PDF Oxu

Müxalifət

  • 23

Vidadi İsgəndərli-Əli Kərimli münaqişəsi dərinləşir

Vidadi İsgəndərli-Əli Kərimli münaqişəsi dərinləşir

"Hüquq müdafiəçisi" İsa Qəmbərlə birləşib AXCP sədrinə qarşı çıxdı

AXCP və Müsavat partiyaları arasında artan savaş xətti özünü sosial şəbəkələrdə daha çox büruzə verməkdədir. Belə ki, budəfəki barışmaz münasibətlərə daha biri də əlavə olunub. Hədəf isə AXCP sədri Əli Kərimli və onun bilavasitə nəzarətində olan "Azadlıq" qəzetidir.

Onu da qeyd edək ki, az öncə həbsdən azadlığa buraxılan "hüquq müdafiəçisi" Vidadi İsgəndərli onsuz da münasibətləri kifayət qədər soyuq olan "cəbhəçi"-müsavatçı qarşıdurmalarının əsas səbəbkarı kimi göstərilməkdədir. Xatırladaq ki, V.İsgəndərli prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edib və bununla bağlı "Azadlıq" qəzetinə müsahibə verməyi planlaşdırmışdı. Lakin qəzet, iddia olunduğu kimi, "demokratik" tərzini nümayiş etdirərək, "hüquq müdafiəçisi"nin müsahibə vermək təklifini rədd edərək, ona tribuna ayırmaqdan imtina etmişdi. Nəticədə, V.İsgəndərli həm "Azadlığ"ı, həm də, Ə.Kərimlini təhqir hədəfinə götürərək bir-birinin ardınca AXCP sədrinə kəskin təhqirlər ünvanlamışdı.

Müsavat başqanının V.İsgəndərlinin təbrik etməsi AXCP-nin hiddətinə səbəb olub

Onu da qeyd edək ki, "hüquq müdafiəçisi", həmçinin, "Namus" hərəkatını da elan edib və bununla dağıdıcı müxalifətdə baş alıb gedən parçalanmanı daha da sürətləndirib. Ancaq onun Ə.Kərimlini hədəfə götürməsi, eləcə də, prezidentliyə namizədliyini irəli sürərkən, Müsavat başqanı İsa Qəmbər tərəfindən təbrik olunması "cəbhəçilərin" xoşlarına getməyib. Ona görə də, V.İsgəndərliyə bu kimi statuslar yazılıb: "Vidadi yüngüllük etmə, sənin kim olduğunu biz yaxşı bilirik" və s.

Lakin sonradan daha da qızğın hal alan söz və təhqir atışmalarına müsavatçı gənclər də qatılıb. Müsavat rayon təşkilatlarının adıyla "facebook"a daxil olan şəxslər də V.İskəndərlinin Ə.Kərimliyə qarşı statusuna dəstək veriblər. Bu hal hazırda da davam etməkdədir. Çünki Müsavat başqanının son günlər aktivləşməsi, "hüquq müdafiəçisi" V.İsgəndərlinin ona dəstək olması da nəzərlərdən yayınmır.

"Hüquq müdafiəçisi" onun əlində müxalifət məhv edəcək qədər faktların olduğunu deyib

V.İsgəndərli bu arada sosial şəbəkələrdə Ə.Kərimliyə qarşı hücümlarının kəskinləşdirməklə həm də İ.Qəmbərin təlimatlarını yerinə yetirməkdədir.

"Hüquq müdafiəçisi" qarşı tərəfə hədə-qoxu gələrək, "Azadlıq" qəzeti ilə bağlı faktlara malik olduğunu dilə gətirib. V.İsgəndərli bildirib ki, onun əlində elə faktlar var ki, əgər açıqlasa müxalifət məhv olar. Lakin görünən mövcud fakt budur ki, dağıdıcı müxalifətin iç üzünü, demokratik dəyərlərə aid olmadıqlarını, tərbiyəsizlik və həyasızlıqlarını onların özləri ifşa edirlər. Seçkilər yaxınlaşdıqca isə belə qarşıdurma hallarının artması daha real görünür.

R.Hüseynova

Digər xəbərlər