı məqamlardan biri də AXCP və Müsavatın müttəfiq olmasına, ən azı, belə görüntü yaratmağa çalışmasına rəğmən, növbəti seçkilərlə bağlı prinsipial məqamlarda bir-birinin əksinə getməsidir. Belə ki, Müsavat seçkilərin boykot edilməsinə qarşı çıxır, "ümumi mübarizə zərurəti"ndən danışır, lakin "vahid namizəd" ideyasını birmənalı şəkildə rədd edir. AXCP isə müxalif düşərgə məhz "vahid namizəd" ideyası ətrafında birləşməyi, bu, mümkün olmadıqda isə, seçkiləri boykot etməyi təklif edir. Əslində isə, şərti müttəfiqlərin bu ziddiyyətli davranışı siyasi rəqabət müstəvisində qarşı tərəfi mümkün qədər zəiflətməyə və düşərgədaxili birincilik savaşında önə keçməyə hesablanıb. Bu baxımdan, AXCP tərəfindən ortaya atılan boykot oyunun siyasi spekulyasiya məqsədi daşıdığı və real əhəmiyyət kəsb etmədiyi aydın görünür.

NAİB

Digər xəbərlər