PDF Oxu

Müxalifət

  • 40

"Vahid namizəd" məsələsi ətrafında qarşıdurmaların yeni mərhələsi başlayır

İsa Qəmbər, Əli Kərimli və Eldar Namazovun öz iddiasından geri durmaması radikal müxalifət düşərgəsini yenidən siyasi dalana aparır

"Vahid namizəd" məsələsi ətrafında qarşıdurmaların yeni mərhələsi başlayır

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində də gərginlik artır. Çünki hərəsi bir dairənin maraqlarına xidmət etdiyindən namizədlik məsələsi bu düşərgənin nümayəndələri üçün "ölüm, ya olum" məsələsinə çevrilib. Bu səbəbdən də, bütün vasitələrdən istifadə edilir ki, "vahid namizəd" məsələsindən konsensus deyil, şəxsi qərar verilsin. Çünki, həm Müsavat başqanı İsa Qəmbərin, həm AXCP sədri Əli Kərimlinin və digər partiyaların sədrlərinin şəxsi maraqları var ki, bunun üçün də seçkilərdə iştirakı və "vahid namizəd" kimi çıxış etməyi vacib görürlər. Amma təcrübə onu göstərir ki, Müsavatla AXCP arasında heç bir halda konsensus ola bilməz. Lakin hər iki partiya sədrləri və nümayəndələri arasında baş vermiş insidentlər xarici ölkələrin Azərbaycandakı səfirlərini də hərəkətə gətirib. Belə ki, dəfələrlə radikal müxalifət nümayəndələrilə görüş keçirən ABŞ səfirinin əsas məqsədi Müsavat partiyası ilə AXCP arasında konsensusun əldə olunmasıdır.

Təbii ki, iki partiya lideri arasında razılaşmanın əldə olunması mətbuat vasitəsilə mifləşdirilməyə çalışılsa da, ictimaiyyətin yaddaşında olan informasiyalar, eyni zamanda, İsa Qəmbər və Əli Kərimlinin şəxsi maraqları bu konsensusun blef olduğunu aydınlaşdırır. Çünki hadisələrin cərəyan etdiyi zaman xəttini bir neçə il geriyə çəksək, 2000 və 2005-ci parlament, həmçinin, 2003 və 2008-ci il prezident seçkilərində radikal müxalifət düşərgəsində baş vermiş olaylar, qurulmuş oyunlar adları çəkilən müxalifət başqanlarının heç bir zaman qarşılıqlı səmimiyyət nümayiş etdirmədiklərinin şahidi olmuşuq. Məhz onların bu cür münasibətləri müxalifət düşərgəsindəki parçalanmaları sürətləndirib və passivliyi artırıb.

Bu fikirləri, eyni zamanda, 2010-cu ildə siyasi maraqlar naminə yaradılmış "İctimai Palata" haqqında da demək olar. Belə ki, üzdə səmimi münasibətlərin olmasını nümayiş etdirən Müsavat və AXCP-nin "İP"-in yaradılmasında xüsusi fəallıq nümayiş etdirməsi heç kəsə sirr deyil. Həmin ilin siyasi vəziyyətinə uyğun olaraq, İsa Qəmbər və Əli Kərimli baş tutmuş seçkilərdən sonra sosial bazası sürətlə seyrələn müxalifət düşərgəsini nəzarətdə saxlamaq üçün belə bir qurumun yaradılmasına getdilər. Amma "İP"-in müxalifətin fəaliyyətini koordinasiya edəcək qurum rolunu oynaya bilməyəcəyi elə ilk günlərdən aydın oldu. Çünki Müsavat partiyasının funksionerlərinin AXCP nümayəndələrinə qarşı tez-tez hücuma keçməsi, müzakirəyə çıxarılmış məsələlərdə ortaq nöqtənin tapılmasına mane olması "İctimai Palata"nın "ölü doğulmuş" təşkilat olduğuna işarə etməyə başladı. İki partiya arasındakı münasibətlərin kritikləşməsi isə, məhz 2013-cü il prezident seçkiləri ərəfəsinə təsadüf edir.

Bu bir faktdır ki, həm Müsavat başqanı İsa Qəmbər, həm də AXCP sədri Əli Kərimli seçkilərdə "vahid namizəd" olmaq üçün bütün vasitələrə əl atırlar. Mətbuat orqanlarında qarşılıqlı ittihamlar etik çərçivədə baş tutsa da, sosial şəbəkələrdəki qarşıdurmalar ədəbsiz bir mühitdə baş tutur.

Belə ki, Müsavat Məclisi partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyilə bağlı rəsmi qərar verdikdən sonra AXCP rəsmilərinin anti-Müsavat, anti-İsa Qəmbər mövqeli açıqlamaları daha da çoxaldı. Qeyd etdiyimiz kimi, əgər əvvəllər ancaq sosial şəbəkələrdə ədəbsiz, qeyri-etik mövqe sərgilənirdisə, son günlər partiya sədrinin müavinləri səviyyəsində aqressivlik nümayiş etdirilir. Müxalifət mətbuatı bununla bağlı yazır ki, əslində, AXCP sədri Əli Kərimlinin "İctimai Palata"nın son toplantısında Müsavat başqanını rəsmi namizəd olması münasibətilə təbrik etməsindən sonra AXCP-dən Müsavata qarşı namizədliklə bağlı hücumlara moratorium qoyulacağı gözlənilsə də, bu, baş vermədi.

Yəni, anlaşılan odur ki, ABŞ səfiri çalışıb ki, iki partiya arasında razılaşmanın əldə olunmasını təmin etsin və hər iki siyasi təşkilatı birləşdirib bir seqment yaratsın. Amma alınmadı...

Ona görə də, ABŞ-ın ölkəmizdəki səfiri "El" hərəkatının təsisçisi Eldar Namazova stavka etməyə başlayıb. Hətta onların görüşündə iştirak etmiş mənbələrdən birinin sözlərinə görə, məhz yuxarıda təsvir etdiyimiz vəziyyəti bilən ABŞ səfiri "El" hərəkatının yaranmasına xeyir-dua verib. Görünür, Rüstəm İbrahimbəyovun xarici səfərləri zamanı erməni lobbisinin dəstəyini alması, üstəlik, ABŞ səfirinin dəstək verməsi hərəkatın mart ayında elan ediləcəyi haqqında ehtimalları artırır. Amma burada daha bir qaranlıq məqam ortaya çıxmış olur. Belə ki, Eldar Namazov və Rüstəm İbrahimbəyov dəfələrlə müsahibələrində deyiblər ki, hərəkat mart ayında elan ediləcək. Demək ki, hərəkatın təşəbbüsçüləri elə bu görüşü gözləyirmişlər.

Məhz bu görüşdən böyük dəstək almış Eldar Namazov artıq həm İsa Qəmbəri, həm də Əli Kərimlini sıxmaq üçün əlavə şans qazanıb. Eldar artıq Müsavat və AXCP sədrləri qarşısında əzilən kimi deyil, onlara qarşı gedən fiqura çevrilib. Elə bunu Eldar-İsa-Əli üçtərəfli görüşündə ortaya qoyulan fərqli mövqelər də sübut edir. Görüşdə iştirak edən tərəflərdən birinə yaxın mənbənin məlumata görə, tərəflər seçkilərdə kimin "vahid namizəd" olması məsələsi ətrafında müzakirələr aparıb. Lakin ilkin razılığa gəlinməyib. Buna səbəbsə, görüşdə iştirak edən hər üç şəxsin namizədliklə bağlı öz iddiasından geri durmaması olub. Məlumat verən mənbə iddia edir ki, görüşün davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Məhz üçlüyün görüşüb öz aralarında "vahid namizəd" müəyyən etməsi barədə təşəbbüs ABŞ səfirliyində keçirilmiş qapalı müzakirələrdə qaldırılıb. Xatırladaq ki, bir müddət əvvəl AMİP sədri Yusif Bağırzadə də Qərb institutlarının müxalifətin birliyini tələb etməsi haqda açıqlama vermişdi.

Bir sözlə, radikal müxalifət düşərgəsində "vahid namizəd"in müəyyənləşdirilməsi üçün baş sındırılır. İndi isə ortaya belə bir sual çıxır: görəsən, dünyanı idarə edən ABŞ-ın ölkəmizdəki səfirinin radikal müxalifət üçün "vahid namizəd" tapmağa cəhd göstərməsi onun nəyinə lazımdır? Və R.Morninqstarın radikal müxalifətlə görüşlər keçirməsi demokratiyanın inkişafına, yoxsa digər maraqlara xidmət edir? Yəqin ki, ABŞ-ın səfiri bu suallara cavab verəcək və fəaliyyətini də əsaslandıracaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər