Eldar Namazov hərəkatının adını başqa bir təşkilatdan oğurlayıb
Azərbaycan xalqına və dövlətçiliyinə qarşı daha bir bağışlanmaz xəyanətdə bulunan Rüstəm İbrahimbəyovun digər "parası", "EL" hərəkatının rəhbəri Eldar Namazov adıçəkilən təşkilatda "pripiska" əməliyyatı aparmaqla yanaşı, həm də plagiat üsullarından istifadə edib. Belə ki, bugünlərdə daha maraqlı bir nüans üzə çıxıb. Məlum olub ki, E.Namazov "EL" hərəkatının adını başqa bir təşkilatdan oğurlayıb. Və bunu biz deyil, müxalifət düşərgəsinə yaxınlığı ilə seçilən AXC-Müsavat iqtidarının təhsil naziri Firudin Cəlilov deyib. Belə ki, mətbuata açıqlama verən eks-təhsil naziri bildirib ki, o, nə "Ziyalılar Forumu"nun, nə "Milli Şura"nın, nə də ki, "EL" hərəkatının üzvüdür.
Firudin Cəlilov: "EL" hərəkatı adının ideya müəllifi mənəm, ancaq mən bunu 1988-ci ildə, hələ Xalq Cəbhəsi yaranmamışdan öncə gündəmə gətirmişdim"
F.Cəlilov, həmçinin qeyd edib ki, ümumiyyətlə, o, adının belə təşkilatlara salınmasından xəbərsizdir. Bununla da bəlli olub ki, E.Namazov həqiqətən də, qondarma hərəkatına qondarma adlar salmaqla, əslində, orada "pripiska" əməliyyatı aparıb.
Digər tərəfdən, məlum olub ki, E.Namazov hərəkatın adını da başqasından götürərək özəlləşdirib. Yəni üzə çıxıb ki, "EL"-in adı da özü kimi plagiatdır: "EL" hərəkatı adının ideya müəllifi mənəm, ancaq mən bunu 1988-ci ildə, hələ Xalq Cəbhəsi yaranmamışdan öncə gündəmə gətirmişdim. O vaxt Xalq Cəbhəsi əvəzinə, "EL" hərəkatı yaratmağın tərəfdarı idim, nizamnaməsini də Elçibəylə birlikdə yazmışdıq".
Ancaq o vaxt təklifinin keçmədiyini deyən eks-nazir bildirib ki, sonralar da "El" partiyası yaratmaq istədi, ancaq yenə alınmadı. Çünki maddi imkansızlıq partiyasının yaradılmasını əngəllədi.
"Mən o təşkilatda yoxam"
F.Cəlilov E.Namazovun təxribatçılıqla məşğul olduğunu da deyib. Çünki həmin ərəfələrdə müalicədə olduğunu deyən eks-nazir, belə olan halda, adının sözügedən siyahılarda necə hallandırılmasından təəccübləndiyini bildirib: "İndiki "EL" hərəkatının adından verilən, "Milli Şura"da adımın olmasını da, o siyahının təxribat olduğunu da mediadan öyrəndim. Mən o təşkilatda yoxam".
F.Cəlilov "Ziyalılar Forumu"nun üzvü olmadığını, sadəcə, qurumun toplantılarına dəvət edildiyini bildirib: "O ki qaldı, "Ziyalılar Forumu"nun üzvlüyü məsələsinə, axı məni o foruma üzv seçməyiblər ki, mən də onun üzvü olum. Ora seçilənlərin adı, siyahısı dəfələrlə mətbuatda açıqlanıb".
Göründüyü kimi, adları və soyadları sahiblərindən xəbərsiz şəkildə bu kimi təşkilatlara salınarkən, onların bu haqda fikirləri öyrənilmir. Bu isə, həm də onu deməyə əsas yaradır ki, müxalifət düşərgəsi indi də ad-soyad oğurluğu ilə məşğul olmağa başlayıb. Ancaq belə oğursluqların ömrü vur-tut 40 gün çəkir. Necə ki, E.Namazovun "pripiskalı" "EL" hərəkatı və həmin hərəkatın plagiat adı kimi...
R.RƏSULOV