PDF Oxu

Müxalifət

  • 7

İttihamların sayı artır

İttihamların sayı artır

Müxalifətin "birlik" çağırışları nəticəsiz qaldı

Parçalanmış və ziddiyyətlər çərçivəsindən çıxa bilməyən əksər müxalifət partiyalarının seçkilər ərəfəsindəki acınacaqlı vəziyyəti getdikcə daha da ağırlaşmaqdadır. Son ümidlərini "birlik" yaratmaqda axtaran "liderlərin" bu arzuları da reallaşmamış qalıb. Daha dəqiq desək, düşərgə daxilində yaradılmış çoxsaylı qurumların, "liderlərin" aparıcı müxalifət təmsilçisi kimi təqdim etmələri digərləri tərəfindən kəskin şəkildə tənqid olunmur. Belə ki, istər "İctimai Palata", istər "Milli Şura", istərsə də "Məşvərət Məclisi" kimi qurumların birlik istiqmətində apardıqları işlərin guya ki, tezliklə uğurlu nəticə verəcəyini iddia edənlərin yanlış fikirdə olmalarını müxalifət rəhbərlərinin sözügedən açıqlamalarından da görmək mümkündür.

İqbal Ağazadə: "Müxalifətin yeni birliyi istiqamətində aparılan müzakirələr heç bir effekt verməyəcək"

"Ümid" partiyasının sədri İqbal Ağazadə mətbuata verdiyi açıqlamasında bildirib ki, müxalifət düşərgəsində olan partiyalar ayrı-ayrılıqda və məhdud çərçivədə "birlik" axtarışına çıxmaqla heç nə əldə edə bilməyəcəklər.

Partiya sədri müxalifətin yeni birlik təşəbbüslərinə münasibət bildirərək, bəzi qüvvələrin uzun müddət bu istiqamətdə fəaliyyət göstərdiklərini, lakin hər hansı birliyə nail olmadıqları qənaətindədir: "Təbii ki, problemin həcmindən asılı olmayaraq, hər şeyi birlikdə həll etmək mümkün olur. Müxalifətin birliyinə ehtiyac var. Bəzi qüvvələr bu istiqamətdə fəaliyyət göstərsə də, hələlik, bir şeyə nail olmaq mümkün deyil. Danışıqlar məhdud çərçivədə gedirsə, bu birlik heç bir effekt verməyəcək. Çünki demokratikləşmə üçün həmin qüvvələrin məhdud çərçivəsi böyük iş görə bilməz".

Fazil Mustafa: "Milli Şura" ideyası məntiqsiz düşüncə ilə təklif edildiyindən, bunun izahını vermək çətindir"

Maraqlı məqamlardan biri də budur ki, funksiyaları eyni təsir bağışlayan, sadəcə adları ilə fərqlənən qurumlar ayrı-ayrılıqda bir-birləri ilə sərt şəkildə mübarizə aparırlar. BQP sədri Fazil Mustafanın fikrincə, ideya kimi irəli sürülmüş, lakin reallaşması mümkünsüz görünən "Milli Şura" da öz xüsusiyyətinə görə "İctimai Palata"dan fərqlənməyəcək: "Milli Şura" ideyası məntiqsiz düşüncə ilə təklif edildiyindən, bunun izahını vermək çətindir. "Milli Şura"da ancaq bir qütbdə olan insanların təmsilçiliyi nəzərdə tutulur. Bu, millətin bütövlüyünə necə xidmət edəcək? Təsəvvür edin, "Milli Şura" yaranırsa və cəmiyyəti əhatə edə bilmirsə, necə fayda verəcək? Bu baxımdan bu məsələnin mahiyyətində ciddi əsaslandırma olmalıdır. Yalnız bundan sonra effekt verə bilər. Lakin mən hər halda uğurlu nəticə gözləmirəm".

Sərdar Cəlaloğlu: "Bu təşkilata "Milli Şura" adının qoyulmasından narahatlıq keçirirəm"

"Uzun illər bir yerdə əməkdaşlıq edən təşkilatların, iki gün əvvəl yaranan "EL" hərəkatının təşəbbüsünə bu şəkildə dəstək verməsi ilk növbədə yanlışdır, sonra isə qəribədir və sual doğurur" deyə bildirən ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, Azərbaycan qanunlarına görə, ictimai təşkilatların siyasi fəaliyyətlə məşğul olması qadağandır: "Digər tərəfdən bir şəxs həm "Ziyalılar Forumu"nun, həm "EL" hərəkatının nümayəndəsi kimi çıxış edir və "Ziyalılar Forumu" adından müxalifəti birləşdirməyə yönələn fəaliyyət göstərir. Həmin şəxs "EL" hərəkatı adından isə tərəf olaraq çıxış edir. Bunun özü də anlaşılmaz və anormal vəziyyətdir".

S.Cəlaloğlu onu da bildirib ki, bu qurumu yaratmaq istəyən şəxslər, hələ yaranmayan təşkilatın adından məsuliyyətsiz bəyanatlarla yadda qalırlar: "Bu, onu göstərir ki, "Milli Şura" legitim ola bilməyəcək. Çünki təşkilatlanma aşağıdan yuxarıya doğru getməlidir. Ümumiyyətlə, yaradılması istənilən bu təşkilata "Milli Şura" adının qoyulmasından da narahatlıq keçirirəm".

Göründüyü kimi, müxalifət düşərgəsinin müxtəlif qanadlarından olan partiya sədrləri də hər hansı "birlik" ideyasının effekt verəcəyinə qəti şəkildə inanmadıqlarını deyirlər. Daha bir fakt da ondan ibarətdir ki, reallaşmayacaq ideyalarla çıxış edərək, özlərinə siyasi dividend qazanmaq istəyən tərəflər həm də xəyanət və xarici dairələrin təlimatlarını həyata keçirilən fərdlər kimi ittiham olunmaqdadırlar. Nəticədə, bir daha bəlli olur ki, dağıdıcı düşərgənin bu kimi çabaları növbəti uğursuzluqla başa çatacaq.

Afət TAHİRQIZI

Digər xəbərlər