Mais Səfərli: "Müxalifət qüvvələri nə qədər çalışsa belə, yenə də ən zəif rəqib olaraq qalacaqdır"
Dağıdıcı müxalifət düşərgəsini təmsil edən qüvvələr arasında "vahid namizəd"in müəyyən olunması məsələsində ciddi fikir ayrılıqları mövcuddur. Bu da ekspertlərin də qeyd etdikləri kimi, dağıdıcı müxalifətin qrup və şəxsi maraqlardan çıxış etdiklərinin göstəricisi sayıla bilər. Nəticə isə arzu olunan səviyyədə olmayacağı ehtimal olunur. Yəni, o mənada ki, dağıdıcı müxalifət ortaq məxrəcə gələ bilmədikdə ciddi istefalara və qopmalara məruz qalacaq. Qısası, növbəti il keçiriləcək prezident seçkiləri hazırkı dağıdıcı müxalifət üçün son çəkişmələr ola bilər. Nəzərə almaq lazımdır ki, hazırda ən ciddi qarşıdurmalar Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında cərəyan edir. Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirdi ki, müxalifət düşərgəsində "vahid namizəd" məsələsi ətrafında fikirlər səsləndirilsə, reallıqda isə həmin düşərgədə vahid mövqe olmayıb. Yəni, müxalifət qüvvələri "vahid namizəd" məsələsində bir razılığa gələ bilmirlər: "Ümumiyyətlə, müxalifət partiyalarına rəhbərlik edən liderlər öz şəxsi ambisiyalarını partiya maraqlarından üstün tutublar. Müxalifətçilər bir-birlərinə qarşı güzəştə getməyiblər və getməyəcəklər də. Demək olar ki, gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi müxalifət düşərgəsini təmsil edən şəxslərin hər biri yatıb yuxuda özlərini prezident görürlər. Bir sözlə, müxalifət qüvvələrinin "vahid namizəd" məsələsi ilə bağlı apardıqları müzakirələr nəticəsiz qalacaqdır. Ümumiyyətlə, müxalifət qüvvələri bir-birləri ilə yola getməməsi onların hər birinin boyunlarından böyük iddialarla çıxış etmələridir. Yəni, müxalifətçilərin hər biri çalışırlar ki, biri-birindən üstün olsun. Bu da onlarda alınmır".
M.Səfərlinin qənaətincə dağıdıcı müxalifət "vahid namizəd" müəyyən eləsə belə heç vaxt Prezident İlham Əliyevə rəqib ola bilməz: "Cənab İlham Əliyevin fəaliyyəti göz qabağındadır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevdən nüfuzlu və güclü siyasətçi yoxdur. Prezident İlham Əliyev sözü ilə fəaliyyəti üst-üstə düşən, xalqını hədsiz dərəcədə sevən və xalqının gələcəyini düşünən bir şəxsdir. Müxalifət qüvvələri nə qədər çalışsa belə, yenə də ən zəif rəqib olaraq qalacaqdır. Çünki xalq tərəfindən müxalifət qüvvələrinin heç bir siyasi dəstəyi yoxdur. Xalq 20 il bundan əvvəl öz seçimini edərək yolunu tutub".
GÜLYANƏ