Görünür, Müsavat partiyası və AXCP Riçard Morninqstardan növbəti təlimatlarını alacaq
\r\n
\r\n
\r\n Azərbaycanda Prezident seçkiləri yaxınlaşdıqca, Müsavat Partiyası və AXCP ABŞ-ın Azərbaycandakı səfirliyilə əlaqələrini daha da sıxlaşdırmağa meyillənir. Çünki İsa Qəmbər və Əli Kərimli seçkilərdə iştirak etmək və qərəzli dairələrin maraqlarını ifadə etmək üçün müəyyən dəstəyə və təlimatlara ehtiyac duyduqlarını ortaya qoyurlar. Bununla əlaqədar olaraq, ötən ilin sonlarında ABŞ səfirilə ilk görüşlərini keçirmiş Müsavat partiyası və AXCP sədrləri müvafiq təlimatlar alsalar da, onların duyğulanmasını iam şəkildə həyata keçirə bilmədilər.
\r\n
\r\n Xatırladaq ki, radikal müxalifət düşərgəsində vahid namizəd məsələsinə görə gərginlik yaşanmaqda idi. Bu situasiyada xüsusi fəallıq nümayiş etdirən Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli bütün resurslarını işə salaraq, şəxsi maraqlarını reallaşdırmağa cəhd göstərirdi. Lakin hər iki radikal müxalifət təmsilçisinin partiyadaxili etirazlarla qarşılaşması vəziyyəti ümumilikdə pisləşdirirdi. Yəni, AXCP-nin daxilində qopmaların baş verməsi, istefaların gündəmə gəlməsi, hətta partiyanın yalnız sədrləri olan rayon təşkilatlarının özlərini buraxması Əli Kərimli üçün ciddi sınağa çevrilmişdi. Müsavat daxilində isə İsa Qəmbəri qeyri-legitim başqan sayan qruplaşmanın təzyiqləri öz bəhrəsini verməkdə idi. Belə bir situasiya isə nəticədə radikal müxalifət təmslçilərinin korporativ maraqlarının həyata keçirilməsi üçün alətə çevrilmiş İctimai Palatanın dağılmasına aparırdı. Artıq AXCP nümayəndələrinin belə İP-in dağılması ilə bağlı açıqlamalar verməsi və yeni format axtarışında olduqlarını açıq şəkildə bildirmələri atmosferin nə qədər ağır olduğuna işarədir.
\r\n
\r\n Bununla yanaşı, həm İsa Qəmbərin, həm də Əli Kərimlinin ucuz təbliğat kampaniyalarına start vermələri də ortada olan məqsədi aydınlaşdırmış olurdu. Müxalifət mətbuatında hər gün dərc olunan materiallarda gah Müsavat başqanı İsa Qəmbərin, gah da AXCP sədri Əli Kərimlinin lehinə və ya əleyhinə olan fikirlərə yer verilirdi. Hətta xüsusi öyrədilmiş şəxslərin mətbuata çıxaraq, vahid namizəd qismində gah İsa Qəmbəri, gah da Əli Kərimlini görməsi faktı da gözdən yayınmırdı. Eyni zamanda, Əli Kərimlinin çoxdan sıradan çıxmış təbliğat vasitələrindən istifadə etməklə diqqəti özünə çəkməsi, guya ona qarşı hər hansısa sui-qəsdin planlaşdırıldığını iddia etməsi də \"şəxsi cibə\" hesablanmışdı. Amma proseslərin gedişatı və proqnozlar göstərirdi ki, İsa Qəmbərlə Əli Kərimli heç bir halda vahid namizəd məsələsində razılığa gəlməyəcək. Çünki İsa Qəmbər və Əli Kərimli keçmişdə də heç vaxt bir-birilərini müdafiə etməyiblər. 2003-cü il prezident seçkilərində Əli Kərimli İsa Qəmbəri deyil, məhz Etibar Məmmədovu müdafiə etmişdi. İndi də, göründüyü kimi, tərəflər heç biri bir-birilərinə güzəştə getmək fikrində deyildilər.
\r\n
\r\n Məhz bu prosesi sezən ABŞ-dakı bəzi qərəzli dairələr radikal müxalifət daxilindəki bu cür vəziyyətlə barışa bilmirdilər. Ona görə də, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hərəkətə keçərək, radikal müxalifət daxilində, xüsusilə də, Müsavat partiyası ilə AXCP arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq niyyətinə düşdü. Bu səbəbdən də, ötən ilin sonunda görüş keçirildi. Lakin planlaşdırılmış təlimatlara cəmi bir neçə həftə əməl edildi. İsa Qəmbərin Müsavat Məclisi tərəfindən prezidentliyə namizəd elan edilməsi AXCP tərəfindən ciddi qınanıldı. Bu da iki partiya arasındakı ziddiyyətləri daha da artırdı. ABŞ səfirinin onlara barışıq üçün verdiyi təlimatlara əks olaraq, qarşılıqlı ittihamlar yenidən başladı. İsa Qəmbərin prezident seçkilərilə bağlı namizədliyini irəli sürməsi, həmçinin, İctimai Palatanın vahid namizədlə bağlı razılaşmasının Müsavat Partiyası tərəfindən pozulması məhz ziddiyətlərin eskalasiyasına səbəb oldu. Bununla da, AXCP ilə Müsavat arasında qarşıdurma və ziddiyyətlər getdikcə daha qabarıq şəkildə özünü büruzə verdi və bu partiyaların fəallarının bir-birlərinə qarşı apardıqları gözdənsalma kampaniyası geniş vüsət aldı. İki partiya arasındakı qarşıdurma media və sosial şəbəkələr üzərindən daha geniş müşahidə olunmaqdadır. Hətta vəziyyət o yerə çatıb ki, tərəflər xırda \"uğurlarını\" belə öyünmək bəhanəsinə çevirirlər və biri digərinə acıq verməyə çalışır. Bunun əyani sübutu elə bir qrup müsavatçının cəbhəçi olmağa qərar verməsini göstərmək olar. Belə ki, Ağcabədi rayonunda bir neçə müsavatçı AXCP-yə keçdi, onlar Əli Kərimlinin mövqeyini İsa Qəmbərin mövqeyindən daha üstün tutduqlarını bəyan etdilər, həmçinin, bu hal \"Azadlıq\" qəzeti tərəfindən geniş təbliğ olundu. Həmçinin, \"Mediaforum\" saytının sorğusuna əsasən AXCP-nin namizədi müxalifətin \"ən şanslı\" namizədi bəyan edildi və bu, AXCP fəalları tərəfindən geniş təbliğ olunmaqdadır. Müsavatçılar isə hesab edirlər ki, bu sorğu Əli Kərimlinin sifarişi ilə təşkil olunub və onun təbliği məqsədini güdür. Bununla yanaşı, \"Azadlıq\" qəzetində və sosial şəbəkələrdə 12 yanvar aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış AXCP üzvlərinin müsavatçılardan daha çox olduğu təbliğ edilir.
\r\n
\r\n Bu cür faktlar onu göstərir ki, hər iki partiya müxalifətdə təmsil olunsa da, bir-birinin uğurlarını həzm edə bilmirlər və qarşılıqlı qısqanclıq hissləri baş qaldırmaqdıdır. Bunu Müsavat partiyasının və AXCP-nin funksionerlərinin açıqlamaları da isbatlayır.
\r\n
\r\n Qeyd edək ki, AXCP və Müsavat funksionerləri davamlı şəkildə mətbuata açıqlamalar verərək, bir-birilərini qərəzli kampaniya aparmaqda günahlandırırlar. AXCP sədri Əli Kərimlinin İctimai Palatanın son toplantısında Müsavat başqanını rəsmi namizəd olması münasibətilə təbrik etməsindən sonra AXCP-dən Müsavata qarşı namizədliklə bağlı hücumlara moratorium qoyulacağı gözlənilsə də, bu, baş vermədi. AXCP-nin sədr müavini Asəf Quliyevin son müsahibəsində yenə də Müsavat başqanına hücum xarakterli mövqelərə rast gəlinir. O da növbəti dəfə müttəfiqlik məsələləri ilə bir araya sığmayan mövqe sərgiləyərək, \"Əbülfəz Elçibəyin namizədliyini qəbul etməyən müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür\" deyib. \"Müsavat partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsi bizi o qədər də narahat etmir. AXCP ona görə narahatdır ki, bu gün müttəfiq olduğu və cəmiyyətdə çəkisi olan Müsavat partiyası barışdırıcılıq mövqeyini əldən verir. Namizədini irəli sürmək dostlarımızın hüquqlarını məhdudlaşdırır, gələcəkdə seçkilərə vahid mövqe ilə getməsində problem yaradır və müəyyən qədər qarşısını alır. Problem cəmiyyətdə barışdırıcılıq strategiyasının qarşısının alınmasıdır. Amma son vaxtlar İsa Qəmbərin çıxışları məndə belə təəssürat yaradır ki, İsa Qəmbərin özü namizədliyinin irəli sürülməsində israrlı deyil. Hiss olunur ki, onun öz namizədliyini irəli sürməsində partiyadaxili məsələlərin təsiri böyük olub. Məncə, gec deyil və İsa Qəmbər cəmiyyətdə barışdırıcı mövqeyə keçə bilər\", - deyə bildirib.
\r\n
\r\n AXCP-çinin bu mövqeyinə cavab olaraq, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli deyib ki, AXCP rəhbərliyinin mövqeyi müttəfiqlik münasibətlərinə yaraşan açıqlamalar deyil: \"Ən azı dostlarımız, müttəfiqlərimiz səmimi görünmürlər. Biz istər Müsavat partiyasının Divanında, istər Məclisində, istərsə də İctimai Palatanın sessiyasında yekdil qərarı almışıq. Bir tərəfdən AXCP sədri alınan qərarları İctimai Palatanın qərarlarına uyğun olduğunu söyləyir, eyni zamanda da, müttəfiqlik münasibətləri ilə bağlı səylərin davam etdirilməsi və gələcəkdə demokratik seçki mühitinin yaradılması ilə bağlı birgə mübarizə aparılacağını deyib. Digər tərəfdən Cəbhənin önəmli isimləri İsa Qəmbəri, Müsavatı hədəf götürür. Burdan hansı səmimi müttəfiqlikdən danışmaq olar? Axı, bu, səmimi müttəfiqlik deyil, bunu təkcə biz demirik, kənardan da görünür. Kimisə aşağılamaqla, vurmaqla, kimisə ona yaraşmayan sözlərlə geri itələyib başqasını önə çəkmək düzgün deyil axı. Bizim söhbətlərimiz bu cür olmayıb axı. Mən bu vəziyyətlə bağlı çox böyük təəssüf hissi keçirirəm\".
\r\n
\r\n A.Səmədbəyli bildirib ki, hər kəs özünün aldığı qərarına uyğun olaraq fəaliyyət göstərir: \"Vahid və ya əsas namizədin nə olduğunu bizə kimsə izah eləməyə qalxmasın. Biz bunu çox gözəl bilirik, elə onlar özləri də. Amma bu cür münasibətlərlə önə çıxmaq, xalqı inandırmaq olmaz. Sən müttəfiqinə, dostuna qarşı səmimi deyilsənsə, qabağa keçmək üçün onu aşağılayırsansa, ona qara ləkə yaxırsansa, hansı müttəfiqlikdən danışmaq olar?\"
\r\n
\r\n Bütün bunlar AXCP ilə Müsavat arasında dərin ziddiyyətlərin olduğunu, onların bir birinə qarşı kəskin mübarizə apardıqlarını açıq göstərir. Məhz tendensiyanın bu cür cərəyan etməsi, görünür, ABŞ səfirliyində də ciddi narahatlıqlar yaratdığından, yeni görüş üçün razılaşmalara başlanıb. Lakin düşünürük ki, bunların heç bir faydası olmayacaq, çünki iki partiya arasındakı ziddiyyətlər onların vahid yolla hərəkət etmələrinə imkan verməyəcək.
\r\n
\r\n
\r\n
\r\n \"Səs\" Analitik Qrupu