PDF Oxu

Müxalifət

  • 19

RƏHİM QAZIYEVİN DİRİLMƏK İSTƏYƏN ÖLÜ OYUNBAZLIĞI

RƏHİM QAZIYEVİN DİRİLMƏK İSTƏYƏN ÖLÜ OYUNBAZLIĞI

Qədim yunan filosofu və bioqrafı Plutarxın yazdığı əsərlərinin birində deyilir ki, "Vətənə xəyanət etdiyinə görə yaxalanaraq qəfəsdə saxlanılan bir nəfərin "Yalvarıram, məni öldür!" xahişinə cavab olaraq imperator Tiberii "Mən səni hələ bağışlamamışam!" cavabını verir".

Agent R.Qazıyev daxilində formalaşmış həyasızlıq

Bu günlərdə yenidən ortaya atılaraq Azərbaycandakı siyasi-ictimai sabitliyi, post-seçki dövrünü qarışdırmaq təlimatları ilə dağıdıcı müxalifət mətbuatında var-gəl edən milli xəyanətkar və agent Rəhim Qazıyev daxilində formalaşmış həyasızlığını gizlədə bilmir. O, bu kimi əməlləri ilə həm də dirilmək istəyən ölü təsirini bağışlayır. Gah "Azadlıq" qəzetinə çıxaraq ölkə rəhbərliyinə həyasızcasına "açıq məktublar" ünvanlaması, gah da özünə qarşı hər hansı "təhlükə" yaşandığını iddia etməsi bir daha deməyə əsas yaradır ki, uzun müddət ortalıqlarda görünməyən R.Qazıyev yenə də "iş başındadır". Ancaq belə olan halda, görünür, onun Azərbaycan dövlətçiliyinə və xalqına qarşı törətdiyi xəyanətkar əməllərini bir daha xatırlatmaq lazımdır.

Ağdərə əməlliyatında "təmir" bəhanəsi

Onun ən böyük xəyanətlərindən biri də Ağdərə əməliyyatı ilə bağlıdır. Belə ki, Qarabağ savaşının uğurlu əməliyyatları sırasında yer alan Ağdərə əməliyyatı zamanı Rəhim Qazıyev ora gedib və anidən hərbi texnikaların təmirə göndərilməsi əmrini verib. Məhz həmin ərəfədə R.Qazıyev hərbi texnikanın Ağdərədən çıxarılıb guya təmir edilməsi üçün Seyfəli poliqonuna aparılması üçün əmr imzalatdırıb. Ancaq maraqlıdır ki, müdafiə naziri ola-ola, R.Qazıyev həmin sənədə şəxsən imza atmayaraq, bunu o vaxtkı Qərargah rəisi Nurəddin Sadıqova etdirib. Yəni buradan da görünür ki, R.Qazıyev hadisələri planlı şəkildə görüb və torpqaların kütləvi ölümlər bahasına ermənilərə keçməsi üçün rusiyalı siyasi dairələr qarşısında öhdəçilik götürüb.

Bu gün oturub-durub heç vaxt çevriliş etmədiyini "sübuta" yetirməyə cəhd edən bu xəyanətkar fərd vaxtilə təlimatlar almaq üçün tez-tez Moskvaya uçurdu. Onun orada nə danışıqlar aparmasını isə çoxları bilirdi. Rəhim Qazıyevin əməllərini araşdırarkən olduqca ilginc faktlar əldə etdik. O dövrləri yaxşı xatırlayan bir mənbənin verdiyi məlumatlardan aydın olur ki, R.Qazıyev doğurdan da, təlimatlandırılmış, missiyalı bir adam olub. Məhz bu səbəbdən də həmin məsələlərdən doğan daha bir neçə sual mövcuddur.

Məsələn, sual etmək mümkündür ki, R.Qazıyev Lefertovo həbsxanasında olarkən Rusiya xüsusi xidmət orqanlarından istintaq qrupuna aid olmayan hansı şəxslərlə görüşüb, ona bu görüşdə hansı təkliflər olub və hansı razılıqlara gəliblər? Eləcə də, 1991-ci il yanvarın 19-da Rusiyada dövlət çevrilişinə cəhddən sonra Rəhim Qazıyev AXC qərargahındakı iclasdan çıxıb hara və nə üçün gedib, getdiyi yerdə kimlərlə görüşüb və nə zaman Bakıya qayıdıb?

Göründüyü kimi, həmin suallar illərdir ki, R.Qazıyevə ünvanlanır. Ancaq bu "adam" həmin sualları cavablandırmaq əvəzinə, xarici siyasi dairələrə satılmış və AXCP-yə məxsus "Azadlıq" qəzetində siyasi kuklalıqlar göstərir.

R.Qazıyev hətta şəxslər arasında da nifaq salıb, onların arasında qan tökdürürdü

Hələ müdafiə naziri deyilkən, onun Azərbaycan Xalq Cəbhəsinin "fəal"ı kimi hər dəfə sərhəd rayonlarına getməsi böyük çaxnaşmalar və qalmaqallarla yadda qalırdı. Buna misal kimi R.Qazıyevin 1991-ci ilin avqust ayında Ağdamda çıxardığı oyunla bağlıdır. Həmin səfərlərinin birində toy məclisinə qatılan R.Qazıyev Ağdamın 2 nəfər sayılıb-seçilən oğlunu-iki hərbi hissə komandirini üz-üzə qoyub. Belə ki, toy məclisində siyasi söhbətlər apararaq, diqqəti özünə cəlb etmək istəyən bu xəyanətkar digər hərbçi - Cəfər İmaməliyevlə mübahisə edir. Bu zaman mərhum tabor komandiri, "Azərbaycanın Milli Qəhramanı" Allahverdi Bağırov R.Qazıyevin müdafiəsinə qalxaraq uşaqlıq dostu (!) Cəfər İmaməliyevlə savaş həddinə gəlir. Cəfərin açdığı atəş nəticəsində Allahverdi Bağırov ayağından yaralanır. Bu münaqişə ağdamlılara və orada döyüşən batalyonlara böyük mənəvi zərbə oldu və beləliklə, batalyonlar arasında parçalanma yarandı.

R.Qazıyevin Ağdam xəyanətləri

R.Qazıyevin xəyanətlərindən biri də məhz Ağdamda olub. Belə ki, o, Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan, bütün Dağlıq Qarabağın müdafiəsini öz üzərinə götürmüş komandiri Azərbaycanın Milli Qəhramanı polkovnik-leytenant Şirin Mirzəyevin olduğu 836 saylı Ağdam ərazi özünümüdafiə alayını lüzumsuz, ağır itkilərlə nəticələnən döyüşlərə sövq edərək, sonradan həmin alayı ləğv etmişdi. Nəticədə, Ağdam düşmən önündə müdafiəsiz qaldı və şəhərin gələcək işğalına şərait yaradıldı.

Ulu babalarımız "Utanmasan oynamağa nə var ki!" kəlamını bəlkə də xalqımızın R.Qazıyev kimi "övladlarının" əməllərini ölçüb-biçib deyiblər.

Bu gün təlimatlarla yazılan məktublarında guya məmləkətin məhvə məhkumluğunu ciddi-cəhdlə vurğulaması da, deməyə əsas yaradır ki, o, yenidən "iş başına" çıxaraq, Azərbaycanın maraqlarını satmağa çalışır. Ancaq R.Qazıyev onu da unudub ki, müdafiə naziri olarkən Müdafiə Nazirliyinin milyonlarla pulunu mənimsəyib, əvəzində istismar müddətini çoxdan başa vurmuş, silah qəbiristanlığından ucuz qiymətə alınmış, bircə dəfədən çox uçuş edə bilməyən, hədəfə yaxın düşməyən, elə havadaca nasazlıq ucbatından qəlpə-qəlpə yerə tökülən qırıcıları Rusiyadan o gətizdirmişdi.

R.Qazıyevin xəyanətləri rəqəmlərlə...

Bu gün gah əsgər ölümləri, gah da digər məsələləri süni şəkildə qabardaraq, həm özünə, həm də onu "dəstəkləyənlərə" dividend qazandırmağa çalışan R.Qazıyev daha bir faktı unudub ki, müdafiə naziri olduğu 1992-ci ildə məhz onun bacarqsızlığı nəticəsində yerli şəraiti, qüvvələr nisbətini nəzərə almadan iyun ayının 12-15-də Ağdərə rayonunun Sırxavənd-Bəşirlər, Qaraşlar, Ballıqaya və Qazançı kəndləri istiqamətindəki uğursuz döyüş əməliyyatında 80 nəfər, həmin ilin iyun ayının 28-29-da Füzuli rayonu istiqamətində Qırmızıbazar kəndi uğrunda gedən döyüşlərdə 220 nəfər, oktyabr ayının 28-29-da Fərrux dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə isə 180 nəfər itikin düşmüş azərbaycanlı döyüşçünün hələ də bu günə qədər məlum olmayan taleləri həm onların ailələrini, həm də bütövlükdə Azərbaycan xalqını narahat edir!

R.Qazıyevin ölkə prezidentinə ünvanladığı avantürist, "şok" məktubları arxasında Ə.Kərimlinin heç nəyə yaramayan imzası mövcuddur

Bütün xalqımız yaxşı xatırlayır ki, sıralarında R.Qazıyevin də olduğu Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdən qovulmasında Rəhim Qazıyevin müstəsna "xidmət"ləri olmuşdur. 1993-cü ilin yayında Milli Məclisin toplantısında bu mütrübün oynadığı siyasi təmaşalar, içəri-çölə var-gəlləri, ültumatumları, cəbhəçilərə hədə-qorxuları indi də arxivlərdə yatır. 1993-cü ildə Parlamentdə "Surət Hüseynov Şıxova yaxınlaşıb" deyərək "cəbhəçilərə" istefa vermələrini tələb edən də məhz R.Qazıyev, sən deyildinmi?! Məhz sən R.Qazıyev olaraq "cəbhəçiləri" hakimiyyətdən perik saldın, hədə-qorxu ilə Əbülfəz Elçibəyi Kələkiyə, digərlərini də ora-bura qaçırdın. Ancaq maraqlısı da odur ki, R.Qazıyev yenidən onların yanındadır. Görünür, AXCP sədri Ə.Kərimli bütün bunları ya unudub. Ya da həmin dövrlərdə R.Qazıyevlə əlbir şəkildə gizli fəaliyyət göstərib. Axı onun özü də AXCP sədri adı altında agentliklər etməkdədir...Ona görə də yüz faiz ehtimal etmək mümkündür ki, R.Qazıyevin ölkə prezidentinə ünvanladığı avantürist, "şok" məktubları arxasında da Ə.Kərimlinin heç nəyə yaramayan imzası mövcuddur.

Sonda isə bir daha qeyd etmək mümkündür ki, məhz R.Qazıyevin xəyanətləri heç zaman bağışlanmayacaq. Çünki onun günahları bağışlanmazlar sırasındadır. Eləcə də, onu müdafiə edən əli kərimlilər də həmin günahlar bataqlığında siyasi həyatını itirməyə məhkumdur. Çünki qabaqda Azərbaycan xalqının qarşısında cavab vermək mərhələsi dayanıb.

Rövşən RƏSULOV

Digər xəbərlər