Dağıdıcı müxalifət mətbuatı öz "liderlərindən" fərqlənməyən fərdi gündəmdə saxlamaqla bir daha iç üzlərini ifşa etməkdədirlər
Ölkədə cərəyan edən müxtəlif hadisələr fonunda dağıdıcı müxalifət "liderlərinin" baş verən olaylardan yararlanmağa səy göstərmələri, baş verən ən xırda məişət məsələlərini belə, şişirdərək siyasiləşdirmələri cəmiyyətdə birmənalı qarşılanmamaqdadır. Bu baxımdan, dağıdıcı müxalifət mətbuatının, xüsusilə, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin fəaliyyəti dayandırılmış ABU-nun keçmiş cinayətkar rektoru Elşad Abdullayev mövzusu ətrafında siyasi maxinasiyalara yol vermələri diqqətdən yayınmır.
Müxalifətin həm maddi, həm də siyasi maraqlarını E.Abdullayev təmin edir
Onu da xatırladaq ki, E.Abdullayev hələ həmin vəzifəsini icra etdiyi dövrlərdə adlarıçəkilən müxalifət qəzetləri onu davamlı olaraq tənqid edir, informasiyalar yayırdılar. Ancaq sonradan E.Abdullayev cinayəti ifşa edildikdən sonra, onun adı həmin mətbuatda "qəhrəmanlıq" obrazı kimi səsləndirilməyə başlandı. Buradan da bəlli etmək mümkündür ki, əslində, düşərgə "liderlərini" cəmiyyətdə baş verən hadisələr heç vaxt maraqlandırmayıb. Belə ki, onların maraqları yalnız siyasi ambisiyalarının, dividend artımlarının reallaşmasına xidmət edir ki, bu amil onların həqiqi "simalarını" bir daha üzə çıxarmış olur.
Əslində, E.Abdullayevin cinayətləri barədə "Səs" qəzetində kifayət qədər şok doğuracaq informasiyalar oxucu kütləsinə çatdırılıb və normal düşüncəli ictimai rəydə onun kim olması bəllidir. Məhz bu səbəbdən də, vaxtilə E.Abdullayevi tənqid edən müxalifətin birdən-birə onu "qəhrəmanlıq" simvolu kimi təqdim etmələri yeni-yeni şübhələr yaratmaqdadır. İlk şübhə isə budur ki, E.Abdullayev oğru və cinayətkar kimi qazandığı kirli pulları indi də dağıdıcı müxalifət mətbuatına maaş, daha dəqiq desək, rüşvət kimi ödəyir. Həm siyasi, həm də maddi maraqlarının təmin olunduğunu görən düşərgə " liderləri" və onlara yaxın mətbuat oorqanları isə bunun müqabilində E.Abdullayevə canla-başla nökərçilik etməkdədirlər.
Daha bir şübhə yaranır ki, bütün bunlar da əbəs deyil
Vaxtilə ölkə təhsili üçün qara ləkəyə çevrilmiş keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rəhbəri E.Abdullayev silsilə xarakterli şantaj videogörüntüləri yaymaqda davam etdirərkən, daha bir şübhə yaranır ki, bütün bunlar da əbəs deyil. Cinayətkar rektor və saxta "alim" olan bu fərd gələcəkdə siyasi sığınacaq almaq üçün post-seçki dövründə məsələni siyasiləşdirməyə cəhd edir. Lakin E.Abdullayev unudur ki, təkcə təhsil (yəni onun başqa cinayətlərini təkrarən sadalamağa ehtiyac yoxdur - R.N.) sahəsindəki fırıldaqlarına görə onu bağışlamaq olmaz.
Bəllidir ki, bu cinayətkar ünsür öz qaranlıq mənafeyi naminə ölkəmizin maraqlarını daim satıb, maddi maraqlar, mənfəətlər onun üçün hər şeydən yüksəkdə durub. "Azadlıq" və "Yeni Müsavat" kimi böhtançı, təxribatçı yazılı orqanlarda E.Abdullayevin respublikamızın ali dairələrində təmsil olunan nüfuzlu, dövlətinə və xalqına sadiq ictimai-siyasi xadimlərə qarşı gizli, qanunsuz videogörüntülərinin, habelə, sərt açıqlamalarının dərc edilməsi sabiq rektorun siyasiləşməsindən xəbər verən ən bariz nümunədir. Məsələyə daha dərindən varsaq, sual edə bilərik ki, əgər E.Abdullayev gerçəkdən də, səmimidirsə, nəyə görə həmin informasiyalarını digər müstəqil qəzetlərədə və saytlarda yayımlamır? Ancaq "Azadlıq" və "Yeni Müsavat" kimi siyasi partiyalara yaxın orqanlarda günaşırı olaraq E.Abdullayevin şəkli və videogörüntüləri manşetləti bəzəyir?
Gələcəkdə siyasi sığınacaq almaq üçün məsələni siyasiləşdirməyə səy göstərir
Hələ bir neçə il bundan əvvəl qardaşı Mahir Abdullayevin itkin düşməsini "əsas" gətirən E.Abdullayev ailə üzvünün naməlum şəkildə yoxa çıxmasından öz məqsədləri üçün istifadə edir, habelə, hüquq-mühafizə orqanlarında çalışan bəzi yüksək vəzifəli şəxsləri qərəzlə şantaj edir. Son vaxtlar onun ittihamları ilə tanış olduqda, açıqlamaların məqsədli şəkildə, siyasi çalarlarla müəyyən şəxslərin əleyhinə yönəldiyi açıq-aşkar görünür. Təbii, cəmiyyət bunu birmənalı qarşılayır, Elşad Abdullayev Fransadadır, təhlükəsiz mühitdədir. Məhz buna görə də, ağlına və ağzına gələnləri danışmaqla, kimlərisə gözdən salmağa çalışır. Görünür, ABU-nun keçmiş rektoru keçmişdə törətdiyi cinayətkar əməllərə görə gələcəkdə siyasi sığınacaq almaq üçün məsələni siyasiləşdirməyə səy göstərir.
E.Abdullayev universitetə qəbul etmək adı ilə yüzlərlə insandan külli miqdarda rüşvət şəklində pul alıb. Amma ən son nəticədə onların övladları təhsilsiz qalıb. Eyni zamanda, o, qardaşının guya oğurlanması, qaçırılması ilə bağlı mətbuatda tez-tez çıxışlar edir. Lakin hüquq-mühafizə orqanları da bu faktı təsdiqləmədi. Üstəlik, hələ məlum deyil ki, onun qardaşı həqiqətən qaçırılıbmı? Qaçırılıbsa, bunu kim edib? Bəlkə o, özü qaçıb gizlənib. İstənilən halda bunlar iki qardaş arasında olan məsələlərdir. Təkcə onu qeyd etmək olar ki, sırf təhsil sahəsindəki fırıldaqlarına görə, onu bağışlamaq olmaz. Hələ o biri cinayətləri demirik...Artıq E.Abdullayevin qanun qarşısında cavab verməsi vaxtı elə də uzaqda deyil. Sadəcə bugünlərdə onun adını gündəmdə saxlayan dağıdıcı müxalifət mətbuatı və "liderləri" də anlamağa məhkumdurlar ki, vaxt gələcək onların oyuncaq qəhrəmanları elə onların əleyhinə vurulan ən güclü zərbə olacaq. Belə zərbələrin təsirindən isə ayılmaq olmur...
RÖVŞƏN NURƏDDİNOĞLU