Etibar Məmmədov: "Ortaya yeni simalar çıxmalıdır"
Son günlər müxalifət düşərgəsində partiyalararsı ittihamların sayı çoxalmaqdadır. Buna misal kimi ACP-Müsavat, Müsavat-AXCP, ADP-"Ümid", ALP-AXCP kimi siyasi təşkilatların bir-birlərinə qarşı hücumlarını göstərmək olar. Ancaq bu günlərdə uzun müddətdir ki, siyasi arenada görünməyən AMİP də ittihamedicilər siyahısına qoşulub. Belə ki, "milli istiqlalçıların" lideri Etibar Məmmədov Müsavat başqanına qarşı ciddi ittihamlarda bulunub. AMİP lideri mətbuata açıqlamasında Müsavat başqanı İsa Qəmbərin bəyanatlarına, iddialarına fikir verməyin lazım olmadığını deyib. E.Məmmədovun fikrincə, ittiham etdiyi tərəf daim öz məqsədləri naminə müxalifət düşərgəsində, eləcə də, tərəfdarları arasında süni liderlik keyfiyyətlərini nümayiş etidrməyə cəhd edir. Ancaq nəticə etibarilə İ.Qəmbər heç bir uğura imza ata bilmir. Bununla da demək olar ki, Müsavat partiyası ilə AMİP arasında da qarşıdurmalara start verildi.
"Bu dəfə qoy başqaları bu istiqamətdə çalışsın"
AMİP lideri zamanında İ.Qəmbərə dəstək verdiyini, lakin sonradan həmin addımının səhv olduğunu etiraf edib: "2003-cü ilin prezident seçkilərində vahid namizədin müəyyənləşməsi istiqamətində kifayət qədər səylər göstərmişəm. Amma müsbət nəticəsi olmadı. Bu dəfə qoy başqaları bu istiqamətdə çalışsın".
E.Məmmədov, eyni zamanda, deyib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcək. Amma lideri olduğu partiyaya kömək etməyə hazırdır: "Kömək istəsələr, əlimdən gələni edəcəyəm".
"İsa Qəmbərin dediklərinə fikir vermək lazım deyil"
E.Məmmədova görə, müxalifətin "vahid namizədinin" müəyyən edilməsi nəzəri baxımdan mümkündür. Ancaq görünən tərəf budur ki, "vahid namizədliyin" baş tutması praktiki baxımdan, ümumiyyətlə, mümkün deyil. Daha dəqiq desək, partiya rəhbərlikləri arasında gedən amansız mübarizə, hər bir partiyanın fərdi olaraq seçkilərə qatılması da AMİP liderinin proqnozları daxilindədir. Ona görə də E.Məmmədov dolayısı ilə Müsavat başqanına, eləcə də, digər müxalifət partiya sədrlərinə məsləhət verib ki, onlar istefaya gedərək, öz yerlərini başqalarına təhvil verməlidirlər: "Praktikada isə bu mümkün olmur. Hesab edirəm ki, ortaya yeni simalar çıxmalıdır".
E.Məmmədov "Milli Şura" barədə mətbuatdan xəbər tutduğunu, lakin onlarla heç bir təmasının olmadığını və bundan sonra da buna marağı olmadığını deyib. O, Müsavat başqanı İ.Qəmbərin "vahid namizədlə" bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Müsavat başqanı seçkilərdə "vahid namizəd" olmayacağını demişdi. Ancaq onun bu kimi bəyanatlarına inanmadığını deyən E.Məmmədov İ.Qəmbərin sözlərini ciddi qəbul etmədiyini sərgiləyib: "Hərə bir söz deyir, hər deyilənə fikir vermək lazım deyil".
Artıq aşkar şəkildə görünməkdədir ki, AMİP də rəsmən anti-müsavatçılardan ibarət olan müxalifət partiyalarının sırasına qoşularaq, İ.Qəmbəri "vurdu". Belə hadisələrin digər müxalifətpartiyaları arasında yaşamasını isə istisna etmək olmaz.
R.Hüseynova