Və ya Riçard Morniqstarı narahat edən erməni məsələsi
Azərbaycanda baş tutacaq və ölkənin gələcək taleyini müəyyənləşdirəcək önəmli ictimai-siyasi hadisələr öncəsi bir sıra Qərb xarici diplomatik nümayəndəliklərin müxalifət düşərgəsi və dağıdıcı qütbün "liderləri" ilə yaxın təmaslar qurması ənənə şəklini alıbdır desək, heç də yanılmarıq. Bu kimi qaranlıq addımların arxasında müəyyən siyasi müdaxilə faktorlarının yer almasına isə cəmiyyətdə heç bir şübhə yoxdur. Buna misal kimi, Azərbaycanda ötən prezident və parlament seçkiləri ərəfəsində ölkəmizdə fəaliyyət göstərən Qərb səfirliklərinin radikal müxalifət düşərgəsini təmsil edən partiya sədrləri ilə mütəmadi xarakter almış görüşlərini də göstərmək mümkündür. Təsadüfi deyil ki, məhz belə görüşlərdən sonra icazəsiz piketlər, küçə aksiyaları, mitinqlər keçirməyə səy göstərən müxalifət yetkililəri həmin görüşlərin nəticələrini reallaşdırmağa çalışırlar.
Bununla da onlar Azərbaycanın dünyadakı siyasi nüfuzunu aşağı salmağa, eləcə də, xəyanətkar və ermənipərəst ambisiyalarını reallaşdırmağa cəhd göstərirlər. Əlbəttə ki, belə bir məqamda mənfəət əldə edən tərəf düşmən Ermənistan dövləti olur. Yəni nəticə etibarilə Azərbaycanda müxalifətlə anlaşan səfirlərinin əsas hədəfləri işğalçı dövlətə bacardıqları dəstəyi göstərməkdən ibarətdir. Bu kimi hadisələr çərçivəsində ABŞ səfiri Riçard Morniqstarın fəaliyyəti daha qabarıq fonda görünüməkdədir.
Heç bir səhih məlumatın verilməməsi ciddi şübhələr doğurur
Məsələyə daha yaxından yanaşsaq, deyə bilərik ki, ABŞ səfiri Riçard Morniqstarın əsas məqsədi seçkilər öncəsi Azərbaycanda formalaşmış ictimai-siyasi sabitliyi pozmaq məqsədi daşıyır. Onun müxalifətlə görüşünün arxasında da məhz bu kimi çirkin reallıqlar dayanıb. Sual oluna bilər ki, müxalifətlə bağlı qapı arxasında hansı məsələlər müzakirə edilir ki, sözügedən görüş Azərbaycan cəmiyyətindən ciddi-cəhdlə gizlədilir?
Yeri gəlmişkən, xatırladaq ki, bundan əvvəl də ABŞ səfiri R.Morninqstarın dağıdıcı müxalifətlə ictimaiyyətə açıqlanmayan, ya da aldadıcı manipulyasiya xarakterli açıqlama təsiri bağışlayan gizli görüşü baş tutub. Eyni zamanda, burada yalnız gizli görüşlərin nəyə görə baş tutması deyil, ABŞ səfiri ilə görüşün təfərrüatları barədə cəmiyyətə heç bir səhih məlumatın verilməməsi özündə ciddi şübhələr doğurur. Söz yox ki, dağıdıcı müxalifət "liderləri" ABŞ səfirindən xüsusi tapşırıq alırlar və yaxud xarici ölkə səfiri qarşısında növbəti xəyanətkarlıq öhdəlikləri götürürlər.
ABŞ səfirinin gizlədə bilmədiyi əsas hisslərindən biri də onun Ermənistan tərəfə simpatiyası ilə bağlıdır
Xatırlatmaq yerinə düşərdi ki, ABŞ səfirinin gizlədə bilmədiyi əsas hisslərindən biri də onun Ermənistan tərəfə simpatiyası ilə bağlıdır. Qeyd edək ki, hələ bir müddət bundan öncə, R.Morninqstar nədənsə Naxçıvanda olan erməni icmaları ilə ciddi şəkildə maraqlanmağa başlamışdı. Hətta səfir məsələyə o qədər "həssas" yanaşmışdı ki, diplomat olaraq, hansı ölkədə səfir səlahiyyətləri daşıdığını da unutmuşdu. Belə bir məqamda R.Morniqstarın hansı bitərəf mövqeyindən danışmaq olar? Əgər R.Morniqstar həqiqətən də işğalçı Ermənistanı bu qədər önəmsiyirsə, demək, onun burada deyil, məhz Ermənistanda diplomatik fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı.
Başqa tərəfdən, qeyd edək ki, R.Morninqstar separatçı "DQR" rejiminə də əl altından imkani dəstəklərini göstərməkdədir. Əgər bu, belə olmasaydı, ABŞ-ın ölkəmizdəki səfiri işğalçı Ermənistanın və separatçı "DQR"-in Azərbaycan ərazilərində tikilən Xocalı aeroportu haqqında işğala uğramış dövlətin - Azərbaycanın haqlı mövqelərini dəstəkləyən bəyanatla çıxış edərdi.
Belə "diplomatik səylərin" sonu heç də yaxşı nəticələnmir
Amma təəssüf ki, nəinki bəyanatla çıxış edir, hətta açıq şəkildə erməni siyasətinə tərəf aşırı simpatiyasını sərgiləyir. Hansı ki, R.Morninqstar deyə bilərdi ki, Azərbaycanın Qarabağ əraziləri 20 ildən artıqdır ki, işğala və təcavüzə məruz qalıb. Səfir onu da deyə bilərdi ki, minlərlə insanın taleyi birinci Qarabağ müharibəsindən sonra qara səhifələrə köçüb. Qaçqınlar ordusu bu gün də doğma torpaq həsrəti ilə yaşayırlar. Amma demir və demədikcə də Ermənistan tərəfi daha da azğınlaşır, həyasızlaşır.
Qeyd edək ki, Ermənistan da post-seçki dövrünü yaşayır və işğalçı dövlətin hakim Sarkisyan rejimi bu dəfə də dövlətə rəhbərlik iddialarını rəsmən bəyan edib. Belə bir məqamda ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin sözügedən addımlarını atması, daha dəqiq desək, müxalifətlə gizli danışıqlara gedərək, onları təlimatlandırması onun bilavasitə Ermənistanın qarantı qismində çıxış etməsini təsdiqləyir. Çünki Azərbaycan müxalifətinin seçkilər ərəfəsində dağıdıcılıq faktorlarına əl atması amili Ermənistanda keçiriləcək antidemokratik seçikilərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır. Bu məqsədlə, R.Morninqstar xəyanətkar Azərbaycan müxalifətinin xidmətindən maksimum istifadə edərək, Ermənistan hakimiyyətini qarantiyası altına almağa səy göstərir.
Bu kimi hadisələr fonunda belə nəticəyə gəlmək mümkündür ki, ABŞ səfirinin maraqları tərəfsizlik üzərində deyil, məhz birtərəfli "diplomatiya" üzərində qurulub və belə "diplomatik səylərin" sonu heç də yaxşı nəticələnmir.
RÖVŞƏN RƏSULOV