PDF Oxu

Müxalifət

  • 103

"8-lər"in növbəti görüşü baş tutmayacaq

"8-lər"in növbəti görüşü baş tutmayacaq

İsa Qəmbər "Asiman" formatının onu qane etmədiyini söyləyib

Müxalifət düşərgəsində baş verən hərc-mərcliyi, qarşılıqlı ittihamları aradan qaldırmaq üçün xarici maraqlı qüvvələrin göstərdiyi səylər nəticəsiz qalmaqdadır. Çünki düşərgə daxilində birinci partiya, aparıcı lider olmaq hikkəsi düşərgə təmsilçilərinin bir araya gəlmələrinə və mövcud problemi aradan qaldırmağa imkan vermir. Bu səbəbdən, hətta ABŞ-ın, Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin bəzi əməkdaşlarının müxalifətlə birlik modelini yaratmaq istiqamətində apardıqları intensiv təbliğati işin nəticəsiz qalmasından narahatlıqlarını ifadə etməkdən çəkinmirlər. Bunu "EL" adlı qondarma qurumun elan olunması zamanı ABŞ səfirliyinin nümayəndəsinin Müsavat başqanı İsa Qəmbərin və "Ziyalılar Forumu"nun üzvü Rafiq Əliyevin nəzərinə çatdırılması zamanı da aydın şəkildə görünmüşdür. Düzdür, müxaliflər seçki ilində daha çox maliyyə yardımı əldə edə biləcəklərini nəzərə aldıqlarından, bu baxış bucağından birlik görüntüsü yaratmağa çalışırlar. "8-lər"in timsalında müxalifətin görüşlərinin keçirilməsi də yalnız və yalnız birlik görüntüsünün yaradılması məqsədi daşıyır. Çünki əgər bu görüş, həqiqətən də, ciddi xarakter daşısaydı, o zaman ümumi müxalifətin birliyini yaratmaq mümkün olardı. Nəinki "İctimai Palata", "EL", "Qarabağ" və bu kimi digər ayrı-ayrılıqda "fəaliyyət" göstərən bloklar yaradılmazdı.

Maraqlı məqam ondan ibarətdir ki, 2012-ci ilin dekabrında AMİP sədri Yusif Bağırzadə iddialı formada bəyan etmişdi ki, 2013-cü il yanvarın sonlarında 8 partiya sədrinin iştirak ilə "Asiman" restoranında növbəti görüş keçiriləcək. Onun sözlərinə görə, görüşdə AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, "Ümid" partiyasının sədri İqbal Ağazadə, "Ziyalılar Forumu"nun üzvü Rafiq Əliyev, "VİP" sədri Əli Əliyev, ALP sədri Əvəz Temirxan və "KXCP" sədri Mirmahmud Mirəlioğlu iştirak edəcəklər. Yanvar və fevral ayları başa çatıb, artıq mart ayı da yekunlaşmaq üzrədir. Ancaq Y.Bağırzadənin söylədiyi fikirlər reallığa çevrilməyib. Belə də gözlənilirdi. Çünki siyasi fəaliyyətləri ərzində müxaliflərin heç bir iddiaları, təklif və proqnozları baş tutmayıb. "8-lər"in görüşünün keçirilməsi ilə bağlı fikirlər də öz təsdiqini tapmayıb. "KXCP" sədri M.Mirəlioğlu və "VİP" sədri Ə.Əliyev "8-lər"in görüşünün baş tutmamasında Müsavat başqanı İ.Qəmbəri günahlandırırlar. Ə.Əliyevin sözlərinə görə, İ.Qəmbər müxalifətin inteqrasiyasında maraqlı olmadığı üçün görüşün də reallaşmasına imkan vermir. ADP sədri S.Cəlaloğlu isə, İ.Qəmbərin "8-lər"in görüşündə iştirakda tərəddüd etməsini ABŞ-ın Azərbaycandakı səfirindən təlimat gözləməsi ilə əlaqələndirib: "İ.Qəmbər bütün addımlarını kənar qüvvələrlə razılaşdırmaqla atıb. Bu dəfə də o, ənənəsinə sadiq qalaraq, "8-lər"in görüşündə iştirak etməsi üçün ABŞ səfirliyindən təlimat gözləyir".

S. Cəlaloğlu bu günlər AXCP sədri Ə.Kərimli, Müsavat başqanı İ.Qəmbər və "EL" hərəkatının sədri Eldar Namazovun üçlükdə görüşünün keçirilməsinin ABŞ-ın Azərbaycandakı səfirinin istəyinin olması ilə əlaqələndirib. Onu da qeyd edib ki, İ.Qəmbər yalnış yol tutmaqla, özü ilə yanaşı rəhbərlik etdiyi partiyanı ictimai rəydə gözdən salır.

Müsavat başqanı İ.Qəmbər isə, görüşdə iştirakdan imtina etməsini "8-lər"in formatının onu qane etməməsi ilə əlaqələndirib. Bu isə, onu deməyə əsas verir ki, İ.Qəmbər "8-lər"də arzu etmədiyi şəxələrin təmsil olunmasını həzm edə bilmir. Arzuolunmaz şəxslərin kimliyini İ.Qəmbər dilə gtirməsə də, onların "Ümid" partiyasının sədri İ.Ağazadə və ADP sədri S.Cəlaloğlunun olduğu şübhəsizdir. Çünki uzun müddətdir, bu şəxslər arasında qarşılıqlı ittihamlar, təhqirlər adi hala çevrilib. Bu baxımdan, onu demək olar ki, İ.Qəmbər hətta görüşdə iştirak etsə belə, daxili məlum qarşıdurma nəticəsində "8-lər"in hansısa bir quruma çevilməsi mümkün deyil.

İ.ƏLİYEV

Digər xəbərlər