Həmkarları belə onu dəstəkləməyib
Avropa Şurası Parlament Assambleyasının yanvarın 23-də keçirilən sessiyasında qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramuntun və Debona Qrexin və siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hazırladığı hesabatlar müzakirə edilib. Əsas müzakirələr ikinci hesabat üzrə aparılıb. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat səsə qoyulduqdan sonra qəbul edilsə də, Azərbaycanda siyasi məhbuslarla bağlı ikinci hesabat assambleyanın plenar iclasında qəbul edilməyib.
Hüquq və məntiqi əsası olmayan sənəd
Əslində, Ştrasser hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Azərbaycanda insan haqları və siyasi məhbuslarla bağlı hazırladığı hesabatında yenə də ölkəmizə qarşı eyni münasibət sərgiləməsi təəccüb doğurmur.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov APA-ya müsahibəsində qeyd edir ki, Ştrasser məruzəçi kimi fəaliyyət göstərdiyi müddət ərzində konfrantasiya xətti yeridib, Azərbaycana qarşı qərəzli mövqe və qeyri-peşəkarlıq nümayiş etdirərək, dialoqdan qaçıb: "Belə absurd və hər hansı tənqidə dözümsüz bir "məruzə"nin Assambleyaya təqdim edilməsi məhz bu cür münasibətin təbii nəticəsi olub. Qeyd olunan məruzə, ola bilsin ki, son on il ərzində AŞPA-da müzakirəyə çıxarılmış ən odioz sənəddir".
Administrasiya rəsmisi haqlı olaraq qeyd edir ki, K.Ştrasserin hesabatını hazırlayarkən, hansı materiallara əsaslandığı məlum deyil: "Məruzəçi hesabatda göstərmişdir ki, müxtəlif işlərlə bağlı qeyri-hökumət təşkilatlarından çoxlu şərhlər, əlavə təfərrüatlar və dəqiqləşdirmələr almışdır. Şübhələnirəm ki, söhbət 2-3 yerli QHT-dən gedir. Bu informasiyaların nədən ibarət olduğu da bilinmir. Ştrasserin məruzəsinin siyasi sifariş olduğu şübhə doğurmur. Məruzənin Hüquqi Məsələlər və İnsan Haqları Komitəsində hazırlanmasına baxmayaraq, bu sənədin hüquq və məntiqlə əlaqəsi yoxdur".
Bu ölkə dünyəvi prinsiplərə sadiqdir
Avropa demokratları qrupundan Ualker də Ştrasseri tənqid edib və hesabata səs verməyəcəyini bildirib. Həmməruzəçi Pedro Arqamunt da həmkarı Kristofer Ştrasserin hesabatını dəstəkləməyib: "Niyə biz yalnız Azərbaycandakı siyasi məhbuslardan danışırıq? Bəs Rusiya, Ermənistan necə olsun?"
Arqamunt deyib ki, Azərbaycan hazırda bir çox müsbət irəliləyişə imza atıb, bu əməkdaşlıq davam etdirilməlidir: "İlk növbədə, sevindirici haldır ki, bu ölkə dünyəvi prinsiplərə sadiqdir. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var, torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib. Bu işğal faktı da hesabatımızda də göstərilib. Mən də hesab edirəm ki, siyasi məhbuslar haqda digər Avropa ölkələri ilə bağlı da belə sənəd hazırlamaq lazımdır. Biz Azərbaycanla işlədikdə, ölkədəki məhbus məsələsini də araşdırdıq. Cənab Ştrasserin hesabatında bir neçə adamın adı var ki, onları heç cür siyasi məhbus adlandırmaq olmaz. Mən deputatları bizim hesabata səs verməyə çağırıram, amma Ştrasserin hesabatının qəbuluna səs verməməliyik. Çünki bu hesabat bizim hesabatla uyğun gəlmir, ona qarşıdır".
Müzakirələrdə söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev də deyib ki, Azərbaycanda bu gün kimsə azad şəkildə öz fikrini ifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmur: "Azərbaycan hazırda hüquqi dövlət quruculuğu ilə məşğuldur. Avropa Şurasından da bu işdə bizə öz yardımını göstərməsini gözləyirik. Amma yardım etmək əvəzinə, belə qərəzli hesabatla üzərimizə gəlir. Son vaxtlar ölkə başçısı tərəfindən verilmiş bir neçə əfv Sərəncamı ilə bir çox məhbus artıq azad edilib. Kristofer Ştrasser isə yenə də hesabatında 85 nəfər siyasi məhbusun olduğunu qeyd edir. Bu rəqəmlərin haradan götürüldüyü anlaşılan deyil".
Daha çox mülahizələrə üstünlük verilib
İrlandiyadan olan deputat Leyden Terri isə Monitorinq Komitəsi həmməruzəçilərinin hesabatının çox yaxşı hazırlandığını deyib: "Sevindiricidir ki, azərbaycanlı həmkarlarımız da bu sənədi qəbul edirlər. Lakin siyasi məhbuslarla bağlı hesabatın əleyhinə səs verməliyik. Çünki sənəddə göstərildiyi kimi, Azərbaycanda 85 siyasi məhbusun olduğu barədə məlumat doğru deyil. Bu məlumatlar artıq yoxlanılıb. Azərbaycan Avropa Şurasında üzv olduğu müddətdə çox irəliləyişlərə nail olub".
İtaliyalı Cüzeppe Valentino Ştrasserin hesabatında faktların göstərilmədiyini, daha çox mülahizələrə üstünlük verildiyini qeyd edib: "Bu sənəd kifayət qədər subyektivdir və mən həmkarlarımı bu hesabatın əleyhinə səs verməyə çağırıram".
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov Rusiya nümayəndə heyətinin tam heyətlə Kristofer Ştrasserin Azərbaycana qarşı yönəlmiş qətnaməsinin əleyhinə səs verməsinin səbəbini belə açıqlayıb: "Diskussiya maraqlı və ciddi keçib. Bununla belə, məruzəçi parlament araşdırmasını qaydalara riayət etmədən aparıb. O, Azərbaycanda olmayıb, sübutların mənbələrini yerində təhlil etməyib və dərc olunmuş siyasi məhbuslar siyahılarının xeyrinə kifayət qədər sübutlar təqdim etməyib. Hüquqi məsələləri qeyri-hüquqi üsullarla həll etmək yolverilməzdir".
Senator, həmçinin, beynəlxalq hüquqda "siyasi məhbus" anlayışının olmadığını qeyd edib: "Buna görə də, bu terminin sənəddə istifadə olunması birtərəfli və siyasiləşdirilmiş izahlara imkan yaradır".
Belə qərəzlilik qəbuledilməzdir
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da çıxışında bildirib ki, Ştrasserin hesabatında fərqli faktlar çox qəribə şəkildə əks olunub: "Məruzəçinin təqdim etdiyi siyahıda elə şəxslərin adları var ki, ümumiyyətlə, belə adamlar yoxdurlar. Siyahıda olanlardan 40 nəfəri artıq azad edilib, 10 nəfərin işinə məhkəmələrdə baxılmaqdadır".
Dağlıq Qarabağ üzrə AŞPA-nın Alt komitəsinin sədri, ispaniyalı deputat Yordi Çukla da Ştrasserin hesabatının yalnız Azərbaycan üzrə aparılmasına qarşı çıxıb: "Niyə bu hesabat ancaq Azərbaycan üzrə aparılıb? Üstəlik, bu hesabatda çoxlu uyğunsuzluqlar var, sənəddə qərəzli niyyətin olduğu hiss olunur. Hesab edirəm ki, belə qərəzlilik qəbuledilməzdir".
Ştrasserin özünün etiraf etdiyi kimi, onun missiyası bitdi və o məğlub oldu. Azərbaycandakı radikal müxalifət qəzetləri isə təsəlli olsun deyə, bu hadisəni "Ştrasserin şərəfli məğlubiyyəti" və "müvəqqəti məğlubiyyət" kimi qələmə verdilər. Amma nə qədər acı olsa da, baş verənlər reallıqdır. Səməd Seyidovun söylədiyi kimi, "Nə qədər bizə ləkə vursalar da, kürü ləkəsini vursalar da, neft ləkəsini vursalar da, divar qurudur - yapışar sonra düşər".
Düşmənlər həzm edə bilməsələr də, bu, onların məğlubiyyəti, Azərbaycanın isə növbəti qələbəsidir.
Cabir