Mirmahmud Mirəlioğlu İsa Qəmbər-Əli Kərimli qarşıdurmasını qaydasız döyüş adlandırdı
"İctimai Palata"da baş verən kəskin qarşıdurmalar öz oxundan çıxmaqla yanaşı, qruplaşmalar arasında aparılan pərdəarxası savaş da barışmaz hal almaqda davam edir. Xüsusilə, "vahid namizəd" amili üzərində başlanmış ziddiyyətlər əsasən Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli arasında aparılmaqdadır. Belə ki, hər iki partiya rəhbərinin ayrı-ayrılıqda öz namizədliklərini irəli sürmələri səbəbindən yaranmış söz-söhbətlər artıq "palata"da daha bir neçə nəfərin "vahid namizədlik" uğrunda barışmaz savaşa qatılacaqlarını sərgiləyir.
"İP"-də qruplaşmaların sayı artmaqda davam edir
Onu da qeyd edək ki, hazırda "İP"-in 17 üzvü olan koordinasiya şurasında da mövqelər ümumiyyətlə üst-üstə düşmür. Daha dəqiq desək, qurum daxilində ciddi fərqlənən qruplaşmalar mövcuddur ki, həmin qruplaşmaların hər biri ayrı-ayrılıqda öz namizədlərini "vahid" qismində təqdim edirlər. Belə ki, seçkilərdə iştirakla bağlı Müsavat başqanı İ.Qəmbərin birmənalı mövqeyini əsasən Mehriban Vəzir, Rauf Arifoğlu, İlqar İbrahimoğlu, Pənah Hüseyn, Ədalət Yusibov və daha bir neçə şəxs müdafiə edir.
AXCP sədri Ə.Kərimli və onun koordinasiya şurasında yer alan qruplaşması isə seçkilər və namizədlik məsələsinin hazırkı dövrdən ortaya atılmasını doğru hesab etmədiklərini bildirirlər. Onlar iddia edirlər ki, seçkilər, "vahid namizəd" məsələsi seçkilərə az müddət qalmış, yəni ən son mərhələdə müzakirəyə çıxarılmalıdır. Bu baxımdan, Ə.Kərimlinin qruplaşmasına Vidadi Mirkamal, İbrahim İbrahimli, Leyla Əliyeva, Qələndər Muxtarlı, Rafiq Manaflı, Rahim Hacıyev və bir neçə digər fərdlər dəstəkləyirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, "palata"nın koordinasiya şurasında Müsavat və AXCP-dən başqa onları dəstəkləməyən, yəni şəxsi mövqelərini ortaya qoyan qüvvələr də qruplaşma halında fəaliyyət göstərirlər ki, yaxın zamanlarda onların da "vahid namizəd" iddiaları ictimailəşdiriləcək. Burada söhbət Zəfər Quliyev, Köçəri Nağıbəylidən gedir ki, adıçəkilənlər öz iddiaları ilə daha çox ANİF prezidenti Eldar Namazova yaxın olduqlarını gizlətmirlər. Artıq koordinasiya şurasında bir-biri ilə qəti olaraq uzlaşmayan dörd fərqli mövqe və qruplaşmalar arasında aparılan barışmaz mübarizə pik həddindədir və burada hər kəs qalib olmaq niyyətlərini aşkar çəkildə qarşı tərəfə bəyan edirlər.
"...Əxlaqlı siyasət var təcrübədə. Onlar bunu nəzərə almalıdırlar"
Belə olan tədqirdə, müxalifətin digər qütblərində fəaliyyət göstərən siyasi partiya sədrləri və aparıcı funksionerlər "İctimai Palata"nı və hədəfə götürməkdə davam edirlər. ADP sədri Sərdar Cəlaloğlunun, "Ümid" sədri İqbal Ağazadənin, "Azadlıq" sədri Əhməd Orucun ardınca, KXCP sədri Mirmahmud Mirəlioğlu da Müsavat və AXCP rəhbərliyini hədəfinə götürüb. Digərlərindən fərqli olaraq, hər iki partiyaya qarşı antipatiya hissi bəslədiyini gizlətməyən M.Mirəlioğlu həm İ.Qəmbəri həm də Ə.Kərimlini dolayısı ilə əxlaqsız adlandırıb: "İctimai Palata"da baş verənlər daxili məsələ olsa da orada ayrı-ayrı fərdlər, Elçibəyin komandasında olmuş şəxslər var ki, onlar Azərbaycan üçün öz əhəmiyyətlərinin fərqində olmalıdırlar. Hesab edirəm ki, bütün məsələlər və mübahisələr sivil qaydada olmalıdır. Qaydasız döyüş başqa yerlərdə olur".
KXCP sədri müsavatçıların və "cəbhəçilərin" rəhbərlərinə xitabən xatırladıb ki, siyasətin müəyyən qaydaları var və onlar əxlaqı qavraya bilməyiblər: "...Əxlaqlı siyasət var təcrübədə. Onlar bunu nəzərə almalıdırlar".
"Sosial şəbəkələr bizdə ədəb-ərkanı, hörmət və ehtiram pərdəsini dağıtdı"
M.Mirəlioğlu hər iki partiya sədrinin bu kimi hallarda pis vəziyyətdə qalacaqlarını da istisna etməyib: "Mübarizəni elə çərçivədə aparmaq lazımdır ki, son nəticədə, pis vəziyyətdə qalmasınlar...Amma ədəb-ərkanın, əxlaqın, demokratiyanın və azadlığın daxili iş olduğunu da, yəqin ki, kimsə qəbul etmir. Etik çərçivələr mütləq gözlənilməlidir. İsa bəyə də, Əli bəyə də, dinləməsələr belə, bir müraciətdə bulunmaq istəyirəm. Bu məsələlər heç də yaxşı görünmür...".
M.Mirəlioğlu sözügedən ittihamlarından sonra üzərinə hücum çəkənlərin olacağını da deyib: "Sosial şəbəkələrdə söyüş söyənlər də tapılacaq. Zatən bizdə sosial şəbəkələr bütün etik çərçivələri dağıtmağa xidmət edir. Sosial şəbəkələr bizdə ədəb-ərkanı, hörmət və ehtiram pərdəsini dağıtdı".
Göründüyü kimi, dağıdıcı müxalifət "liderlərinin" əxlaqsızlıqlarını hədəfə alan KXCP sədri bütün bunların məhz onların özləri tərəfindən nümayiş olunduğunu bildirib. Çünki həm Müsavat, həm də AXCP tərəfdarlarının savaşları sosial şəbəkələrdə daha kəskin və daha əxlaqsız müstəvidə aparılır. Bu faktor, həm də onu deməyə əsas verir ki, dağıdıcı müxalifət "liderlərinin" "vahid namizəd" iddialarından doğan əxlaqsızlıq sindromları onlar üçün baha başa gələcək. Çünki əxlaqsız siyasətçilərin nə sivil siyasi arenada, nə də önəmli siyasi hadisələrdə yerləri yoxdur. Daha dəqiq desək, normal düşüncəli ictimaiyyət nümayəndələri bu kimi siyasi əxlaqsızları özlərindən qəti şəkildə təcrid edir, uzaqlaşdırır.
R.RƏSULOV