Cümşüd Nuriyev: "Hakimiyyət hərisliyi onları ölkədə ictimai-siyasi sabitliyi pozmağa sövq edir"
Niyaməddin Orduxanlı: "Radikal müxalifətin milli maraqlara zidd addımlar atması və ölkədə sabitliyi pozmaq üçün xarici qüvvələrlə əməkdaşlıq etməsi göz önündədir"
Son vaxtlar Azərbaycanda ictimai və siyasi sabitliyi pozmağa cəhd göstərən və bu yolda dayanmadan çirkin planlara əl atan, həmçinin, ölkəmizə düşmən olan qüvvələrin göstərdiyi maddi və mənəvi dəstəkdən istifadə edən dağıdıcı, radikal müxalifət tutduğu səhv yoldan dönmək bilmir. Özlərini bu dələduz dəstənin başçıları hesab edən Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərlərinin anti-milli qüvvələrlə əməkdaşlığı və xüsusən də, bu insanların ABŞ-ın Azərbaycandakı səfirliyinin maraq dairəsini əhatə etməsi və ABŞ-a tez-tez səfər etmələri onların yenə də hansısa çirkin planları həyata keçirmək istəmələrindən xəbər verir. Şübhəsiz ki, dağıdıcı müxalifətlə anti milli qüvvələrin əməkdaşlığı seçki ilində Azərbaycanda hansısa pozuculuq aksiyalarının həyata keçirilməsinə və ictimai-siyasi sabitliyin pozulmasına xidmət edir.
Bu məsələlərə münasibət bildirən politoloq Cümşüd Nuriyev dağıdıcı müxalifətin bu cür çirkin planlarına görə mütləq cəzalandırılmalı olduğunu bildirdi: "Təbii ki, Azərbaycanın mövcud qanunvericiliyinə görə, həm siyasi partiyaların, həm də qeyri-hökumət təşkilatları haqqında qanun var. Bu qanunlarda siyasi-ictimai sabitliyin pozula biləcəyi hər hansı addımların qarşısının alınması və buna cəhd edən hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Bundan başqa, bildiyimiz kimi, Azərbaycan Konstitusiyasına görə hakimiyyətin mənbəyi xalqdır. Eyni zamanda, xalq öz hakimiyyətini qorumaq üçün öz dövlət aparatından istifadə edir. Dövlət aparatı da ölkənin sərhədləri daxilində mövcud olan hüquqi-normativ aktlarla tənzimlənir. Qanunlarımıza əsasən, Azərbaycan dövlətinə və xalqına qarşı törədilə biləcək hər bir cinayətin və pozulacaq sabitliyin qarşısı dərhal alınmalı və buna cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".
Həmçinin, Cümşüd Nuriyev İ.Qəmbərin, Ə.Kərimlinin, Eldar Namazovun ABŞ-ın Azərbaycandakı səfirliyinin maraq dairəsində olmasına və onların ABŞ-a tez-tez səfər etməsinə münasibətində vurğulayıb ki, ABŞ hal-hazırda dünyada özünü hegemon dövlət kimi aparır və bunu nümayiş etdirməyə çalışır. "ABŞ demokratiyadan danışır, lakin özü heç bir demokratik hərəkət nümayiş etdirmir və başqa dövlətlərin daxili işlərinə də qarışır. ABŞ-ın bu cür davranmasına şərait yaradan müxalifət bir məsələni anlaya bilmir ki, onlar ABŞ-a lazım deyil. Onlar, sadəcə, birdəfəlik istifadəyə yararlı qablar kimi istifadə olunub, sonra zibil qutusuna atılan lazımsız əşya kimi atılırlar. ABŞ öz milli və iqtisadi maraqlarına uyğun hərəkət edir. Azərbaycan müxalifətinə xərclədiyi hər bir dollarla xalqımıza, vətənimizə ziyan vurmaqla məşğul olurlar. Lakin bunu bizim müxalifət başa düşə bilmir.
Məlumdur ki, hər bir seçkidə olduğu kimi, builki seçki öncəsi də müxalifət yenə də Azərbaycana düşmən olan qüvvələr tərəfindən maliyyələşməni özləri üçün utanc hesab etmirlər və yenə də düşmən qüvvələrdən mənəvi və maddi dəstək alırlar. Dağıdıcı müxalifət öz maddi maraqlarına uyğun olaraq ABŞ-ın irəli sürdüyü bütün layihələrdə iştirak edirlər. Həm ABŞ və həm də digər Azərbaycana düşmən olan qüvvələr ölkəmizin müxtəlif bölgələrində iğtişaşlar törətmək istəyirlər və buna cəhd göstərirlər. Müxalifət bilməlidir ki, ABŞ istənilən vaxt onları əzəcək" .
Aksiyalar keçirib, sabitliyin pozulmasına cəhd göstərildiyini söyləyən C.Nuriyev, qeyd etdi ki, bu insanlar özlərinin səhv yolda olduqlarını hələ də başa düşmək istəmirlər: "Aksiyalar keçirilib və sabitliyin pozulmasına cəhd göstərilib və bundan sonra da bu kimi aksiyaların keçirilməsinə cəhd göstəriləcək. Bu insanların hakimiyyət hərisliyi onları ölkədə cinayətlər törətməyə, vətənimizə, dövlətimizə, xalqımıza ciddi ziyan vurmağa, pozuculuq aksiyalarını həyata keçirməyə və ictimai-siyasi sabitliyi pozmağa sövq edir. Bu insanlar gizli yollar axtarmaqla və xarici qüvvələrin maddi dəstəyindən istifadə etməklə öz məqsədlərinə nail olmaq istəyirlər. Lakin təbii ki, bütün bunların qarşısı alınacaq".
BAXCP sədrinin müavini, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Azərbaycanda siyasi partiyaların xaricdən maliyyələşməsinin qanunla da yolverilməz olduğunu bildirdi: "Qanunvericiliyə görə siyasi partiyalar xaricdən maliyyələşə bilməz və həm də bu hal baş verərsə, cinayət məcəlləsinə uyğun olaraq cəzalar tətbiq olunur. Lakin məlumdur ki, radikal müxalifət, hər zaman olduğu kimi, yenə də xarici qüvvələrin dəstəyindən, maddi və mənəvi köməyindən yararlanırlar və buna başqa don geyindirməyə çalışırlar. İstər Ə.Kərimli olsun, istər İ.Qəmbər olsun və digər radikal müxalifətçilər xarici qüvvələrin kölələrinə çevriliblər. Onlar bu cür xoşagəlməz hərəkətlərindən qəti şəkildə əl çəkmirlər"..
Radikal müxalifətin xarici qüvvələrlə görüşləri və onların tapşırıqlarına əməl etməsinin, onların özlərini tora salması kimi qiymətləndirən N.Orduxanlı, bu insanların xalqın mənafeyinə zidd addımlar atdığını vurlayıb: "ABŞ və digər xarici qüvvələr radikal müxalifətlə ona görə əməkdaşlıq edirlər ki, onlar bu dağıdıcı müxalifətin əli ilə Azərbaycan hakimiyyətinə qarşı təxribatlar törətmək istəyirlər. Bu qüvvələr Azərbaycanın milli maraqlarına zərbə vurmağa hazırdırlar. Xarici qüvvələr də bu insanlardan istifadə edirlər. Radikal müxalifətin milli maraqlara zidd addımlar atması və ölkədə sabitliyi pozmaq üçün xarici qüvvələrlə əməkdaşlıq etməsi göz önündədir. Bu istiqamətdə radikal müxalifət öz çirkin planlarından, xarici qüvvələrə köləliklərindən əl çəkmirlər. Müəyyən vaxtlarda bu insanlar iğtişaşlar törətməyə və ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər və bundan sonra da buna cəhd göstərməyə çalışacaqlar. Lakin mən düşünürəm ki, dövlətimiz bu iğtişaşların qarşısını qəti şəkildə alacaq. Radikal müxalifət onsuz da hər zaman cəhd edib ki, ölkədə vəziyət qarışsın və onlar da bu sabitliyin pozulmasından öz məqsədləri naminə istifadə etsinlər. Hamımıza məlumdur ki, dağıdıcı müxalifətin xalqımız tərəfindən heç bir dəstəyi yoxdur, olmayıb və olmayacaq. İstər İ.Qəmbərin və istərsə də Ə.Kərimlinin təsirində olan bəzi gənclər bir neçə dəfə aksiyalar keçirməyə və sabitliyi pozmağa çalışsalar da buna nail olmayıblar və onlar yenə də bu çirkin əməllərinə cəhd göstərməyə çalışırlar. Hər kəsə məlumdur ki, onlar çirkin əməllərinə görə ən dəhşətli cinayətlərə də əl atmağa hazırdırlar".
Cahid