Çingiz İsmayılov: "Bu QHT-lər mütləq sərt şəkildə cəzalandırılmalıdır"
Emin Həsənli: "Onlar siyasətdən kənar olmalıdırlar"
Ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lər öz işlərində səlahiyyət sahələrini aşdıqlarını, təəssüf ki, düşünmək istəmirlər. Belələrindən olan "Nida", "Yox" hərəkatları, onların bütün üzvləri normal QHT-lər kimi deyil, siyasiləşməyə can atan və artıq siyasiləşmiş yırtıcı həşəratlar tək fəaliyyət göstərirlər. Onların şəffaflıqdan uzaq fəaliyyətlərinin araşdırılması və bununla bağlı cəzalandırılmaları artıq zəruridir.
Bu mövzuya münasibətini öyrəndiyimiz bəzi QHT sədrləri də siyasiləşmiş QHT-lərin qanundan kənar fəaliyyətinin dərindən araşdırılmasına və cəza tədbirləri görülməsinə zəruriyyətin yarandığını bildirdilər.
Çingiz İsmayılov,
Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri:
- Əlbəttə, QHT-lər səlahiyyətlərini yaxşı bilməli və səlahiyyətləri aşaraq hansısa siyasi fəaliyyətlə məşğul olmamalıdırlar. Onların hüquqlarını bilərək fəaliyyət göstərmələri əsas məqsədlərindən biri olmalıdır. Siyasi maraqlı qüvvələrin tapşırığı əsasında hərəkət edən QHT-lər Azərbaycan Vətəndaş Cəmiyyəti sektoruna çox böyük zərbə vururlar. Bu cür QHT-lər hansısa siyasi çaqırışlar edirlərsə, cəmiyyətə, dövlətə zidd addımlar atırlarsa, mütləq şəkildə cəzalarını almalıdırlar. QHT-lərin qanuna zidd fəaliyyəti yolverilməzdir. Ümumiyyətlə, hazırda siyasiləşmiş QHT-lərin üzvlərinin demokratiyadan heç bir anlayışları yoxdur. Əgər olsaydı, onlar hansısa xarici qüvvələrin təsiri altına düşməkdənsə, öz fikirlərini açıq-aydın, gizlilikdən uzaq şəkildə, şəffaf fəaliyyətlə cəmiyyətimizə çatdıra bilərdirlər. Çünki biz demokratik və söz azadlığı olan bir ölkədə yaşayırıq. Ümumiyyətlə, ölkəmizin nüfuzuna ziyan vuracaq və milli maraqlarımıza qarşı atılacaq bütün addımlara son qoyulmalıdır və bu istiqamətdə fəaliyyət göstərən QHT-lər mütləq sərt şəkildə cəzalandırılmalıdır.
Emin Həsənli,
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə Birliyinin sədri:
- QHT-lər siyasətdən uzaq olmalıdırlar və onlar vətəndaş cəmiyyətinin mövqeyini müdafiə etməlidirlər. Lakin qeyd etdiyiniz kimi, bəzi QHT-lər siyasi fəaliyyətlə məşğul olaraq dövlətimizə, dövlətçiliyimizə, vətənimizə, xalqımıza qarşı zidd fəaliyyət göstərir. Onlar siyasətdən kənar olmalıdırlar. Məlumdur ki, QHT-lərin öz fəaliyyət sahəsi var, siyasi partiyaların isə özlərinə məxsus məqsədləri. Təəssüf ki, bəzi QHT-lərn siyasi partiyalar kimi fəaliyyət göstərməyə can atırlar. Bu isə yolverilməzdir. Təbii ki, dövlətimiz də onların bu cür çirkin, qanuna zidd fəaliyyətinə nəzarət etməlidir və edir. Əlbəttə, belələri cəzalandırılmalıdır. Həmçinin, onlar xaricin və xüsusən də, ABŞ Milli Demokratiya İnistitutunun (NDİ) maddi dəstəyindən istifadə edərək, öz mənafeləri naminə planlaşdırdıqları işləri həyata keçirirlər. Bundan istifadə edən xarici qüvvələr isə, təbii ki, öz məqsədlərini bu QHT-lər vasitəsi ilə həyata keçirirlər. Bütün bu dediklərimiz qanuna ziddir və qanuna zidd atılan bütün addımların cəzalandırılması mütləqdir.
Fərid Şahbazlı,
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri:
- Vətəndaş cəmiyyətinə xidmət etmək, cəmiyyətin maariflənməsinə töhfə vermək əvəzinə, qanunsuz işlərlə məşğul olan "QHT"-lərin olduğu məlumdur. QHT-lərin bir qismi, həmçinin, "Nida", "Yox" hərəkatları və onlar kimi fəaliyyət göstərən hər bir QHT bilməlidir ki, onların fəaliyyətləri qəti şəkildə qanuna ziddir və onlar Azərbaycan hakimiyyətinə, dövlətimizə, millətimizə qarşı yalnış mövqe tutublar. Tutduqları bu yoldan çəkinmək bilməyən belə QHT-lər cəzalandırılmalı və onların fəaliyyətinə son qoyulmalıdır. Çünki istər ABŞ Milli Demokratiya İnistitutunun (NDİ), istərsə də "Soros" fondunun bəzi QHT-lərə dəstək göstərməklə, onlardan öz məqsədləri naminə istifadə etməsi də açıq-aydın göz onündədir. Bu institutun da ölkəmizdəki fəaliyyətinin ciddi şəkildə araşdırılması vacibdi. Çünki bu və buna oxşar fəaliyyət göstərənlər Azərbaycanın gündən-günə inkişafını görmək istəmirlər və ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyirlər.
Cahid Süleymanov