PDF Oxu

Müxalifət

  • 27

Dağıdıcı müxalifət çaş-baş qalıb

Dağıdıcı müxalifət çaş-baş qalıb

Onlar prezident seçkilərində rüsvayçı məğlubiyyətlə barışacaqlar

Radikal, dağıdıcı müxalifətin bu il ölkəmizdə keçiriləcək prezident seçkilərinə, hər zaman oluğu kimi, pərakəndə halda qatılacağı dəqiqdir. Belə ki, radikal düşərgədəki qarşıdurmalar və partiya sədrlərinin bir-birlərinə olan kəskin ittihamları onların həm parçalanmalarının, həm də seçkilərdə bu vəziyyətdə iştirak edəcəklərinin tam təminatıdır. Qeyd etmək lazımdır ki, heç bir seçki taktikası yürütməyi bacarmayan bu bacarıqsızlar bir-birlərinin bostanına daş atmaqla məşğul olurlar.Bütün bunlara baxmayaraq "İctimai Palata"nın və ya "EL" hərəkatının rəhbərləri və üzvlərini dindirən kimi, onlar özlərini xalqın sevimliləri elan etməyi həyasızcasına bacarırlar. Təbii ki, bunun belə olmadığını hamı çox gözəl bilir. Bu il prezident seçkilərində artıq indidən məğlub olacaqlarını yaxşı bilən dağıdıcı müxalifət nümayəndələri özlərini itirərək nə edəcəklərini bilmirlər. Onların bütün ümidləri üzülüb deyə, son çarə kimi xarici ölkələrə səfər etmək planlarını reallaşdırmaq istəyirlər. Belə ki, Müsavat başqanı İsa Qəmbərin öncə Fransaya, daha sonra Türkiyəyə, AXCP sədri Əli Kərimlinin və müavinlərinin isə çox sıx şəkildə dəfələrlə Qərbə səfərləri onların bu ölkələrdə fəaliyyət göstərən və Azərbaycanı sevməyən qüvvələrlə işbirliyinə getmələrini açıq-aydın sübut edir. Onlar bu cür xarici qüvvələrə boyun əyərək və onlardan maddi, mənəvi dəstək alaraq ölkəmizdə seçki öncəsi iğtişaşlar törətmək və siyasi-ictimai sabitliyi pozmaq qərarına gəliblər. Dövlətə, millətə, vətənə, ölkənin milli maraqlarına xəyanət edərək, xəyanətin nə olduğunu bilən və xəyanətə adət edən bu yaramazlar yenə də öz çirkin işlərinə don geyindirmək istəyirlər. Lakin geyindirdikləri donun belə onları çox gülünc vəziyyətə salmalarından xəbərsizdirlər.Qeyd etmək lazımdır ki, Ə.Kərimlinin və İ.Qəmbərin xaricə səfərləri, belə demək olar ki, heç bir uğurlu nəticə vermir. Onların öz işlərindəki səriştəsizliyi, bacarıqsızlığı buna əsas verib ki, heç bir qurum, təşkilat onlara inanmır və onlar istər xaricdə, istərsə də ölkədə dəstək qazana bilmirlər. Bütün bunlar dağıdıcı düşərgədə vəziyyətin həddən ziyadə gərgin olduğunu sübut edir. Həmçinin, onu da qeyd edək ki, "EL" hərəkatının yaradılması və həmin hərəkatın yaradılmasından dərhal sonra bu hərəkat rəhbərinin və üzvlərinin AXCP sədri və Müsavat başqanı ilə fikirlərinin ziddiyyət təşkil etməsi radikal düşərgədə vəziyyəti daha da pisləşdirib. E.Namazov "EL"-i elan etdikdən sonra, özünü "bəy"lərin hamısından daha demokratik adlandırması və rəhbərlik etdiyi hərəkatın xalq tərəfindən daha çox dəstəkləndiyini söyləməsi ilə dərhal Ə.Kərimlini və İ.Qəmbəri qarşısında amansız bir düşmən kimi gördü. Bu, azmış kimi, sonradan AXCP və Müsavat partiyalarından "EL" hərəkatına doğru baş tutan transferlər də Əli və İsa "bəy"i özündən daha da çıxartdı. Bundan sonra AXCP sədrinin partiyadan "EL"-ə transfer olanları xəyanətkar adlandırması aranı daha da qızışdırdı. Məhz bu hal Müsavat partiyasında da baş verərək, bu partiyanın daxilində mövcud olan problemləri ciddi şəkildə dərinləşdirdi. Bu proseslərin ardınca "EL" hərəkatı daxilində də ciddi böhranlar yaranıb. Belə ki, hərəkat üzvləri Eldar Namazovun hərəkat daxili yürütdüyü siyasətdən məmnun qalmayaraq ona olan nifrətlərini bəyan etməyə başladılar. Daha sonra E.Namazov həm rəhbərlik etdiyi hərəkatın üzvləri və həm də İ.Qəmbərlə, Ə.Kərimlinin arasında qaldı. Hər tərəfədən daşlanan "EL" rəhbəri düşmənlərinə qarşı yeni planlar cızmağa başlayıb.Bütün bunların nəticəsində isə "bəy"lər seçki taktikası haqda deyil, bir-birlərinə quyu qazmaq haqqında düşünürlər. Bu düşüncə ilə də onlar, artıq seçkidə hər zamankı kimi bu dəfə də biyabır olacaqlarını artıq indidən bilməlidirlər. Ümumiyyətlə, dağıdıcı, radikal müxalifət heç bir zaman sağlam rəqabətlə seçkilərə qatılmayıb və heç vaxt doğru-dürüst seçki taktikası yürütməyib. Bunun nəticəsində də utanc hissinin ən pik nöqtəsinə çatan, lakin bu hisslərdən sonra ağlını başına yığmağı bacarmayan, əksinə, həyasızlıq edib, yenidən şərəfsiz, çirkin yollarla seçkiöncəsi özünü reklam etməyə çalışan dağıdıcı düşərgə adət etdiyi bu işlərdən əl çəkə bilmir və belə görünür ki, əl çəkmək istəmir.Sonda onu qeyd edək ki, öz mənafeyi naminə ölkənin milli maraqlarını qurban verən bu insanlar heç vaxt hakimiyyətə gəlməyəcəklər. Gözləri kor olub, ölkənin sürətli inkişafını görmək istəməyən radikal düşərgə nümayəndələri xalq tərəfindən böyük nifrət qazanıblar.

Cahid Süleymanov

Digər xəbərlər