Bir-birini əvəzləyən ittihamlar hər iki siyasi təşkilatın pərdəarxası məqamlarını üzə çıxarır
ACP-Müsavat partiyaları arasında baş verən "liderlərarası" savaş səngimir. Əksinə, qarşılıqlı ittihamlar və təhqirlərlə bol olan bəyanatlar daha da çoxalmaqdadır. Seçkilər ərəfəsində baş qaldıran mövcud vəziyyət isə, bütövlükdə, dağıdıcı müxalifətdə iddia olunan "qələbə" sindromunu puç edir. Belə ki, ACP-Müsavat arasında gedən amansız mübarizədə sonuncu söz Rəsul Quliyevdə qalmışdı. Ancaq gözlənildiyi kimi, qarşı tərəfin -Müsavatın rəsmi cavabı çox gecikməyib. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı növbəti dəfə ACP "liderini" hədəfə alıb və bu dəfə qəti olaraq bəyan edib ki, seçkilərdə Müsavat partiyası ilə ACP arasında heç bir əməkdaşlıqdan söz ola bilməz.
Ancaq bu dəfə ACP-nin daha bir aparıcı funksioneri Zəminə Dünyamalıyeva da, bütövlükdə Müsavat partiyasını hədəfə alan sərt bəyanatlar səsləndirib. Belə ki, ondan öncə də bir neçə ACP rəsmisi Müsavat partiyasını, eləcə də, onun başqanını ittiham edən bəyanatlarla çıxış ediblər. ACP sədri Sülhəddin Əkbər, sədr müavinlərindən olan Vaqif Mahmudov, ACP sədrinin müşaviri Ramiz Mirzəoğlu da həmin fərdlər içərisində yer almışdılar.
Xatırladaq ki, ACP "lideri" Azrbaycana geri dönməsi ilə bağlı sənədə imza atmadığına görə, Müsavat başqanını dolayısı ilə oyunbaz "artist" adlandırmış və əlavə etmişdi ki, Müsavat başqanı bu oyunu ilə onu xeyli feyziyab edib. Bununla yanaşı, R.Quliyev İ.Qəmbərin imzasına da təhqiredici səviyyədə yanaşmış və əslində, Müsavat başqanının onun geri qayıtması istiqamətində aparılan kampaniyada imzasının olmamasına sevindiyini bildirmişdi: "Mən çox şad oldum ki, Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı".
Arif Hacılı: "Bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur"
Bu arada Müsavat rəsmisi Arif Hacılı qəti şəkildə bildirib ki, Müsavat partiyası bundan sonra heç bir sahədə ACP "lideri" R.Quliyevlə əməkdaşlıq etməyəcək. A.Hacılı R.Quliyevin 2003-cü il prezident seçkilərində İ.Qəmbərə səs qazandırdığı iddialarına belə münasibət bildirib: "...Belə iddialar ortaya atırlar ki, İ.Qəmbərin yüksək səs toplamasının əhəmiyyətli hissəsi R.Quliyevlə bağlı olub".
R.Quliyevin və onun adamlarının iddialarını cavablandıran Müsavat səlahiyyətlisi, eyni zamanda, xatırladıb ki, 2003-cü ildə R.Quliyev seçkiyə 10 gün qalmış İ. Qəmbəri müdafiə edib: "Bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevi öz seçki komandamıza daxil etmək niyyətimiz yoxdur".
A.Hacılı 2005-ci il parlament seçkilərində baş verənləri də R.Quliyevə xatırladıb və bildirib ki, həmin seçkilərdə R.Quliyevin addımları müxalifətə böyük zərbə vudru: "Bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur".
Zəminə Dünyamalıyeva: "Bu xalq, bu cəmiyyət belə insanlarla hara getməyi düşünür - bax, bu. çox maraqlıdır"
Qeyd etdiyimiz kimi, bu dəfə ACP sədrinin müavini Zəminə Dünyamalıyeva da Müsavat rəhbərliyinə qarşı sərt ifadələr işlədib və bildirib ki, əslində, onlar ölkədə kiminlə mübarizə apardıqlarını bilmirlər. Daha dəqiq desək, dolayısıyla Müsavatı iqtidara işləməkdə suçlayan Z.Dünyamalıyeva qarşı tərəfi xəyanət etməkdə suçlayıb: "A.Hacılı və onun kimilər (yəni Müsavat başqanı İsa Qəmbər - R.H.) bu ölkədə kiminlə mübarizə aparmağın lazım olduğunu bilmirlər. Bu xalq, bu cəmiyyət belə insanlarla hara getməyi düşünür - bax, bu, çox maraqlıdır".
Artıq tam olaraq bəllidir ki, yaranmış söz-söhbət dağıdıcı müxdalifət düşərgəsinin builki seçkilərdəki məğlubiyyət proqnozlarını kifayət qədər ortaya qoymuş olur. Çünki bu kimi qarşıdurmalar yalnız ACP və Müsavat partiyaları arasında baş verimir. Vəziyyət dağıdıcı düşərgədə qlobal xarakter almaqla bütün partiyaları əhatə etməkdədir.
Rəfiqə HÜSEYNOVA