ACP "lideri": "İsa bəy bizi xeyli feyziyab etdi"
Dağıdıcı düşərgədə "liderlərarası" qarşıdurmalara biri də əlavə olunub. Onu da qeyd edək ki, seçkilər ərəfəsində bir-birlərini təhqir səviyyəsinə qədər ittiham edən tərəflər keçmişdə baş verən hadisələri yenidən qabardır, ictimiaiyyətin diqqətinə çatdırırlar. Onlar bu vasitə ilə kimin "düz", kimin isə əyri olmasını sübuta yetirməyə çalışırlar. Bu ərəfədə ACP "lideri" Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbərin gənclərlə görüşündə onun Azərbaycana geri dönməsi ilə bağlı imzatoplama aksiyasında nəyə görə iştirak etməməsi ətrafında verdiyi cavabına münasibətini açıqlayıb. Məsələ ondadır ki, gənclərdən biri Müsavat başqanından soruşub ki, R.Quliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyasına nə üçün qoşulmayıb və müvafiq sənədə imza atmayıb. Müsavat başqanı bu suala cavabında deyib ki, həmin sənəddə R.Quliyevin 1995-ci ildə xalqın dəstəyi ilə parlamentin spikeri seçildiyinə dair yazılan məqamla razılaşmayıb və s.
"...Hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı"
Müsavat başqanının verdiyi həmin cavabdan razı qalmayan, əksinə, qəzəblənən ACP "lideri" İ.Qəmbəri "artist" adlandırıb və əlavə edib ki, Müsavat başqanı öz oyunu ilə onu xeyli feyziyyab edib: "İsa bəy bizi xeyli feyziyab etdi".
Lakin bununla yanaşı, R.Quliyev İ.Qəmbərin imzasına da təhqiredici səviyyədə yanaşıb və əslində, Müsavat başqanının onun geri qayıtması istiqamətində aparılan kampaniyada imzasının olmamasına sevindiyini bildirib: "Mən çox şad oldum ki, Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı".
Eks-spiker əvvəlcə yazıb ki, İ.Qəmbərlə əlaqədar bir söz demək fikri yox idi. Ancaq yalan danışdığı üçün onun cavabını verməyə borcludur. R.Quliyev Müsavat başqanını hər zaman uduzduğunu da onun diqqətinə çatdırıb: "...Deyə bilərəm ki, 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri, o cümlədən, "Xalq Cəbhəsi"ndən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürsə də mənim heç olmasa ikinci tura keçməyimə belə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökumət, həm də "Xalq Cəbhəsi" nümayəndələrini udmuşdum". Həmin seçkilərdə "Xalq Cəbhəsi"nin "liderlərindən" biri sayılan İ.Qəmbər, həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi...".
"Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi, o, daha çox istəyir..."
R.Quliyev, eyni zamanda, Müsavat başqanının yalançı və iftiraçı olduğunu vurğulayıb. O bildirib ki, İ.Qəmbər buna görə xəcalət çəkməlidir. Lakin başqanın buna iradəsi çatmır: "Fikrimcə, yalan danışmaqdan xəcalət çəkmək lazımdır, əgər bu, mümkünsə. O ki qaldı onun qol çəkməməsinə, bəlkə də inanmazsınız, ancaq mən bundan çox məmnun oldum. Mən çox şad oldum ki, mənim Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı. Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi, o, daha çox istəyir... Qol çəkməməsinə görə də təşəkkürlər, bizi xeyli feyziyab etdi".
Göründüyü kimi, keçmişlərin paxırlarını açan müxaifət "liderləri" bu və ya digər şəkildə barışmaz mövqedə dayandıqlarını bir daha bu kimi açıqlamaları, sosial şəbəkələrdə yazdıqları ifşaedici şərhləri ilə sübuta yeririrlər. Söz yox ki, xalq da onların sözügedən "tarixi əməlləri"nin şahidi olur.
Mübariz QULİYEV