Belə bir misal var, deyərlər:qız evində toydur,oğlan evinin xəbəri yoxdur. Artıq müxalifət düşərgəsində çoxdan prezident seçkilərinə start verilib. Özü də ilk qaranquş İsa Qəmbər tərəfindən uçurdulub. "Yeni Müsavat" qəzetində silsilə müsahibələrinin birində İ.Qəmbər partiyadaşları, həmkarları, "İctimai Palata", "Ziyalılar Forumu", daha nələrdən, daha kimlərdən bixəbər, heç kəslə hesablaşmadan, heç kəsi saya salmadan, elan etdi ki, 2013-cü il prezident seçkilərində mən qalib gələcəyəm. Onun yuyulmamış qaşıq kimi özünü ortalığa atması çoxlarında allergiya yaratdı. İndi müxalifətin başbilənlərindən kimdən soruşuranda ki, nooldu sizin vahid namizədiniz? Daş atıb başlarını tuturlar: biz çalışırdıq ki, bir araya gəlib ortaq məxrəc tapaq,prezident seçkilərində vahid namizəd müəyyənləşdirək. Bu həpənd tez özünü dürtdü qabağa. Bir deyən yoxdu ki, a filankəs, ötən seçkidə hamımız səni dəsdəklədik, nooldu? Xalq səni qəbul etmir da. Seçki bankomatı "kodun düzgün yığılmayıb" yazıb, kartını geri qaytarır. Adamda etika, mədəniyyət də yaxşı şeydir, abır-həya da.
O gün, yəni 14.12.2012-ci il tarixdə "Qafqazinfo" xəbərlər portalında "Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadənin müsahibəsində oxuyuram ki, hələ 2003-cü il prezident seçkilərində, o, İsa Qəmbərə söz veribmiş ki, səni dəsdəkləyəcəyəm. Seçilməyəcəyin təqdirdə isə, sən məni dəsdəkləyəcəksən. İsa Qəmbər bunu öz üzərinə bir öhdəlik kimi götürübmüş. İ.Ağazadə yazır: "mən heç o öhdəliyi də istəmirəm. Mən güman edirəm ki, bu, o prosesi aparmaq üçün dediyi bir söz idi. Mən o qədər də sadəlövh deyiləm. Amma hər halda mən niyə sonsuza qədər kimisə dəsdəkləmək kimi şüuraltı adamlarda bir yanaşma yaratmalıyam?.. Bu gün bir yerdə olan partiyaların hamısı bir-birini nədəsə ittiham edir. "Ümid" partiyası hansı sözünü pozub? Bir nəfər dursun desin ki, mənimlə filan dönəmdə bu birlikdə olub və bu şərtlər daxilində razılaşmışıq, amma bu şərtləri pozub. Amma qəbul etmək lazımdır ki, "Ümid" partiyası və İqbal Ağazadə xalq hərəkatından və Heydər Əliyev məktəbindən çıxmayan böyük bir adamdır ki, tək bir partiyanı qurub. Nə irsi, nə də hakimiyyət bazamız olmayıb. Bizim Müsavat kimi hakimiyyət bazamız olmayıb. AXCP kimi xalq hərəkatının irsi və 1992-1993-cü illərin hakimiyyət bazası olmayıb. ACP kimi də hakimiyyət bazamız olmayıb. Bizim hətta Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev kimi də hakimiyyət bazamız olmayıb. Onlar hakimiyyətdə təmsil olunublar. Biz qanunverici orqandan başqa heç bir hakimiyyətdə təmsil olunmamışıq. Bunların da hamısı, əslində, qanunverici orqanda təmsil olunublar. Məncə, bu, bizim təşkilatçılıq bacarığımız sayəsində olub. Biz ilk partiya kimi açıq tərzdə bəyan etdik ki, ideologiya əsasında qurulan partiya deyilik. Partiyamızı müsavatçılıq, elçibəyçilik, rəsulzadəçilik və s. ideologiyasinda qurmuruq".
İ.Ağazadə müxbirin "siz 5-6 nəfər lider 2013-cü il seçkilərində İlham Əliyevlə opponent olacaqsınızmı" sualını belə cavablandırıb: bizim İlham Əliyevdən başqa opponentimiz yoxdur, biz hakimiyyəti dəyişmək uğrunda mübarizə aparırıq, müxalifəti dəyişmək uğrunda yox. Bizim müxalifət cəbhəsində bir nəfər də olsun opponentimiz yoxdur. Bizdən güclü ola biləcəyindən, bizdən zəif ola biləcəyindən asılı olmayaraq, bizim İlham Əliyevdən, YAP-dan, iqtidardan başqa opponentimiz yoxdur, çünki biz o yerə iddialıyıq". Əhsən!Burada deyiblər ki avazın yaxşı gəlir,oxuduğun Quran olsa.
Mən hörmətli deputatımız İqbal Ağazadənin fikirlərinə heç bir münasibət bildirməyəcəyəm. Sadəcə olaraq, onun müsahibəsinə 21 şərhdən bir neçəsini təqdim edəcəyəm.
Prometey: "İqbal müəllim, sizin qardaşınız Keşlə qəbiristanlığının yarısını zəbt edib. Allahın yolunu da qoymayıb. Bir öz ətrafınıza düzgünlüyü başa salın, sonra keçin xalqa".
Saleh: "İqbal bəy, mənim sizə şəxsi simpatiyam var, amma olmayan partiya haqda danışmağa dəyməz, siz bir özünüzdən ibarətsiniz".
Azər: "Bu da prezident olmaq istəyir, amma şansı sıfıra bərabərdir. Yalnız bəzi populist çıxışları ilə yadımda qalıb, amma nə o, nə də İsa Qəmbər səs verəcəyim namizədlər deyillər".
Atalar demişlər ki, dəmiri dəmirlə döyərlər, bəzən müxalifət funksiyonerlərinə söz deyəndə inciyirlər, küsürlər. Ona görə də onların özünü özlərinin əli ilə vurmaq lazımdır, qoy heç kəsdən inciməsinlər. Budur gündəmdən düşməyən "Asiman" qalmaqalının iştirakçısı professor Rafiq Əliyevin müxalifət haqqında dediyi bir neçə fikri onların nəzərinə çatdırmaq istəyirəm: "Ziyalılar Forumu"na gələn gündən yalnız bir amalım olub: demokratik qüvvələri eyni məxrəcə gətirmək. Çoxu irad tutub ki, buna nail ola bilməyəcəksiniz, amma addımlarımı davam etdirirəm. Demirəm ki, müxalifətçilərin hamısı qardaşlaşsın, hər kəsin öz mənafeyi var, lakin mütləq güzəştlər olmalıdır. Siyasət personalar üzərində qurulmamalıdır". "Asiman" görüşündən danışan professor qeyd edir ki, o görüşdə vahid güc mərkəzi yaratmaqdan söhbət getdi. Hamı bu fikri dəstəklədi. AXCP sədri Əli Kərimli də dedi ki, mütləq birləşməliyik, hər kəs bunu dəstəklədi, lakin məndə belə təəssürat yaranır ki, arxa cinahda çoxu başqa cür düşünür. Burada "gizli əlin" olduğu görünür, bu da ram olunmayan hikkədən xəbər verir. Detallara keçmək istəmirəm, hamı anlamalıdır ki, persona ətrafında birləşmək mümkün olmayacaq. Əhali arasında da bir soyuqluq yaranıb". Daha sonra Rafiq məllim bir sıra ciddi məqamlara toxunaraq, öz münasibətini bildirir. Burada söhbət müxalifət funksionerlərindən, vahid namizəd ideallarından, prezidentlik iddialarından gedir. Onun sözlərindən belə çıxır ki, "çoxu öz personasını şişirtməklə məşğuldur. Prezident kürsüsü bir dənədir. Bir az hikkədən əl çəkmək lazımdır. Biz bütün demokratik qüvvələri, QHT və fərdləri birləşdirmək istəyirik. Kənarda kifayət qədər güclü və mübariz insanlar var. Hamını birləşdirmək arzusundayıq. Mən "filankəslə oturmaram" tezisi yanlışdır. Belə çıxır, barəmizdə düz deyirlər ki, "əgər bu insanlar bir yerdə, şam süfrəsində də əyləşə bilmirlərsə, necə birləşə bilərlər", "səmimiyyət də çatışmır, hikkə də qoymur birləşməyə. Bircə onu deyə bilərəm ki, burada gizli əl var. Bəlkə də o əl elə müxalifətin içindədir. Bu məlumatları kim ötürür mətbuata? Bizi separatçılıqda ittiham edən qəzetçi özü orada olmayıb axı".
Bəlkə müxalifətin parçalanmasının səbəbini başqa yerdə axtaraq. Müxalifətin iki əsas güc mərkəzi, təqribən eyni gücə malik olan liderləri- İsa Qəmbər və Əli Kərimli eyni mövqeyə gələ bilmir. Bunun günahı hər halda qəzetlərdə deyil. Məhz bu baxımdan yazmışdıq ki, "parçalanmağın qarşısını almaq üçün Azərbaycanın Konstitusiyası variantına gedilməlidirmi" sualına Rafiq müəllim maraqlı cavab verib: "Əvvəla, razı deyiləm ki, müxalifətdə iki əsas güc mərkəzi var. Bu günlərdə Qənimət Zahidin bir yazısını oxudum. O bildirir ki, Əli Kərimli öz namizədliyini versə, onu müdafiə etməyəcək. Söhbət boykotdan getmir, daha çox "kənar namizəd" ideyasından gedir, axı kiçik partiyalar da özlərini kiçik saymır".
Bax, budur bugünkü müxalifətin durumu. Həqiqətən, adamın yazığı gəlir onlara - özündən müştəbehlərə,lovğalara,eyni zamanda eqoist və əbləhlərə!
Məmməd Həsən əmi