"Demokratik Birlik" fraksiyası Mirmahmud Mirəlioğluna qarşı bu dəfə daha kəskin ittihamlarla çıxış etdi
Siyasi müxalifət düşərgəsində cərəyan edən "nisbi sakitliyi" özlərinin hələ də KXCP-nin tərkibində olduqlarını bəyan edən "Demokratik Birlik" fraksiyası ilə Mirmahmud Mirəlioğlu arasındakı savaş pozdu. Xatırladaq ki, hələ ötən ilin sonlarında KXCP daxilində fraksiya yaradaraq, sədr M.Mirəlioğluna qarşı etimadsızlıq məsələsi qaldıran bir qrup "klassik cəbhəçi" sonda onun istefasını tələb kimi ortaya qoymuşdular.
KXCP kimin olacaq - AXCP-nin, yoxsa Müsavatın?
Lakin sonradan bəlli olmuşdu ki, onların bir qrupu AXCP sədri Əli Kərimlinin emissarları qismində KXCP-ni parçalamaq planını işə salmağa cəhd göstəriblər. Lakin bununla yanaşı, "Demokratik Birlik" fraksiyasında Müsavat başqanı İsa Qəmbərin də gizli tərəfdarları olduğu üçün həmin qruplaşma daxilində də müəyyən ikitirəliklər yaşanmışdı. Nəticədə, M.Mirəlioğlu çıxış yolunu onların partiyadan uzaqlaşdırılmaqda görmüşdü. Ancaq buna baxmayaraq, "fraksiyaçılar" hələ də özlərini KXCP sıralarında gördüklərini bəyan etməkdədirlər.
Digər tərəfdən, KXCP-nin AXCP və Müsavat partiyalarının döyüş meydanı olmasını da istisna etmək olmaz. Çünki bütün hallarda hər iki tərəf - həm Ə.Kərimli, həm də İ.Qəmbər böyük ehtimalla parçaladıqları KXCP-dən daha böyük tikə qoparmağa çalışacaqlar. Belə ki, prezident seçkiləri öncəsi bu amil onlar üçün hava və su kimi lazımdır.
KXCP-nin sədr müavini Bəybala Əbil: " Bizim üçün problem deyil"
Bu arada M.Mirəlioğlunun müavini Bəybala Əbilin mətbuata verdiyi açıqlamada "fraksiyaçıları" qeyri-ciddi adlandırması qarşı tərəfin ciddi narazılığına səbəb olub: "Hazırda partiya daxilində fraksiya yoxdur. Adı "fraksiya" qoyulan adamların isə niyyəti xoşdursa, nə iş görürlərsə, görsünlər. Bizim üçün problem deyil. Onları ciddi hərəkat hesab etmirik".
Göründüyü kimi, müxalifətin iki cinahından hücuma məruz qalan KXCP rəhbərliyi siyasi təşkilatın bir daha parçalanmaması üçün əllərindən gələnləri etməyə çalışsalar da, vəziyyət onların xeyirlərinə işləmir. Çünki qarşı tərəfə istiqamətlənmiş sərt bəyanatlar ziddiyyətli halı daha da gərginləşdirməkdədir.
"Demokratik Fraksiya"nın rəhbəri Qaya Əliyev: "Bəybala müəllim Koperfild deyil ki, abra-kadabra ilə partiyada fraksiyanı yox eləsin ...Bəybala müəllimin ciddilikdən danışması özü ən böyük qeyri-ciddilikdir"
Məsələn, "fraksiyanın" aparıcılarından olan Qaya Əliyev mətbuata açıqlamasında B.Əbilin ünvanına sərt sözlər işlədib: "Bəybala müəllim yəqin özünü ya məşhur sehrbaz Devid Koperfild hesab edir, ya da dəvəquşunun təhlükə qarşısında məşhur refleksindən istifadə edir. Bəybala müəllim Koperfild deyil ki, abra-kadabra ilə partiyada fraksiyanı yox eləsin. O ki,qaldı ciddi hərəkat məsələsinə. Fikrimcə, Bəybala müəllimin ciddilikdən danışması özü ən böyük qeyri-ciddilikdir.Cəmiyyət görür ki,iddiaları imkanlarına adekvat olan "fraksiya" ciddi qurumdur, yoxsa intellektual, siyasi və şəxsi potensialı bələdiyyə üzvlüyünə belə yaramayan bir şəxsin prezidentliyə namizədliyindən dəm vuranlar?"
Göründüyü kimi, Q.Əliyevin yenidən siyasi savaş meydanına atılaraq, öz sədrinə və sədr müavininə qarşı hücuma keçməsi daha öncələr müxalifətdaxili vəziyyətin getdikcə daha da dərinləşməsindən xəbər verir. Çünki "fraksiyaçının" M.Mirəlioğlunu "bələdiyyə üzvlüyünə belə yaramayan prezidentliyə namizəd" kimi təhqir etməsi havadan deyilmiş sözə bənzəmir. Bu ifadənin arxasında mühəqqəq Ə.Kərimlinin, ya da İ.Qəmbərin dayanması isə danılmazdır. Hazırda isə KXCP-nin həm "fraksiyaçılara", həm də AXCP və Müsavata qarşı hansı addım atacağını gözləməyə dəyər. Çünki istənilən halda cavab veriləcək.
R.RƏSULOV