Fuad Qəhrəmanlı müsavatçılara Əli Kərimlinin güzəştə getməyəcəyi ismarıcını yolladı
Prezident seçkiləri yaxınlaşdıqca, dağıdıcı düşərgədə bir-birini əvəzləyən qarşıdurma prosesləri daha da şiddətli fazaya keçid almaqdadır. Xüsusilə, AXCP və Müsavat partiyalarının "cəmləşdiyi" "İctimai Palata" daxilindəki qalmaqallar özünü daha qabarıq fonda nümayiş etdirir. Söz yox ki, belə bir vəziyyətin yaranmasına Müsavat və AXCP funksionerlərinin qarşılıqlı söz atışmaları səbəb olur. Onların açıqlamaları göstərir ki, partiyalar ümumiyyətlə, güzəştli addım atmaq fikrində deyillər. Müsavat başqanı İsa Qəmbər başda olmaqla, onun müavin və müşavirləri dəfələrlə bəyan ediblər ki, Müsavat, AXCP də daxil olmaqla, heç bir partiyaya güzəştə getməyəcək. Belə ki, Müsavatda İ.Qəmbərin üstünlüyünü "İP"-in koordinasiya şurasına seçkilərdə topladığı səslə hesablayırlar. Müsavatçılar belə hesab edirlər ki, Əli Kərimlidən 70 səs çox toplamış İ.Qəmbər "İP"-in "vahid namizədi" olmağa daha çox yaxındır.
Fuad Qəhrəmanlı: "Əli Kərimli müxalifətin ən uğurlu namizədi kimi keçirilən rəy sorğularında həmişə öndə olub"
Ancaq maraqlısı da budur ki, "cəbhəçilər" də özlərinə yaxın sosial şəbəkə qruplarındakı sorğularını əsas gətirərək, Ə.Kərimlinin daha çox səs topladığını iddia edirlər. Ancaq o da bəllidir ki, AXCP namizədini irəli sürməyib. Məhz bu səbəbdən, bir müddət öncəyə qədər "cəbhə" funksionerlərinin susqunluğu belə deməyə əsas yaratmışdı ki, Ə.Kərimli İ.Qəmbərə güzəşt edəcək. Amma partiya sədrinin müavini Fuad Qəhrəmanlının son müsahibəsi müsavatçıların AXCP-nin güzəşt edəcəyinə bəslənən ümidlərinin üzərindən çarpaz xətlər çəkdi. Artıq bu gün AXCP-nin aparıcı funksioneri sərt şəkildə Müsavata və onun namizədinə qarşı meydan oxuyurlar. F.Qəhrəmanlı Müsavat başqanının namizədliyini irəli sürməsinə ciddi yanaşmır, hesab edir ki, "Azərbaycan cəmiyyəti seçki məsələsində hansısa partiyanın yox, ümumilikdə, müxalifətin birgə mövqeyini gözləyir".
Bu açıqlama isə o mənanı daşıyır ki, Müsavatın təkbaşına namizədlə bağlı qərar verməsi doğru addım deyil və uğursuz olacaq: "Ə.Kərimli 16 min respondentin iştirak etdiyi son internet sorğularında ona yaxın olan müxalifət "liderindən" (İ.Qəmbərdən-R.H.) 5 dəfə artıq çox səs almışdı. Əli Kərimli müxalifətin ən uğurlu namizədi kimi keçirilən rəy sorğularında həmişə öndə olub".
İsa Qəmbər "cəbhəçilərin" hücumlarına qarşı daha relevant addımlar atmağı planlaşdırıb
Bu fikir həm də onu deməyə əsas verir ki, belə düşünən tək F.Qəhrəmanlı deyil, AXCP-də belə düşünürlər. "Cəbhə" funksionerinin açıqlaması Ə.Kərimlinin "İP"-dəki bəyanatının davamı da sayıla bilər. Belə ki, "İP"-in son toplantısında AXCP sədri beynəlxalq təşkilatlardan incikliyini ifadə etmiş və bildirmişdi ki, onlara ümid olmaq lazım deyil. Siyasi analitiklər Əli Kərimlinin bu bəyanatını həm də baş verən aksiyaların fonunda önə çıxmaq, ictimaiyyətin diqqətini cəlb etmək cəhdi kimi qiymətləndirirlər. Onlar tərəfindən belə bir fikir irəli sürülür ki, AXCP təşəbbüsü ələ almaq niyyəti güdür. Artıq növbə Müsavatındır. Görünür, İ.Qəmbər "cəbhəçilərin" hücumlarına qarşı daha relevant addımlar atmağı planlaşdırıb. Görünən isə budur ki, seçkilərə qədər hər iki partiya arasındakı ixtilaflar getdikcə barışmaz mərhələyə keçməklə, dağıdıcı müxalifətin azsaylı elektoratının xəyallarını da puça çevirəcək.
Rəfiqə HÜSEYNOVA