PDF Oxu

Müxalifət

  • 84

Partiya yetkililəri reneqatların cəhdlərinə müsbət rəy vermirlər

Partiya yetkililəri reneqatların cəhdlərinə müsbət rəy vermirlər

"Milli Şura" "ideyası" dağıdıcı müxalifət düşərgəsinin partiya və şəxsi maraqlarını üstələyə bilmədi

Bir müddət bundan öncə reneqat "ziyalı" Rüstəm İbrahimbəyovun və ətrafının bu il keçiriləcək prezident seçkiləri ərəfəsində guya müxalifəti birləşdirməyi hədəfləyən "Milli Şura"nın yaradılması təşəbbüsü dağıdıcı düşərgədə təmsil olunan partiya funksionerləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, müxtəlif və kəskin baxışlar kontekstində bildirilən münasibətlər düşərgənin heç zaman bir yerdə olmayacağı təsirini kifayət qədər göstərmiş olur.

Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu gün heç bir partiyanın ölkədə "mövcud şərtlər" (?-M.Q.) daxilində hansısa dəyişikliklər potensialına malik olmamasını "əsas" gətirərək, bildirib ki, təmsil olunduğu qurumun bu ideyaya münasibəti müsbətdir. Söz yox ki, "mövcud şərtlər" deməklə F.Qəhrəmanlı öz zəifliklərini, cəmiyyətdəki nüfuzlarının sıfır həddinə düşməsini gizlətməyə çalışıb, bununla da yenidən öz günahlarını hakimiyyətin üzərinə yıxmağa cəhd edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: "Bu günə qədər biz dəfələrlə belə təşəbbüsdə olmuşuq... "

Maraqlıdır ki, Əli Kərimlinin müavini burada düşərgədaxili olaraq, "cəbhənin" mövqeyini təbliğ etməklə, digər müxalifət partiyalarına qarşı çıxış edib. Daha dəqiq desək, F.Qəhrəmanlı yaranması böyük sual altında qalmış "Milli Şura"nın adından sui-istifadə edərək, AXCP-ni digər müxalifət partiyalarından "üstün siyasi təşkilat" olduğunu nümayiş etdirməyə səy göstərib. "Cəbhə" sədrinin müavini daha sonra bu kimi təkliflərin öncələr məhz AXCP tərəfindən əsaslandırıldığını iddia etməklə yenidən öz təbliğatlarını aparıb: "Bu günə qədər biz dəfələrlə belə təşəbbüsdə olmuşuq... "

Göründüyü kimi, F.Qəhrəmanlı "Milli Şura"dan daha çox Ə.Kərimlinin seçkiöncəsi təşviqatını aparmaqla yerdə qalan digər müxalifət partiyalarına qarşı çıxıb. Belə açıqlamalar isə, ümumiyyətlə, reneqat "ziyalı" R.İbrahimbəyovun qondarma təklifinin reallaşmayacağını kifayət qədər sübuta yetirmiş olur. Çünki ortada düşərgə maraqları deyil, məhz partiya maraqlarının dayanması aşkar olaraq görünməkdədir.

KXCP sədri Mirmahmud Mirəlioğlu: "Müxalifətçilərlə bir arada oturub söhbətləşmək də mümkün deyil"

KXCP sədri Mirmahmud Mirəlioğlu isə AXCP-nin mövqeyinə qarşı çıxıb və haqlı olaraq iddia edib ki, Azərbaycanda istənilən təcrübəni həyata keçirmək mümkündür. Lakin müxalifət düşərgəsində ümumi olaraq hər hansı təşəbbüsü müzakirə etmək inandırıcı görünmür: "...Bu məsələyə dair bütün informasiyaları mətbuatdan almışam. Partiyaya da heç bir müraciət edilməyib. Fikrimcə, bəzi məsələlər var ki, bu, yalnız media üçün hesablanıb. Çünki müxalifətçilərlə bir arada oturub söhbətləşmək də mümkün deyil".

M.Mirəlioğlu qeyd edib ki, müxalifətin bir mövqedən çıxış etməsinə şərait olsa da, bir araya gəlmək imkanı sıfır həddindədir. Maraqlıdır ki, digər müxalifət partiyalarından fərqli olaraq, KXCP sədri ümummilli məsələdə də müxalifətin bir araya gələ bilməməsini kəskin tənqid edib. O, bununla deməyə çalışıb ki, Azərbaycanda ümummilli məsələlər qalmış olarkən, guya düşərgəni bir araya gətirməyə hesablanmış addımlar məntiqsiz görünür: " ...Hamını bir araya gətirmək imkanı sıfırdır. İyirmi beş ilə yaxındır Azərbaycanın əraziləri işğal altındadır. Hətta bu məsələ insanları bir araya gətirib, konkret iş görməyə məcbur edə bilməyib".

ALP sədri Əvəz Temirxan: "Müxalifət daxilində bizim birləşməyimizi istəməyən qüvvələr mövcuddur"

ALP sədri Əvəz Temirxan isə sözdə "Milli Şura"nın yaranmasını "dəstəkləsə" də öz açıqlamasında sözügedən məsələyə optimal yanaşmadığını sərgiləyib. Reneqatların maraqlarına uyğun olan "Milli Şura"nın yaradılmasına dair ALP ilə hər hansı danışıqların aparılmadığını söyləyən Ə.Temirxan dolayısı ilə etiraf edib ki, adıçəkilən qurumun yaradılması, əslində, müxalifətin birləşməsinə deyil, əksinə, birləşməməsinə hesablanmış addımdır. ALP sədri bu arada AXCP və Müsavatı ittiham etməyi də unutmayıb: "Sadəcə, müxalifət daxilində bizim birləşməyimizi istəməyən qüvvələr mövcuddur".

AMİP sədri Yusif Bağırzadə: "Partiya olaraq fəaliyyətimizi "Demokratik Qüvvələrin Məşvərət Məclisi" çərçivəsində görürük"

AMİP sədri Yusif Bağırzadə sözügedən "ideyanın" səmərəsziliyinə işarə edərək bildirib ki, onun rəhbərlik etdiyi siyasi təşkilat hazırda "Məşvərət Məclisi"ndə təmsil olunur. Bu səbəbdən də AMİP-in "Milli Şura" amilinə müsbət baxmayacağı onun açıqlamasından da bəlli olur. Y.Bağırzadə "Milli Şura"nın yaradılması təşəbbüsünə dair nə partiyaya, nə də təmsil olunduqları "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nə heç bir qurum tərəfindən müraciət edilmədiyini deyib: "Hazırkı məqamda isə partiya olaraq fəaliyyətimizi "Demokratik Qüvvələrin Məşvərət Məclisi" çərçivəsində görürük".

"Ümid" partiyasının sədri İqbal Ağazadə: "...Bu qurumun heç bir dayanıqlığı və təsir imkanları olmayacaq"

"Ümid" sədri İqbal Ağazadə isə öz şəxsi maraqlarından çıxış edərək bildirib ki, hətta "Milli Şura" "ideyası" reallaşsa belə, bu, heç nəyi dəyişməyəcək. Çünki orada ayrı-ayrı fərdlər təmsil olunacaq. O, həmçinin, "Milli Şura"nın yaradılması "təşəbbüsü" ilə çıxış edən reneqatların rəhbərlik etdiyi partiya ilə heç bir danışıqlar aparmadığını söyləyib: "Hər kəsin ideya irəli sürmək, qarşısına məqsəd qoymaq haqqı var. Amma bir şeyi bilməlidirlər ki, "Milli Şura" deyilən anlayış ümumrespublika əhəmiyyətli olmalıdırsa, onun kökündə siyasi institutlar durmalıdır. Əgər belə olmayacaqsa, bu qurumun heç bir dayanıqlığı və təsir imkanları olmayacaq. Ayrı-ayrı fərdlərdən ibarət "Milli Şura"nın yaradılması heç nəyi dəyişməyəcək".

Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı: "Hələlik, bunun yaradılması barədə ümumi söhbətlər gedir..."

Maraqlıdır ki, Müsavat partiyası da "İctimai Palata"dakı mehriban düşmənləri olan AXCP-dən fərqli mövqe nümayiş etdirməyib. Daha dəqiq desək, Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı "cəbhə" sədrinin müavini F.Qəhrəmanlı kimi təmsil olunduğu siyasi təşkilatın maraqlarından çıxış edib və bildirib ki, adıçəkilən qurumun perspektivli olub-olmaması ehtimalını da nəzərdə saxlamaq lazımdır. Müsavatın həmin "təklifə" barmaqarası baxmasını A.Hacılının açıqlamasından da görmək mümkündür:"Hələlik, bunun yaradılması barədə ümumi söhbətlər gedir. Konkret müzakirələr başlanmayıb. Əgər Rüstəm İbrahimbəyov bununla bağlı daha konkret təkliflərlə çıxış etsə və bu proses başlansa, "Milli Şura"nın perspektivi haqqında daha birmənalı fikir bildirmək asan olacaq".

Lakin onu da unutmaq lazım deyil ki, yaranması müşkül işə çevrilən, eləcə də mümkün olmayan "Milli Şura" "ideyaçıları" bəyan edirdilər ki, həmin qurumda "vahid namizəd" məsələsinin də müzakirəsi aparılacaq. Eyni zamanda, nəzərə alsaq ki, dağıdıcı müxalifət düşərgəsi artıq bir neçə namizədlə seçkilərə qatılacağını bəyan edib və həmin fərdlər sırasında İsa Qəmbər də var, bu zaman vəziyyətin hansı dərəcədə "inkişaf" etdiyini daha aydın şəkildə görə bilərik. Bir sözlə, vurğulamaq mümkündür ki, partiya yetkililəri reneqatların cəhdlərinə müsbət rəy verməməklə bir daha şəxsi və digər maraqlarının müdafiəçilərinə çevrilməkdədirlər.

Mübariz QULİYEV

Digər xəbərlər