Zahid Oruc: "Dünya birliyi, beynəlxalq təşkilatlar və Rusiya S.Sarkisyana bu cür tapşırıqı verib"
Məlum olduğu kimi, işğalçı ölkə olan Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Bu baxımdan, Ermənistanın dövlət başçısı Serj Sarkisyan prezident seçkiləri ilə əlaqədar olaraq rəqiblərini zərərsizləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Siyasi təqiblərdən tutmuş, maliyyə və fiziki təqiblərə məruz qalan rəqiblər yavaş-yavaş arenadan çəkilməyə məcbur olurlar. "Rusiyanın tam dəstəyini alan Sarkisyanın ən şanslı və iddialı namizəd olması da, çoxlarında şübhə doğurmur ki?" sualına münasibət bildirən millət vəkili Zahid Oruc deyir ki, Ermənistan prezidenti Serj Sarkisyan hərbi münaqişə zamanı özünə yaxın çevrə seçdiyi şəxslərin belə etibarını doğrulda bilmədi: "Serj Sarkisyan prezident seçkiləri ilə əlaqədar olaraq rəqiblərini zərərsizləşdirmək üçün ən primitiv vasitələrdən istifadə etməsi, təbii ki, Azərbaycan dövlətinin xeyirinədir. Çünki öz-özlüyündə sosial-iqtisadi problemlərin məngənəsində sıxılan Ermənistan Azərbaycanla regional və beynəlxalq müstəvidə savaş imkanlarını tükətmiş oldu. Onların da başlıca planı Dağlıq Qarabağ məsələsini işğal gerçəkliyindən siyasi danışıqlara yönəltmək idi. Beləliklə, Dağlıq Qarabağ məsələsini də bu cür hüquqiləşdirəcəklərinə inanırdılar. Amma işğalçı ölkənin bu planı baş tutmadı. Bir sözlə, S.Sarkisyan məhz özünə yaxın şəxslərin hesabına iqtisadiyyatının mərkəzləşdirməsi və üzərinə götürməsi sonda orada olan bir qisim iş adamlarının ölkəni tərk etməsi ilə nəticələndi. Orada qalan bir qisim şəxslər isə bu gündə S.Sarkisyanla fəal savaş meydanındadırlar. Amma orada olan şəxslərin S.Sarkisyanla apardığı mübarizə müsbətə doğru heç bir nəticə verən deyil. Yəni, Ermənistan prezidentinə ölkədə seçkilərlə bağlı baş verən olaylar ona hakimiyyəti ələ almasına mane ola bilməyəcəkdir".
Prezidentliyə namizədlərin bir necəsi aclıq aksiyası keçirir. Serj Sarkisyanın apardığı çirkin siyasi kampaniyaya etirazlarını bildirirlər. Dünya birliyinin, xüsusilə də, Avropa Şurasının Serj Sarkisyanın çirkin siyasi kampaniyasına etiraz bildirməməsinə gəlincə, millət vəkili deyir ki, Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq, prezidentliyə namizəd şəxslərin aclıq aksiyası keçirməsi S.Sarkisyana qarşı təsir və təzyiq göstərməklə onu yolundan daşındırmaq mümkün deyil: "Demək olar ki, dünya birliyi, beynəlxalq təşkilatlar və Rusiya S.Sarkisyana bu cür tapşırıq verib. Yəni, işğalçı ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, orada bir necə namizədin keçiriləcək seçkiləri nəticələrini tanımaması xüsusi ajotaj yaratmayacaq. Bir sözlə, yenə də süngünün üzərində S.Sarkisyana öz iqtidarını bərqərar etmək lazım gələcəksə, xalqa qarşı silah da işlədiləcəkdir".
GÜLYANƏ