PDF Oxu

Müxalifət

  • 72

ADP sədri düşərgəni bu dəfə daha kəskin ittiham etdi

Sərdar Cəlaloğlu: "Milli Şura" ideyası ilə bağlı heç bir məlumatım yoxdur"

ADP sədri düşərgəni bu dəfə daha kəskin ittiham etdi

Hələ ötən ilin sonlarında müxalifət partiyalarının "Asiman" restoranındakı görüşləri əvvəlcədən ümidsizlik təsiri bağşlayırdı. Belə ki, həmin görüşdə masa arxasına oturan "liderlər", eləcə də, reneqatlar toplumunun üzvləri yekdil rəyə gələ bilmədikləri üçün guya növbəti dəfə görüşəcəkləri barədə ictimaiyyətə bəyanatlar verdilər. Ancaq buna rəğmən, həmin görüş baş tutmadı və növbəti dəfə sübut olundu ki, istər partiyalar, istərsə də ayrı-ayrılıqda fəaliyyət göstərən siyasi fərdlər öncədən proqnozlaşdırdıqları "birliklərini" reallaşdırmağa nail olmayacaqlar.

Rüstəm İbrahimbəyov və onun kölgəsi Eldar Namazov iddia edirdilər ki, artıq "Milli Şura"nın tərkibi formalaşdırılıb və orada bütün müxalifət qüvvələri birgə siyasi fəaliyyət aparacaqlar

Bu ərəfədə "Ziyalılar Forumu"nun reneqatları yenidən "birlik" təşəbbüsləri ilə çıxış etsələr də, baş verənlərin görüntü, yaxud pafos olması nəzərdən yayınmır. Məsələn, qondarma "ziyalıların" daha bir təmsilçisi Eldəniz Quliyev mətbuata açıqlamasında optimal təsri bağışlamayan sözləri ilə qeyd edilən fikirləri təsdiq edib. Guya "Milli Şura"nın yaradılmasını müxalifətdə olan qüvvələrin birləşməsinə təkan verəcəyini deyən reneqat bildirib ki, hələlik, proses "kəşfiyyat" xarakteri daşıyır: ""Milli Şurada" ilk növbədə, əsas müxalifət partiyaları, sonra isə bütün ictimai-siyasi mühitin burada cəmləşməsinə çalışırıq. Yəni "Milli Şura" müxalifət düşərgəsinin həqiqi demokratik qüvvəyə çevrilməsini qarşısına məqsəd kimi qoyub" (?-R.R.)

Maraqlıdır, bir müddət öncə qondarma qurumun həmtəsisçilərindən olan Rüstəm İbrahimbəyov və onun kölgəsi Eldar Namazov iddia edirdilər ki, artıq "Milli Şura"nın tərkibi formalaşdırılıb və orada bütün müxalifət qüvvələri birgə siyasi fəaliyyət aparacaqlar. Lakin indi, yəni R.İbrahimbəyov ictimaiyyət arasında guya ölkəyə qayıtmağa "qorxduğu" imitasiyalarını yaydıqdan sonra digər reneqat - E.Quliyevin bu haqda inamsız danışması bir daha qənaətə gəlməyə imkan yaradır ki, ortada heç bir irəliləyiş və təkanverici hadisə mövcud deyil.

"Milli Şura" adlı blef qurumunun ətrafında Eldar Namazovun "liderlik" ambisiyaları dayanıb və həmin mənfəətlərin reallaşmasına nə AXCP, nə Müsavat, nə də ki, başqa partiyalar razılaşmaz

Başqa tərəfdən, bu gün dağıdıcı düşərgədə "İctimai Palata", "Məşvərət Məclisi" və daha bir neçə bu kimi qurumlar fəaliyyət göstərir, onların hər biri özlərini daha "demokratik qüvvə" kimi ictimai rəyə sırıyırlar. Qondarma "ziyalı" E.Quliyev isə bildirir ki, ""Milli Şura"nın tərkibi formalaşdırılıb və orada bütün müxalifət qüvvələri birgə siyasi fəaliyyət aparacaqlar". Bu zaman sual yaranır, necə ola bilər ki, fərdi ambisiyalarını reallaşdırmaqdan ötrü, hətta bir-biriləri ilə eyni qurumda təmsil olunan partiyalar ("İctimai Palata"da AXCP-Müsavat"-R.R.) barışmaz düşmənlərə çevrildikləri halda, başqa qurumlarda "barış" içində yaşasınlar? Söz yox ki, məhz "Milli Şura" adlı blef qurumunun ətrafında da E.Namazov amilinin "liderlik" ambisiyaları dayanıb və həmin mənfəətlərin reallaşmasına nə AXCP, nə Müsavat, nə də ki, başqa partiyalar razılaşmaz. Və əslində, bunu E.Quliyev də yaxşı anlayır. Lakin cəmiyyətə yalan bəyanatlar verməklə hər hansı "işartıdan" dəm vurur: "Bəzi şifahi danışıqlar aparılır. İnkişaf və pozitiv addımların atılması üçün işartılar da var". Əgər "işartı" varsa, nəyə görə bəyan edilən görüşlər, razılaşmalar əldə olunmur?

"Milli Şurası"nın yaradılması ideyası qaranlıq məsələdir"

Məhz bu sual ətrafında yaranan situasiyaya ADP sədri Sərdar Cəlaloğlunun kəskin ittihamları yerinə düşür. Belə ki, ADP sədri ilk öncə, ona eyham vurur ki, "Milli Şura"nın yaradılmasının ideya müəllifi R.İbrahimbəyov olsa da, o, Azərbaycana gəlməyəcəyi haqda bəyanat verir. S.Cəlaloğlu E.Quliyevin sözlərini yalanlayaraq, iddia edir ki, reneqat bütün müxalifət partiyalarının "Milli Şura"da fəaliyyət göstərəcəyini deməklə tamamilə başqa məqsəd daşıyır. ADP sədri deyib: "Milli Şura" ideyası ilə bağlı heç bir məlumatım yoxdur. İndi onun işini kimin davam etdirdiyini isə bilmirəm. Yəni bu, bir qədər qaranlıq məsələdir".

S. Cəlaloğlu müxalifətin əməkdaşlıq imkanlarının hər keçən gün gecikdiyini də qeyd edib: "Hər ötən gün atacağımız addımların effektivliyini aşağı salır. Biz nə qədər bu məsələni uzadırıqsa, yaxınlaşmalar, razılaşmalar gec həll olursa, bir o qədər seçkilərlə bağlı əməkdaşlıq məsələsində gecikirik".

Yəni həmin açıqlamadan da görünür ki, istər format şəklində, istərsə də başqa siyasi birlik formalarında nəzərdə tutulan planlar gerçəkləşməmiş də qalacaq. Çünki vurğuladığımız kimi, dağıdıcı düşərgədə hökm sürən ifrat iddialar, izafi siyasi mənfəətlər, eləcə də, tükənməyəm ambisiyalar normal düşüncəli ictimaiyyətə real təsir bağışlamır. Reallıq yoxdursa, demək hər hansı uğurdan danışıq da yersiz və mənasızdır.

R.RƏSULOV

Digər xəbərlər