PDF Oxu

Müxalifət

  • 43

Arxadan vurulan zərbə..? Haqqarar, yoxsa cahil yazıçı?

Xalq Əkrəm Əylisli adlı bir "yazıçı"nı yaddaşından silməlidir. Necə ki, o, nümayəndəsi olduğu doğma xalqını öz yaradıcılığından asanlıqla sildi!

Arxadan vurulan zərbə..? Haqqarar, yoxsa cahil yazıçı?

Bu günlərdə yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsəri Azərbaycan mühitində böyük narahatlıq yaradıb. Səbəb odur ki, Azərbaycanın "xalq yazıçısı" öz vətəninə, xalqına, millətinə, torpağına xəyanət edərək, "Daş yuxular" adlı cızma-qarası ilə qanımıza susayan ermənilərin tərəfinə keçdi və xalqın qınağına tuş gəldi. Bu isə dünyanın bütün ittihamlarından daha ağırdır...

Əvvəla, onun "tərifli" əsərlərində milli ruh, milli düşüncə, dəyərlərimizə hörmət prinsiplərini nə qədər axtarsam da, lazımi qədər tapa bilməmişəm. Onun qələmindən çıxan surətlər, Əjdər, Sərvər, Mirzə Manaf, Yaqub, Qubad, Qədir, Qərib... onlarla obrazlar yazıq, cılız, həyatda öz yerini tapa bilməyən miskin insanlardır. Bu insanlarda milli ruh, milli mənafe adlı bir duyğu hiss etməmişəm. Əslində, onun əsərlərində Çingiz Aytmatovu təqlid etmək arzusu çox hiss olunur, lakin buna istedadı və qabiliyyəti çatmayan orta səviyyəli bir yazar təsiri bağışlayır. Məlum həqiqətdir ki, öz fitrli istedadı və daxili dünyası olmayan yazarın bəşəri fikir arenasına çıxa bilməsi mümkünsüzdür. Bir də, sənət adamının əqidəsi, amalı ilə sənəti üst-üstə düşmürsə, onun yazdıqları kimə lazımdır?..

Əkrəm Əylisli öz başına açdığı qalmaqalları ilə bu gün Azərbaycan mühitində nifrət və ikrah doğurur. Öz qınından çıxıb qınını bəyənməyən bağa yada düşür. Hələ buna qədər Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, digər mədəniyyət və elm xadimlərimizə atdığı çirkablara da dönə-dönə şahid olmuşuq. Hətta Azərbaycan dövlətinin ona göstərdiyi sayğı, diqqət, qayğı da bir anın içində yerə vuruldu. Çörəyi dizinin üstündə olan bu insanın qədirbilənlik duyğularını ermənilərə olan məhəbbəti məhv edibmiş. Vətənin nüfuzlu təltifləri və mükafatları ona haram olsun! Görünür, gəncliyimizə mənəvi mental dəyərlərimizi təlqin edən ədəbiyyatımız da, necə deyərlər, xəlbirdən keçməli imiş. Çünki milli heysiyyatdan məhrum yazıçı, milli xəyanətə yol verən sənətkar, nankorluq, satılmış vicdan və ləyaqət Azərbaycan ədəbiyyatının tərkib hissəsi ola bilməz! Hər şeyi "azad sözlə" əlaqələndirməyə cəhd edən bu yazarın, əslində, kim olduğunu özü isbat etdi. Kimdir Əkrəm Əylisli?

Bu gün onun iç üzü tamamilə açıldı. Yazdığı "Daş yuxular" adlı cızma-qara ilə tarixi düşmənimiz olan ermənilərin mövqeyində olduğunu açıq-aşkar təsdiqlədi. Azərbaycan xalqının başına gətirilən fəlakətlərə göz yumaraq utanıb-ölmədən ermənilərə qahmar çıxdı. Məgər Sumqayıt hadisələrini ermənilərin özlərinin törətdiyindən, Xocalı qətliamından Əkrəm Əylislinin xəbəri yoxdur? Məgər diri-diri torpağa basdırılan insanların, qaynaqlanan borunun içinə doldurulub amansızcasına boğulan körpələrin naləsi ona çatmadı? Namusu, isməti mundar ayağların altında qalan analarımızın, bacılarımızın ləyaqəti onu titrətmədi? - Yox!

Böyük Nizami Gəncəvi belələrinin haqqında yaxşı yazıb:

Düşməninlə dost olana sən də bax bir düşmən kimi,

İlan üstə yatan milçək zəhərlidir ilan kimi!

Azərbaycanın xalq yazıçısı adını, Vətənin ən ali mükafatı olan "Şöhrət" ordeni daşıyan və millət vəkili kimi şərəfli bir statusa sahib olmuş bu adam əcəba məxsus olduğu millət, xalq, Vətən haqqında hansı fikirlərdə imiş?! Nankorluğun da həddi olmalıdır! Ürəyində xalqa qarşı kin-küdurət gəzdirən, xalqın düşməninə sevgi bəsləyən bir adam da xalq yazıçısı, millət vəkili ola bilərmi? Sən demə, cildini, qiyafəsini, simasını dəyişən insandan hər nə desən gözləmək olarmış! "Daş yuxular"ın müəllifi nədən ermənilərin Azərbaycan xalqının başına gətirdiyi fəlakətdən yazmır, torpaqları əlindən getmiş, əhalisi didərgin düşmüş, haqqı tapdanmış millətin suçlu olduğunu göstərir? Çünki əsil həqiqəti göstərməyə erməni ürəyi ilə qoşa döyünən ürəyi buna yol vermir, belələri düşməndən daha təhlükəlidir! Budağında oturduğu ağacın kökünə balta çalmaq yalnız ağılsızların işidir!

Görəsən, Əkrəm Əylislini incidən nə idi ki, bütöv bir xalqı, bütöv bir milləti haqsız təhqir edib? Axı nəyə görə o, qahmar çıxdığı ermənilərin təhqiramiz "yeraz" adı verdiyi soydaşlarımıza qarşı bu qədər qəzəblidir? Hətta təhqir etməkdən də yan keçə bilmir. Erməni qəbrinin üstündə başı kəsilən əsgərimizin faciəsini unudub, bir Erməninin amansızlıqla döyüldüyü səhnəni ürək ağrısı ilə təsvir edir... Belə bir adamın bu millətin içində yaşamağa haqqı varmı? Əgər bir erməni yazıçısı təmsil etdiyi xalqı bu qədər kiçildərdisə, ermənilər onu daş-qalaq eləyərdilər... "Görəsən, nəyə görə bütün bunlar baş verir" sualı ortaya çıxanda bir Orxan Pamuk yolu yada düşür.

Mənə elə gəlir ki, vicdanı təmiz, ziyalı, özünə sənətkar deyən birisi bu qədər nadürüstlüyə, dönməzliyə, ciddi xətaya yol verə bilməzdi. Aşağıdakı cümlələrin müəllifinə nəinki yazıçı, adi azərbaycanlı demək də mümkün deyil əsərdən sitat: "Hamısını eləyən bu "yeraz"lardı, doktor, "yeraz"lar. 5-6 "yeraz" gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlar hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de, işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək..."

XXI əsrin əvvəllərindən Azərbaycan ziyalıları ermənilərin əsil yalquzaq simasını dünya xalqlarına çatdırmaq məqsədilə nə qədər işlər görüb?! Nə qədər ömrümüzdən, səhhətimizdən, varlığımızdan keçmişik ki, ədalətsiz müharibəyə səbəb olan, bizim torpaqlarımızı, tariximizi, ədəbiyyatımızı, musiqimizi saxtakarlıqla öz adlarına çıxan, illərlə torpaqlarımızda əmin-amanlıqla yaşayıb ayaqlarımızın altını eşən, qanımıza susayan "kirvələrimizin" əsil nankor simasını açıb dünyaya göstərək?!

Nizələrə sancılan körpələrimizin, od vurulan qocalarımızın, diri-diri körpəsi bətnindən çıxarılan gəlinlərimizin, təhqir olunan analarımızın, bacılarımızın, heysiyyəti, mənliyi ayaqlar altına gömülən kişilərimizin, xaraba qalmış yurdlarımızın naləsini, fəqanını yazıçılarımız tarixin yaddaşına yazmayacaqsa, bəs kimlər yazacaq?

Lakin bir yazıçının yaxın tariximizi belə təhriflərlə qələmə alması ancaq erməni xislətli bir cahilin işi ola bilər. Çox ehtimal ki, Əkrəm Əylislinin bu kitabını ermənilər Nobel mükafatına təqdim edəcəklər. Bu, Orxan Pamuk yoludur. Onu da belə mükafatlandırdılar. Böyük türk millətini təhqir etdiyinə, aşağıladığına görə...

Əkrəm Əylisli də yəqin ki, öz məqsədinə çatacaq. Amma aldığı mükafatın sevincini, dəyərini, onun həzzini və ləzzətini, hörmətini vətənində, torpağında yaşaya, duya bilməyəcək! Çünki satılmışların, milli xəyanətkarların Azərbaycanda yeri yoxdur!

Söz yox ki, sabah ermənilər bu "əsəri" Azərbaycan əleyhinə işlədəcəklər. Deyəcəklər ki, buyurun, bu da sizin xalq yazıçınızın öz dilindən etdiyi etiraflar. Hətta erməni xalqı elə bir hiyləgərliyə mənsubdur ki, həmin qərəzli əsəri bir çox dillərdə tərcümə edib, dünyaya yayacaqlar. Çünki burada onların maraqları var. Necə ki, Ə.Əylislinin də Azərbaycan xalqını təhqir etməkdə qaranlıq maraqları mövcuddur. Azərbaycan xalqının müqəddəs adı, anası, övladı həmin təhqirlərin içində yer almaqdadır. Əylisliyə isə həmin təhqirlərə görə nələr verilib! O, satılıb. Satılmışları bağışlamaq mümkün deyil! Təəssüf ki, bunu onun özü də hiss etməyə başlayıb. Görünür, bu səbəbdən də, Əkrəm Əylisli ermənilərə pənah aparacaq, fəaliyyətini orada davam etdirməyi reallaşdırmağa çalışacaq. Amma unudur ki, öz doğma vətəninə, vətəndaşına arxa çevirən, onun dərdlərinə etinasız olan, yaralarına, faciələrinə gülən, etibarsız, dönük çıxanları düşmən də özünə sədaqətli dost hesab edə bilməz!..

NURLANA ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, professor

Digər xəbərlər