PDF Oxu

Müxalifət

  • 27

Nəticəsi olmayacaq "prinsipiallıq"

Baş verməyəcək "reallıqlara" doğru aparan iflas yolu

Nəticəsi olmayacaq "prinsipiallıq"

Əslində, bu, olmalıydı. Çünki "olacağa çarə yoxdur" kimi dərin və məntiqli məsəl var Azərbaycanda. Ancaq bu məntiqli məsələyə məntiqsizlik prizmasından yanaşan AXCP və Müsavat "liderləri" nəticəsi olmayacaq "prinsipiallıq" mövqeyindən çıxış edərək, öncədən verilən proqnozları bilərəkdən qulaqardına vurdular. Ona görə ki, mövcud ambisiya sindromu və siyasi mənfəət əldə etmək faktoru onları xəyal etdikləri "reallıqlara" tərəf daha sürətlə itələyirdi. Lakin aşkar reallıqlara, həqiqətlərə daim tərs cəhətdən baxmağa alışmış "liderlər" heç nəyin fərqinə varmadan, hələ də ümid edirdilər. Hətta onların boş-boş ümidlərə qapılmalarına dair haqılı söz deyən, iradlar bildirən partiyadaşlarının, düşərgədaşlarının tənbehlərinə rəğmən... Və məhz kimin nə deməsindən, necə düşünməsindən, hansı proqnozlar irəli sürməsindən asılı olmayaraq, fakt budur ki, "İctimai Palata" da eynilə, heç bir siyasi nəticəli fərq olmadan "Azadlıq" bloku, "Müxalifətin Koordinasiya Mərkəzi" kimi müxaifətin utanc tarixinə yazılmaqdadır.

Zəfər Quliyev: "Artıq bunu gizlətmək mümkün deyil"

"İctimai Palata"nın koordinasiya şurasının üzvü Zəfər Quliyev də yuxarıda qeyd olunan nəticəli qənaətləri uzun müddətdir ki, ifadə edir. Bu günlərdə mətbuata verdiyi açıqlamasında "İP"-in parçalanma ehtimallarının yüksək olduğunu istisna etməyən Z.Quliyev, eyni zamanda, prinsipial məsələlərdə konsensusa gələ bilmədiklərini etiraf edib: "Artıq bunu gizlətmək mümkün deyil. "İP"-in sütununu təşkil edən aparıcı partiyalar, Müsavat və AXCP son vaxtlar bəzi məsələlərdə ümumi mövqeyə gələ bilmir. Həm partiyaların özləri arasında olan əməkdaşlıq formatında, eyni zamanda, bu ziddiyyətlər "İP"-in də daxilində, KŞ-də özünü göstərir. Ona görə də, əsas müzakirələr bu məsələlər üzərində gedir".

Qısacası, adıçəkilən qurum vahid komanda, vahid platforma, vahid namizəd, yaxud əsas namizəd məsələsini, daha doğrusu, bütün bunarla əlaqqədar yaranmış problemləri, ümumiyyətlə, yoluna qoymağa müvəffəq olmayıb. Yəni "palata"nın əsas sahibinin kim olduğunu aydınlaşdırmağa müvəffəq olmayan AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər vahid namizəd məsələsində də barışmaz mövqelərində qalmaqla, azsaylı elektoratlarının onlara olan ümidlərini puç etdilər.

Onu da xatırladaq ki, hələ bu ilin sentyabr ayında "İctimai Palata"nın öz müstəqilliyini itirməsi, qurumda avtoritar idarəçiliyin hökm sürməsi və siyasi inhsarçılığın baş alıb getməsi səbəbindən Z.Quliyev qurumun 2013-cü il prezident seçkilərində fəal iştirak etməsi üçün "palatadaxili" islahatların aparılmasını tələb etmişdi. Daha dəqiqi, "İctimai Palata"da təmsil olunan iki monopolist və avtoritar siyasi təşkilatların - AXCP və Müsavatın prezident seçkilərində rəqib kimi çıxış etməməsi üçün çalışdıqlarını deyən Z.Quliyev onların öz aralarında barışmaz savaş apardıqlarını bilavasitə etiraf etmişdi.

"Səmərə" əldə edəcəklərini düşünən "liderlər" indidən işlərini "möhkəm" tutmağa səy göstərirlər

Və əslində, burada yeni heç bir hadisə yoxdur. Siyasi mühitə az-çox bələd olanlar yaxşı bilirlər ki, Ə.Kərimli və İ.Qəmbər arasında tarixən fırtınalar qopub. Hətta bəzi məqamlarda onlar arasında münasibətlər o qədər gərginləşib ki, tərəflər kurasiyalarında olan mətbuat orqanları vasitəsilə bir-birinə qarşı savaş elan edib və onlar müxtəlif əməllərini ictimaiyyətə açmağa başlayıblar. Odur ki, bu gün çarəsizlikdən bir-birinin üzünə gülmək, nisbətən xoş rəftar etmək məcburiyyətində qalan partiya sədrləri, əslində, yenə də əbədi və əzəli rəqib olaraq qalmaqdadırlar. Bu amil isə "İctimai Palata"nın və ümummüxalifət düşərgəsinin, həqiqətən də, şanssız olduğunu, prezident seçkilərinə hazırlıqsız getdiyini sübuta yetirən əsas, təkzibolunmayacaq qədər əsaslı arqumentlərdəndir. Əlbəttə ki, hansı siyasi baxış sərgiləmələrindən asılı olmayaraq, istənilən düzgün nəticə qəbulolunandır.

Ancaq bu kimi qəbul olunan fikir və rəyləri görməzlikdən gələn Ə.Kərimli-İ.Qəmbər cütlüyü, görünür, iddidları arxasında başqa məqsədlər də güdürlər. Məsələn, onlar yaxşı bilirlər ki, 2013-cü ildə mütləq məqğlubiyyətdən yan keçə bilməyəcəklər. Ancaq onların məğlubiyyətləri hər iki fərd üçün "səmərəverici" ola bilər. Çünki hər iki "lider" məğlub olduqdan sonra, müxtəlif xarici siyasi dairələr qarşısında maddi gəlir əldə etmək, qrantlar qazanmaq kimi amilər də onlar üçün hər zaman mövcud olub. Və görünür, bu dəfə də sözügedən "səmərə" əldə edəcəklərini düşünən "liderlər" indidən işlərini "möhkəm" tutmağa səy göstərirlər. Amma nə vaxta qədər?

AFƏT QULİYEVA

Digər xəbərlər