PDF Oxu

Müxalifət

  • 49

Sülhəddin Əkbər də Rəsul Quliyev Arif Hacılı qovğasına qarışdı

Sülhəddin Əkbər də Rəsul Quliyev Arif Hacılı qovğasına qarışdı

ACP sədri "liderini" müdafiə etmək məqsədi ilə İsa Qəmbəri ittiham etdi

ACP - Müsavat qarşıdurması getdikcə daha sərt ittihamlara və təhqirlərə doğru inkişaf etməkdədir. Belə ki, artıq Rəsul Quliyev - Arif Hacılı qovğasına ACP sədri Sülhəddin Əkbər də qoşulub. Daha dəqiq desək, əvvəlcədən də bəlli idi ki, baş qaldıran söz atışmaları, əslində, İsa Qəmbərlə R.Quliyevin arasındakı tarixi düşmənçiliyin və kəskin ədavətin nəticəsidir. Sadəcə, seçkilər ərəfəsində müxalifətdəki cüzi nüfuzunu itirmək təhlükəsində qalan İ.Qəmbər öz ittihamlarını A.Hacılı vasitəsilə ifadə edir. Ancaq göründüyü kimi, S.Əkbərin də həmin məsələyə qarışması qarşıdurmanın sakitliklə bitməyəcəyindən xəbər verir.

Sülhəddin Əkbər: "Mən görüşü tərk edər-etməz Müsavat partiyası bu münasibətləri pozmaq üçün bir bəhanə tapdı...Konkret olaraq, A.Hacılı mətbuatda ACP liderinə böhtan atdı, heç bir etikaya sığmayan ifadələr işlətdi "

Məsələ ondadır ki, mətbuata açıqlama verən ACP sədri S.Əkbər bu yaxınlarda Müsavat başqanı İ.Qəmbərə yaxınlığı ilə seçilən şəxslərlə (o, burada A.Hacılını nəzərdə tutub - M.Q.) görüşdüyünü bildirib. Lakin həmin görüş bitər-bitməz hər iki tərəf arasında "kiçik çaplı" ittihamlar səsləndirilib. Bundan sonra S.Əkbər qərara gəlib ki, o da sakit dayanmayacaq və lazım olduqca Müsavat rəhbərliyini ifşa edəcək: "Ümumi şəkildə deyə bilərəm ki, biz münasibətlərin prinsipcə normallaşması haqqında razılığa gəlmişdik. Amma mən görüşü tərk edər-etməz Müsavat partiyası bu münasibətləri pozmaq üçün bir bəhanə tapdı. Qarşı tərəfdən təklif gəlmişdi ki, gərginliyə ehtiyac yoxdur, ikitərəfli münasibətləri normallaşdıraq, müxalifətin birliyi istiqamətində addımlar ataq. Amma görüşdən sonra Müsavat funskioneri, konkret olaraq, A.Hacılı mətbuatda ACP liderinə böhtan atdı, heç bir etikaya sığmayan ifadələr işlətdi".

ACP sədri müsavatçılara çağırış etdi: "Partiya üzvləri də bilməlidirlər ki, onların rəhbərliyi hansı siyasəti aparır"

S.Əkbər, eyni zamanda, İ.Qəmbərin və A.Hacılının münasibətlərində barışıq yeri qoymadıqlarını da bildirib. ACP sədri bu arada Müsavat partiyasının üzvlərinə də çağırış edib və onlara təbliğ edib ki, sıravi müsavatçılar partiya rəhbərliyinin fəaliyyətini bir daha nəzərdən keçirsinlər: "Bir tərəfdən guya münasibətləri normallaşdırmaq istəyirlər, digər tərəfdən əlaqələrimizə zərbə vuran, barışıq yeri qoymayan hərəkətlərə yol verirlər...Amma partiya üzvləri də bilməlidirlər ki, onların rəhbərliyi hansı siyasət aparır".

Rəsul Quliyev: "Nə qafası, nə iş bacarığı olmayan birisini, məsələn, gətirib başqan qoymusan..."

Onu da xatırladaq ki, ACP "lideri" R.Quliyev sosial şəbəkələrdə Müsavat rəhbərliyini daha sərt qaydada hədəfə götürüb və İ.Qəmbərlə A.Hacılını qafasız adlandırıb: "Nə qafası, nə iş bacarığı olmayan birisini, məsələn, gətirib başqan qoymusan. O, vəzifədə qalxıb. Ya ona özünlə bir səviyyədə, ya da aşağıdan-yuxarı baxmalısan. Bu insanlar elə cılız insanlardır ki, istənilən vəzifədə və ya geyimdə, davranışda elə aşağıdakı yazıq vəziyyətindədirlər".

AXCP sədri Əli Kərimli kimin yanındadır?

Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, əslində, bütün bunlar seçkilər ərəfəsində xalq qazanmaq məqsədi daşıyan oyunbazlıqlarla yanaşı, həm də keçmişdən qalan məsələlərin saf-çürük edilməsidir. İstər İ.Qəmbərin və A.Hacılının, istərsə də R.Quliyevlə S.Əkbərin arasında gedən savaşın yaxın günlərdə dağıdıcı müxalifətə daha ciddi fəsadlar verəcəyini də ehtimal etmək mümkündür. Çünki bu arada məlumatlar yayılmaqdadır ki, ACP-Müsavat qarşıdurmasında dayanan pərdəarxası qüvvələrdən biri də AXCP sədri Əli Kərimlidir. Daha dəqiq desək, "cəbhə" sədri bu qovğada ACP-nin tərəfini dolayısı ilə müdafiə edir.

"Azadlıq" və "Yeni Müsavat" qəzetləri də partiyalararası savaşın iştirakçılarına çevrildi

Məsələn, "Azadlıq" qəzetində bu barədə yazılan yazılarda üstünlük məhz R.Quliyevə verilməkdədir. İ.Qəmbər isə həmin qəzetin səhifəsində günahkar kimi göstərilir. Və görünür, "Yeni Müsvat"ın da nəzərindən sözügedən hal yayınmayıb. Bu səbəbdən də, R.Quliyevin Müsavat partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzetini də hədəfə götürməsi Müsavat rəhbərliyini narahat etməyə başlayıb. Daha dəqiqi, burada da AXCP sədrinin barmağının olması dolayısı ilə aşkar olmaqdadır. Maraqlıdır, bəs R.Quliyev "Yeni Müsavat" haqqında hansı ittihamları səsləndirib? ACP "lideri" deyib: "Yeni Müsavat" qəzetinin tribunasından heç vaxt məna kəsb edən söz deməyi bacarmayan şəxslərin tribuna kimi istifadə etməsi çox da yaxşı hal deyildir. Həyatında şüar deməkdən başqa heç vaxt heç bir iş görməyən şəxslərin ömrünü təmasda olduğu insanların yaxşı yaşamasına sərf etmələri barədə tükürpədici haray qoparmasının kimə xeyri olacağı məlum deyildir".

Artıq tam olaraq bəllidir ki, yaranmış söz-söhbət dağıdıcı müxdalifət düşərgəsinin builki seçkilərdəki məğlubiyyət proqnozlarını kifayət qədər ortaya qoymuş olur. Çünki bu kimi qarşıdurmalar yalnız ACP və Müsavat partiyaları arasında baş verimir. Vəziyyət dağıdıcı düşərgədə qlobal xarakter almaqla bütün partiyaları əhatə etməkdədir.

Mübariz QULİYEV

Digər xəbərlər